Bakı küçələrindən birinə Çingiz Aytmatovun adının verilməsi təklif edilib

Bakı küçələrindən birinə Çingiz Aytmatovun adının verilməsi təklif edilib
# 15 may 2018 16:01 (UTC +04:00)

Azərbaycan Yazıçılar Birliyi və Türkdilli ölkələrin Parlament Assambleyası (TürkPA) tərəfindən Çingiz Aytmatovun 90 illik yubileyinə həsr edilmiş "Çingiz Aytmatovun Dostlarının Görüşü" adlı tədbir keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə TürkPA-nın baş katibi, Türkiyə, Türkmənistan və Qırğızıstanın Azərbaycandakı səfirləri, millət vəkilləri və digər rəsmi şəxslər iştirak edib.

Açılış nitqi ilə çıxış edən TürkPA-nın baş katibi Altınbek Mamayusupov Çingiz Aytmatovun türk dünyasının böyük yazıçısı olmaqla yanaşı, Azərbaycanın dostu olduğunu vurğulayıb. Ç. Aytmatovun Azərbaycana dəfələrlə səfər etdiyini xatırladan A. Mamayusupov deyib ki, 2018-ci il Qırğızıstanda "Çingiz Aytmatov ili" elan edilib və buna əsasən silsilə tədbirlər təşkil olunur.

Yazıçılar Birliyinin sədri Anar çıxışında bildirib ki, Ç. Aytmatov vasitəsilə qırğız xalqını daha yaxından tanımaq, türk tarixinin daha dərininə varmaq mümkün olub. O, yazıçı ilə bağlı xatirələrini bölüşərək təklif edib ki, Bakıda küçələrdən birinə Çingiz Aytmatovun adı verilsin.

Qırğızıstanın müvəqqəti işlər vəkili Bakit Usupov çıxışında əvvəlcə Azərbaycan və qırğız xalqlarının dostluğundan məmnunluğunu ifadə edib və iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində işlər görüldüyünü söyləyib: “Bugünkü tədbirlə yanaşı, Azərbaycanda Çingiz Aytmatova həsr edilmiş başqa tədbirlər keçirilməsi də nəzərdə tutulub”.

Türkiyə səfiri Erkan Özoral da Çingiz Aytmatovun hər zaman böyük bir ədəbiyyatçı olaraq anıldığını deyib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın sözlərinə görə, bütün türk dünyası Çingiz Aytmatovla qürur duyur: “Onun əsərləri mahiyyətinə görə ümumbəşəridir. Bizim təşkilat çox gənc olsa da, Aytmatovun 90 illiyi ilə əlaqədar öz töhfəsini vermək niyyətindədir. Aytmatovun bir neçə kitabını xarici dillərdə nəşr etdirmək istəyirik. Bu ilin sonunda teatrlardan birində Çingiz Aytmatovun əsəri tamaşa qoyulacaq”.

Millət vəkilləri İsa Həbibbəyli, Musa Quliyev, xalq şairi Sabir Rüstəmxanlı və digər qonaqlar da çıxış edərək Çingiz Aytmatov yaradıcılığına yüksək qiymət veriblər.

Tədbirin sonunda prezident İlham Əliyevə müraciət səsləndirilib. Müraciətdə Çingiz Aytmatovun adının əbədiləşdirilməsi məqsədilə Bakı küçələrindən birinə onun adının verilməsi və abidəsinin ucaldılması xahiş edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR