Şərurun içməli su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin açılışı olub - YENİLƏNİB

Şərurun içməli su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin açılışı olub - <span style="color: red;">YENİLƏNİB
# 16 may 2018 08:22 (UTC +04:00)

Prezident İlham Əliyev mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində “Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsinin açılışında iştirak edib.

APA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlət başçısına layihə ilə bağlı görülən işlər barədə məlumat verib.

Bildirilib ki, layihə üzrə tikinti işlərinin icrasına 2012-ci ildən başlanılıb. Layihəyə əsasən Şərur şəhərinə, Mahmudkənd kəndinə və Zeyvə kəndinin bir hissəsinə su şəbəkəsi, Şərur şəhərinə kanalizasiya şəbəkəsi çəkilib və ev birləşmələri aparılıb. Layihənin birinci mərhələsi ötən ilin dekabrında başa çatıb. Layihəyə əsasən Arpaçay subölücüsündə gölün dibindən 6 metr dərinlikdə eni 1,3 metr, hündürlüyü 2 metr, uzunluğu 134 metr olan qalereya tikilib. Qalereyanın su sərfi saniyədə 1150 litr təşkil edir. Buradan su anbarlarına qədər diametri 900 millimetr olan plastik boru ilə 1500 metr xətt çəkilib. Xətt üzərində bir ədəd suboşaldıcı inşa olunub. Qalereyadan gələn su dezinfeksiya olunaraq su anbarlarına yığılır və öz axını ilə əhaliyə fasiləsiz ötürülür. Layihə çərçivəsində hər birinin tutumu 10 min kubmetr olan iki ədəd və tutumu 7 min 500 kubmetr olan bir ədəd, cəmi tutumu 27 min 500 kubmetr olan su anbarları tikilib. Su anbarlarından Şərur şəhərinədək diametri 900 millimetrdən 630 millimetrə qədər olan borularla 9,5 kilometr uzunluğunda xəttin tikintisi aparılıb.

Layihə ərazisində diametri 560 millimetrdən 63 millimetrə qədər plastik borularla 59,4 kilometr içməli su xətti çəkilib, 2500 ev su şəbəkəsinə qoşularaq sayğac quraşdırılıb. Su şəbəkəsi üzərində 7 yanğın hidrantı tikilib. Yerin relyefindən asılı olaraq mənzillərə su 2-5 bar arasında təzyiqlə verilir. Şərur şəhərində diametri 400 millimetrdən 200 millimetrə qədər olan borularla 19 kilometrdən çox daxili kanalizasiya şəbəkəsi çəkilib və 1500 ədəd ev kanalizasiya xəttinə qoşulub. Kanalizasiya sularının kənarlaşdırılması üçün diametri 400 millimetdən 600 millimetrə qədər plastik borularla 7,3 kilometr uzunluğunda ana xəttin inşası aparılıb.

Bununla da Şərur şəhərində, Mahmudkənd kəndində və Zeyvə kəndinin bir hissəsində 13 min 500 nəfər Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə davamlı olaraq 24 saat təmin ediləcək.

Sonra dövlət başçısı “Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması” layihəsinin birinci mərhələsinin açılışını bildirən düyməni basıb.

Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. O bildirib ki, Şərur şəhərinin içməli su problemi öz həllini tapıb: “Gözəl, əlamətdar hadisədir. Mənə verilən məlumata görə, bir neçə kənd də indi içməli su ilə təmin olunur. Bu, çox vacib sosial layihədir. Naxçıvanın hər bir şəhərində içməli su-kanalizasiya layihələri icra edilir. Artıq Şərur Naxçıvan, Culfa, Şahbuz şəhərlərindən sonra dördüncü şəhərdir ki, bu məsələ öz həllini tam tapıb. Siz yaxşı bilirsiniz ki, əvvəlki dövrlərdə içməli su məsələsi həmişə çox ciddi problem kimi insanları narahat edirdi. Ancaq bu gün Şərur şəhərinə tam təmiz, Dünya Səhiyyə Təşkilatının standartlarına tam uyğun içməli su verilibdir. Digər şəhərlərdə layihələr icra edilir və icra ediləcək. Yaxın gələcəkdə Naxçıvanın bütün şəhərlərinin içməli su-kanalizasiya layihələri tam başa çatacaq. Bu, ölkəmizin gücünü, qüdrətini, bizim sosial siyasətimizi göstərir. Həmişə demişəm, bu gün də demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Onun problemlərinin, qayğılarının, bütün sosial məsələlərin həlli üçün bizdə çox güclü iradə, imkanlar var və görülən işlər bizim siyasətimizi əks etdirir”.

Prezident qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında sosial sahənin inkişafı üçün çox böyük işlər görülübdür, xəstəxanalar, məktəblər tikilib, içməli su və digər infrastruktur layihələri icra edilir: “Əlbəttə ki, bu məsələlər insanların rahat yaşaması üçün əsas şərtdir. İçməli su insan sağlamlığı üçün əsas məsələdir və biz bu məsələni ölkə üzrə hər bir yerdə həll edirik. Azərbaycanın hər bir yerində içməli su-kanalizasiya layihələri icra edilir və qarşıya vəzifə qoyulubdur ki, bütün şəhərlərin su şəbəkəsi, kanalizasiya xətləri yenidən qurulsun. İşlərin böyük əksəriyyəti demək olar ki, öz həllini tapıbdır. O cümlədən Naxçıvan Muxtar Respublikasında da bu işlərə böyük diqqət göstərilir və beləliklə, bu önəmli sosial məsələ öz həllini tapmış olur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR