Heydər Əliyev Mərkəzində "Heydər Əliyev: şəxsiyyət, missiya, irs" adlı tarixi-sənədli sərgi açılıb

Heydər Əliyev Mərkəzində "Heydər Əliyev: şəxsiyyət, missiya, irs" adlı tarixi-sənədli sərgi açılıb
# 10 may 2018 13:30 (UTC +04:00)

Mayın 10-da Heydər Əliyev Mərkəzində "Heydər Əliyev: şəxsiyyət, missiya, irs" Azərbaycan-Rusiya tarixi-sənədli sərgisinin açılış mərasimi keçirilib.

APA-nın xəbərinə görə, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirib ki, sərgi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilib.

Direktorun sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Rusiya Federasiyası Prezidentinin Administrasiyası və Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan sərgidə ulu öndərin həyat və fəaliyyətini əks etdirən 300-dən çox eksponat – fotolar, sənədlər və videomateriallar nümayiş olunur.

A. Ələkbərov qeyd edib ki, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzi tərəfindən Rusiya ilə Azərbaycan arasında bir çox sahələri əhatə edən layihələr həyata keçirilir: “Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunan bu sərgi isə bizim üçün böyük əhəmiyyət kəsb edir”.

Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov Rusiya Prezidenti Vladimir Putinin tədbir iştirakçılarına müraciətini oxuyub.

Vladimir Putinin müraciətində bildirilib ki, Heydər Əliyev böyük dövlət xadimi, əsl vətənpərvər olub: "Onun siyasi müdrikliyi, uzaqgörənliyi çətin məsələlərin həllində özünü göstərib. Bu, ona həm Azərbaycan, həm də dünyada böyük nüfuz qazandırıb. Heydər Əliyev müstəqil Azərbaycana çox çətin dövrdə rəhbərlik edib, xalqının əsl lideri olub. Heydər Əliyev Rusiya ilə mehriban qonşuluq siyasətini dəstəkləyib".

Azərbaycan prezident İlham Əliyevin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan prezidentinin tədbir iştirakçılarına müraciətini oxuyub.

Prezident İlham Əliyevin müraciətində bildirilib ki, Heydər Əliyev çox çətin dövrdə ölkəyə rəhbərlik edib, Azərbaycanda dayanıqlı inkişafı təmin edib: "Heydər Əliyev Azərbaycan və Rusiya arasında əlaqələrin gücləndirilməsinə xidmət edib. İndiki mərhələdə bu əlaqələr strateji müttəfiqlik xarakteri daşıyır. Müstəqillik illərində bizim dövlətlərin münasibətləri daha da güclənib".

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr müavini İlyas Umaxanov Heydər Əliyevi əfsanəvi siyasətçi adlandırıb.

Qriqori Karasin deyib ki, Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır.

Q. Karasin bildirib ki, Heydər Əliyev müstəqilliyin ilk illərində Azərbaycanı düşdüyü çətin vəziyyətdən çıxarıb: "Bişkek protokolunun imzalanması ilə ölkədə sülh bərqərar oldu, iqtisadiyyat inkişaf etməyə başladı. Heydər Əliyev 15 ildir ki, bizim aramızda yoxdur. Lakin onun ideyaları, siyasəti yaşayır. Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir".

O, Azərbaycan məktəblərində rus dilinin tədris olunmasının əhəmiyyətini də vurğulayıb.

Daha sonra tədbir iştirakçıları sərgini ziyarət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR