Hava limanlarında AZAL-ın Nyu-York-Bakı reysi ilə səfər edən ABŞ vətəndaşlarına “ASAN Viza” veriləcək

Hava limanlarında AZAL-ın Nyu-York-Bakı reysi ilə səfər edən ABŞ vətəndaşlarına “ASAN Viza” veriləcək
# 16 may 2018 15:54 (UTC +04:00)

Hava limanlarında yalnız AZAL-ın Nyu-York-Bakı reysi ilə səfər edən ABŞ vətəndaşlarına “ASAN Viza” veriləcək.

APA-nın xəbərinə görə, Azərbaycana xüsusi dəvətnamə əsasında, habelə beynəlxalq tədbirlərdə iştirak üçün gələn əcnəbilər də hava limanlarında “ASAN Viza” sistemindən faydalana biləcəklər.

Qeyd edək ki, “ASAN Viza” özünəxidmət terminalları vasitəsi ilə Heydər Əliyev Beynəlxalq Hava Limanında əcnəbilərə vizaların verilməsinə başlanılıb.

“ASAN Viza” vasitəsi ilə hava limanında 15 ölkə - Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malayziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşları üçün birbaşa vizalar verilir.

Quraşdırılmış "ASAN Viza" özünəxidmət terminalları xüsusi təyinatlı ümümvətəndaş pasportu oxuyucuları, elektron ödəmələr üçün post terminallar və nağd ödəmələr üçün əsginas qəbuledicilərlə təmin olunub.

"ASAN Viza" portalı və özünəxidmət terminalları Azərbaycan, ingilis, fransız, ispan, ərəb, fars və rus dilində olmaqla - 7 dildə fəaliyyət göstərir.

Özünəxidmət terminalları ilə yanaşı 4 pəncərədə viza verilməsi və bank xidmətləri də həyata keçiriləcək ki, bu da ölkəyə gələn əcnəbilərə vizaların verilməsində əlavə köməklik göstərəcək.

Orta hesabla bir əcnəbi vətəndaş üçün vizanın verilməsi 2 dəqiqə ərzində təmin olunacaq.

Hazırda "ASAN Viza" portalı vasitəsi ilə 95 ölkəyə elektron viza verilməsi təmin edilir. Bütün sistem tam avtomatlaşdırılıb və mövcud elektron viza sistemi vasitəsi ilə ölkəyə gəlməzdən əvvəl 3 gün (standart) və 3 saat (təcili) ərzində vizaların verilməsi www.eviza.gov.az saytı vasitəsi ilə həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR