Bakıda yeni kompüterləşdirilmiş tranzit sistemi mövzusunda seminar keçirilib
APA Azeri Press Agency

Bakıda yeni kompüterləşdirilmiş tranzit sistemi mövzusunda seminar keçirilib

[ 16 May 2018 16:27 ] | Aqşin Rafiqoğlu

Bu gün Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "Ümumi Tranzit Proseduru və Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi (NCTS) haqqında məlumatlandırma" mövzusunda seminar başlayıb.

 

Dövlət Gömrük Komitəsindən (DGK) “APA-Economics”ə verilən məlumata görə, seminar DGK-nın əməkdaşları üçün nəzərdə tutulub.

 

Tədbirin açılış mərasimində DGK Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini, gömrük xidməti polkovniki Səməd Qaralov Azərbaycanın tranzit potensialının artırılması istiqamətində prezident İlham Əliyevin həyata keçirdiyi siyasət barədə məlumat verib. Bildirilib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Şimal-Cənub nəqliyyat dəhlizi kimi layihələr ölkənin beynəlxalq ticarətdəki rolunu artırmaqla yanaşı, Şimal-Cənub, Şərq-Qərb və əks istiqamətlərdə yüklərin asan və sürətli şəkildə daşınmasına münbit şərait yaradacaq.

 

S. Qaralov Azərbaycanın Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə üzvlüyü ilə bağlı görülən işlərdən və bu sistemin ölkənin tranzit potensialının artırılması sahəsində əhəmiyyətindən də bəhs edib.

 

Ekspertlər adından Slovakiya Maliyyə Direktorluğunun gömrük bölməsinin direktor müavini Marian Çodak Azərbaycan gömrük xidməti ilə əməkdaşlıqdan məmnunluq duyduqlarını bildirib və seminarın gömrük nəzarəti və beynəlxalq ticarətin səmərəli həyata keçirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

 

Seminar zamanı ekspertlər M. Çodak, Miroslav Bujna və Aivaras Piqaqa "Çıxış və təyinat gömrük orqanlarında həyata keçirilən sadələşdirilmiş prosedurlar" , "Araşdırma/Borcun ödənilməsi proseduru", "Gömrük təminatı", "NCTS-də informasiya texnologiyaları məsələləri", "Tranzit üçün Avtomatlaşdırılmış Zəmanət İdarəetmə Sistemi" və digər mövzularda iştirakçıları məlumatlandıracaq.

 

Seminar bu gün başa çatacaq.