Ekspert: “Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ciddi rolu yoxdur”

Ekspert: “Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ciddi rolu yoxdur”
# 16 may 2018 08:42 (UTC +04:00)

“Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ciddi rolu yoxdur”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Brüsseldəki Avropa Siyasəti Mərkəzinin aparıcı eksperti Amanda Paul Tbilisidə keçirilən V Cənubi Qafqaz Təhlükəsizlik Forumunda çıxışında deyib. O bildirib ki, Aİ münaqişənin həllinə yalnız dəstək verə bilir: “Bu, birliyin mandatı çərçivəsində baş verir. Avropa İttifaqının Minsk Qrupunda təmsil olunması mümkün deyil. Lakin ittifaqın xüsusi nümayəndəsi Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Minsk Qrupunun fəaliyyətinə daha güclü dəstək verməlidir”.


Aİ-nin “Şərq tərəfdaşlığı” təşəbbüsünə toxunan A. Paul qeyd edib ki, tərəfdaş ölkələr arasında strateji dialoq çox vacibdir və genişlənməlidir: “Təşəbbüsə üzv ölkələr çoxtərəfli və ikitərəfli münasibətləri daha da inkişaf etdirməlidir. Eyni zamanda, “Şərq tərəfdaşlığı” ölkələri Avropa İttifaqı ilə bölüşmək üçün böyük təcrübəyə malikdir”.

Qeyd edək ki, iki günlük forumda Cənubi Qafqaz regionunda gedən proseslər, münaqişələr və onların həlli yolları müzakirə olunur. Forumda Avropa İttifaqı, NATO-nun təhlükəsizlik və müdafiə üzrə siyasəti, Qara dəniz bölgəsində təhlükəsizlik, “Şərq tərəfdaşlığı” ölkələrinin gələcəyi və digər mövzular ətrafında diskussiyalar təşkil olunacaq. Forumda Azərbaycan, ABŞ, Avropa, İran, Ermənistan, Rusiya və digər ölkələri təmsil edən aparıcı ekspertlər, diplomatik korpusun nümayəndələri iştirak edir. Tədbirdə Azərbaycanı ADA Universiteti İctimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı Elnur Soltanov, ADA-nın dosenti, professor Anar Vəliyev və beynəlxalq məsələlər üzrə ekspert Əhməd Əlili təmsil edir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR