Hakimlər Probasiya xidmətinin elektron monitorinq fəaliyyəti ilə tanış olublar

Hakimlər Probasiya xidmətinin elektron monitorinq fəaliyyəti ilə tanış olublar
# 15 may 2018 23:19 (UTC +04:00)

Bakı şəhəri Apellyasiya Məhkəməsi və paytaxtın rayon məhkəmələri hakimləri Probasiya xidmətinin Elektron monitorinq mərkəzinin fəaliyyəti, elektron qolbağın imkanları ilə yaxından tanış olub, elektron nəzarət vasitəsi tətbiq olunmuş məhkumlarla müvafiq sistem vasitəsilə əlaqə yaradılmaqla, onların üzərində izləmə prosesi və nəzarət qurğuları əyani nümayiş etdirilib.

Ədliyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, hakimlərə məlumat verilib ki, elektron qolbaqlar azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, həmçinin məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum olunmuş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə tətbiq edilir və həmin şəxslərin ayağına bağlanılmaqla onların coğrafi yerdəyişməsinin izlənilməsinə, müvafiq məlumatların monitorinq mərkəzinə ötürülməsinə imkan yaradır. Monitorinq mərkəzi 24 saat ərzində fasiləsiz həmin vasitələrlə aparılan bütün izləmə məlumatları qəbul edir, məhkum edilmiş şəxslərlə operativ əlaqəni təmin edir və ona nəzarəti həyata keçirir.

Tədbirdə elektron qolbaqların praktikada ilkin tətbiqinə, bu zaman meydana çıxan çətinliklərin həllinə dair məsələlər müzakirə edilib, bu sahədə işin səmərəli qurulması, məhkəmələr tərəfindən məhkumlara elektron qolbaq tətbiq olunarkən müvafiq məhdudiyyətlərin müəyyən edilməsi ilə bağlı zəruri izahlar verilib, məhkəmə təcrübəsinin düzgün formalaşdırılması məqsədilə belə tədbirlərin mütəmadi keçirilməsinin vacibliyi vurğulanıb. Hakimlər elektron nəzarət qurğularının Azərbaycan istehsalı olmasını ölkənin uğurlu inkişafının təzahürü kimi dəyərləndiriblər.

Bu tədbirlərin silsilə xarakter daşımaqla digər rayon (şəhər) məhkəmə hakimləri üçün də keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR