Ötən il qəbul imtahanlarında iştirak edən 22415 nəfər fənlərin ən azı birindən 0 bal toplayıb

Ötən il qəbul imtahanlarında iştirak edən 22415 nəfər fənlərin ən azı birindən 0 bal toplayıb
# 15 may 2018 08:29 (UTC +04:00)

Ötən il I–IV qruplar üzrə qəbul imtahanlarında iştirak edən abituriyentlərin 31.7%-i (22415 nəfər) imtahan verdikləri fənlərin ən azı birindən 0 bal toplayıb.

APA-nın xəbərinə görə, bu, Dövlət İmtahan Mərkəzinin (DİM) “Abituriyent” jurnalının 12-ci nömrəsində əksini tapıb.

Bildirilir ki, 0 bal toplayanların faizi I qrupda xarici dil, riyaziyyat və kimya, II qrupda riyaziyyat və Azərbaycan tarixi fənləri üzrə daha yüksəkdir: “I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak edən abituriyentlərin 31.7%-i imtahan verdikləri fənlərin biri və ya bir neçəsi üzrə test suallarına ya cavab verməyib, yaxud da cavabları təhlil aparmadan təsadüfi qaydada seçib. Təbii ki, belə abituriyentlərin yanlış cavablarının sayı düzgünlərin sayından qat-qat çox olub, nəticədə düzgün cavabların yanlış cavablar nəzərə alınmaqla təshih edilmiş qiyməti sıfırdan kiçik alınıb və qəbul qaydalarına əsasən sıfıra bərabər qəbul olunub. Təəssüf ki, gənclər arasında birtərəfli hazırlıqla ali təhsil müəssisələrinə qəbul olmaq arzusunda olanlar hələ də var. İmtahan fənlərinə qoyulan məhdudiyyət belələrinin müsabiqədə iştirakına imkan vermir. Dövlət İmtahan Mərkəzi imtahan fənlərinə nisbi bal məhdudiyyəti qoymaqla gənclərimizdə bütün imtahan fənlərinə ciddi münasibət formalaşdırmağa çalışır. DİM şagird və abituriyentlərin nəinki imtahan fənlərinə, ümumtəhsil məktəblərində tədris olunan digər fənlərə lazımi diqqət göstərməsinin tərəfdarıdır. Sirr deyil ki, hazırda məktəblərdə yuxarı sinif şagirdlərinin, əsasən, seçdikləri ixtisas qrupuna aid fənlərə üstünlük verməsi, digər fənləri isə, heç olmasa, proqramın minimum tələbləri səviyyəsində öyrənməməsi, məktəb rəhbərlərinin də bu vəziyyətə göz yumması halları mövcuddur. Məktəb rəhbərləri, eləcə də müəllimlər şagirdlərin bütün fənlər üzrə ən azı minimum proqram həcmində bilik almasına nail olmalı, imtahana düşən fənləri yaxşı bildiklərinə görə digər fənləri lazımınca öyrənməmələrinə güzəşt etməməlidirlər”.

Qeyd olunub ki, ümumilikdə, ana dili, ədəbiyyat, biologiya, coğrafiya və tarix fənləri üzrə sıfır bal toplayan abituriyentlərin faizi digər fənlərə nisbətən azdır: “Sıfır bal toplayanlar ən çox Azərbaycan tarixi, fizika, kimya, riyaziyyat və xarici dil fənləri üzrədir. Bu fənlər üzrə abituriyentlərin nəticələrinin aşağı olması və sıfır bal toplayanların sayının çoxluğu bir sıra məktəblərdə həmin fənlərin tədrisinə, eləcə də bu fənlər üzrə qəbula hazırlıq prosesinə laqeyd münasibətin nəticəsidir. İstənilən halda, bunun real səbəbləri aydınlaşdırılmalı və həmin fənlərə münasibətin dəyişdirilməsi üçün tədbirlər görülməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR