Tacikistanda Cümhuriyyətin 100 illiyi ilə əlaqədar rəsmi qəbul keçirilib

Tacikistanda Cümhuriyyətin 100 illiyi ilə əlaqədar rəsmi qəbul keçirilib
# 17 may 2018 09:01 (UTC +04:00)

Azərbaycanın Tacikistandakı səfirliyi tərəfindən 28 May – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Düşənbədə rəsmi qəbul keçirilib.

Səfirlikdən APA-ya verilən xəbərə görə, mərasimdə Tacikistanın dövlət rəsmiləri, deputatlar, görkəmli ziyalılar, ölkə ictimaiyyətinin tanınmış simaları, diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, jurnalistlər, bu ölkədə yaşayan və işləyən Azərbaycanlılar iştirak edib.

Tədbirdə iştirak edən səfir Həsən Məmmədzadə çıxışında 23 ay mövcud olmuş şərqin ilk demokratik parlamentli respublikası olan Azərbaycan Demokratik Respublikasının yaranması və əhəmiyyəti barədə geniş söhbət açaraq, qısa müddət ərzində bütün dövlət atributlarının yaradıldığı, şərqdə ilk dəfə olaraq parlamentli respublikanı qurulduğu, operanın təsis edildiyi, qızlar məktəbinin açıldığı, bir çox Avropa ölkələrindən də əvvəl qadınlara seçki hüququnun verildiyi, qonşu dövlətlərlə və Avropa ölkələri ilə diplomatik əlaqələrin qurulduğu barədə məlumat verib.

Səfir şərqin ilk demokratik respublikasının bu ərazilərin 28 aprel 1920-ci ildə 11-ci Qızıl Ordu tərəfindən işğal olunmasından sonra süqutu uğradığını təəssüflə qeyd edib.

H. Məmmədzadə 1991-ci ildə yenidən müstəqillik əldə edən respublikamızın ilk illərdə müharibə və xaosla üzləşməsi, nəticədə 20 % torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması, 1 milyondan artıq qaçqın və məcburi köçkünün yaranması barədə tədbir iştirakçılarına məlumat verərək, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın istəyi və tələbi ilə hakimiyyətə qayıdışı nəticəsində müstəqil, suveren Azərbaycanın dinamik inkişafının əsasının qoyulduğunu vurğulayıb.

Heydər Əliyevin əsasını qoyduğu siyasətin bu gün də prezident İlham Əliyev tərəfindən böyük müdriklik, qətiyyət və cəsarətlə həyata keçirildiyi qeyd olunan tədbirdə bildirilib ki, bu siyasətin nəticəsi olaraq, Azərbaycan bu gün Qafqazın ən qüdrətli dövlətinə, həmçinin dünya miqyasında sözü və mövqeyi olan dövlətə çevrilib.

Səfir Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirlər barədə geniş məlumat vermiş, ölkədə hər il müxtəlif beynəlxalq idman oyunları, humanitar forumlar, musiqi festivalları və digər iri miqyaslı tədbirlərin keçirildiyini qeyd edib.

Tacikistanın xarici işlər naziri Sirocadin Aslov çıxış edərək Azərbaycan xalqını Tacikistan hökuməti adından “Respublika günü” və ADR-in yaranmasının 100 illiyi münasibətilə təbrik etmiş, Azərbaycan xalqına və dövlətinə daha böyük uğurlar arzulayıb.

Nazir Tacikistan-Azərbaycan münasibətlərindən məmnunluğunu ifadə edərək, bundan sonra da müxtəlif sahələrdə ikitərəfli münasibətləri genişləndirmək üçün geniş imkanların olduğunu bildirib.

Qəbul zamanı Azərbaycan Xalq Cümhuriyyətinin tarixi dövrlərini əks etdirən foto-sərgi, Azərbaycan mədəniyyətini, tarixi abidələrini, milli mətbəxini, Bakı şəhərinin və regionların bugünkü gözəl mənzərələrini əks etdirən video görüntülər nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR