Elmar Məmmədyarov NATO baş katibinin xüsusi nümayəndəsi ilə görüşüb

Elmar Məmmədyarov NATO baş katibinin xüsusi nümayəndəsi ilə görüşüb
# 14 may 2018 13:14 (UTC +04:00)

Belçikaya işgüzar səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Apparturay ilə görüşüb.

XİN-dən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və NATO arasında tərəfdaşlığın inkişafından məmnunluq ifadə olunub.


NATO rəsmisi Əfqanıstanda sülhün bərqərar olmasını hədəfləmiş "Qətiyyətli Dəstək Əməliyyatı"na və Əfqanıstan Milli Ordusu Etimad Fonduna texniki və maddi dəstəyinə görə Azərbaycana təşəkkürünü bildirib. Habelə, NATO-nun Müttəfiq Qüvvələrinin Avropada Ali Baş Komandanı və Rusiya Federasiyası baş qərargah rəislərinin Bakıda keçirilmiş görüşləri yüksək qiymətləndirilib.

Görüş əsnasında regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Nazir Elmar Məmmədyarov bildirib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal altında saxlanması və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğu regional sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qalır.

Görüşdə həmçinin, Azərbaycan-NATO münasibətlərinin gələcək perspektivləri, beynəlxalq gündəlikdə duran məsələlər barədə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR