Azərbaycanda daha bir dövlət müəssisəsi özəlləşdirilib

Azərbaycanda daha bir dövlət müəssisəsi özəlləşdirilib
# 01 may 2018 11:00 (UTC +04:00)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən may ayının ilk hərracı keçirilib.

Komitədən "APA-Economics"ə verilən məlumata görə, budəfəki özəlləşmə prosesində də investorların aktivliyi müşahidə edilib.

Budəfəki hərracda 1 kiçik dövlət müəssisəsi, 9 qeyri-yaşayış sahəsi, 2 yarımçıq tikili, 4 nəqliyyat vasitəsi özəlləşdirilib. Bakı şəhəri üzrə keçirilən hərraclarda 1 kiçik dövlət müəssisəsi, 5 istifadəsiz qeyri-yaşayış sahəsi və 4 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 4 istifadəsiz qeyri-yaşayış sahəsi və 2 yarımçıq tikili özəlləşdirilib.

Hərracda özəlləşdirilən kiçik dövlət müəssisəsi Bakının Xəzər rayonunda yerləşən 8 saylı mağazadır. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 60 kvadratmetrə yaxındır.

"Bakı şəhəri üzrə özəlləşən qeyri-yaşayış sahəsi Nəsimi, Yasamal və Qaradağ rayonlarında yerləşir. Regionlar üzrə özəlləşən qeyri-yaşayış sahəsi isə Gəncə, Göyçay, Bərdə şəhərlərindədir. Gəncə şəhərində yerləşən, ümumi faydalı sahəsi 70 kvadratmetr olan əmlakdan ofis, xidmət obyekti kimi istifadə etmək olar. Göyçayda yerləşən, ümumi faydalı sahəsi 50 kvadratmetrə yaxın olan obyekt də xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Özəlləşən nəqliyyat vasitələrinin markaları isə müxtəlif olub. Avropa istehsalı olan maşınlar üstünlük təşkil edib. Buraxılış tarixləri isə 2006-2008-ci illərə aiddir", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, dövlət əmlakının özəlləşdirilməsi prosesində indiyədək sənaye, ticarət, nəqliyyat, rabitə və digər xidmət sahələrində 50 minə yaxın kiçik dövlət müəssisə və obyekti xüsusi mülkiyyətə verilib, 1600-ə yaxın orta və iri müəssisə səhmdar cəmiyyətlərinə çevrilib və onların səhmləri özəlləşdirilib.

Qeyd edilməlidir ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac mayın 8-də keçiriləcək. Hərraca investorları cəlb edə biləcək 178 əmlak çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR