Azərbaycan ərazisi üzərindən hər il 90 mindən çox tranzit uçuşlar yerinə yetirilir
APA Azeri Press Agency

Azərbaycan ərazisi üzərindən hər il 90 mindən çox tranzit uçuşlar yerinə yetirilir

[ 16 May 2018 17:58 ] | Vüsal Nəbiyev

Avropa Regionu Hava Məkanının İdarəetmə Mərkəzinin (Network Manager Operations Centre - NMOC) direktoru Co Sultananın başçılıq etdiyi nümayəndə heyəti bu gün Bakıya işgüzar səfər edib.

 

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, səfər çərçivəsində qonaqlar "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi və bu yaxınlarda “Skytrax” audit şirkəti tərəfindən ən yüksək "5 ulduz" reytinqinə layiq görülən Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) də daxil olmaqla Azərbaycanın mülki aviasiya obyektləri ilə tanış olub.

 

Hava hərəkəti axınlarının planlaşdırılması zamanı əsas əlaqələndirici qovşaq olan Azərbaycan Hava Məkanından İstifadə üzrə Səmərəlilik Mərkəzi (ASEC) NMOC-un rəhbərliyinin böyük marağına səbəb olub. Bu mərkəz sayəsində Azərbaycan hava axınlarının planlaşdırılmasında “Eurocontrol”-un strateji tərəfdaşı rolunu oynayır.

 

“Azərbaycan Hava Yolları”nın prezidenti Cahangir Əsgərov və NMOC-un direktoru Co Sultananın görüşü keçirilib. Cahangir Əsgərovun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu ardıcıl siyasət nəticəsində, son onillikdə Azərbaycanın tranzit dövlət kimi rolu xeyli artıb: "Bu inkişaf Azərbaycanın hava məkanından istifadə edən hava gəmilərinin tranzit axınlarında da müşahidə olunur".

 

Görüşdə qeyd olunub ki, hazırda Azərbaycanın mülki aviasiyası aeronaviqasiya təminatı sahəsi də daxil olmaqla ən qabaqcıl avadanlıqlardan istifadə edir. Hər il Azərbaycan Respublikasının ərazisi üzərindən 90 mindən çox tranzit uçuşlar yerinə yetirilir.

 

Öz növbəsində, Co Sultana Azərbaycanın mülki aviasiyasının qazandığı uğurları yüksək qiymətləndirmişdir. O qeyd edib ki, strateji mövqeyi və aeronaviqasiya təminatı səviyyəsi Azərbaycanı Avropanın hava axınlarının planlaşdırılması təşkilatı üçün cəlbedici edir və bu, yaxın illərdə Avropa və Asiya arasında tranzit reyslərin sayını artırmağa imkan verəcək.

 

Qeyd edək ki, Avropa Komissiyasının qətnaməsinə uyğun olaraq, NMOC-a hava məkanının təşkili,  Avropa hava limanlarında slotların koordinasiyası və “Eurocontrol”a tabe olan 41 Avropa dövlətinin, həmçinin Mərakeş və Azərbaycan ərazisi üzərində hava hərəkəti axınlarının idarəedilməsi səlahiyyətləri verilib. NMOC sutkada 27 mindən çox və ildə isə 1 milyondan çox uçuş planlaşdırır və nəzarət edir.