ETSN Bakıda fəaliyyət göstərən xarici şirkəti məhkəməyə verib

ETSN Bakıda fəaliyyət göstərən xarici şirkəti məhkəməyə verib
# 17 may 2018 14:35 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən Bakı şəhərində reyd keçirilib.

ETSN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, reyd zamanı Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi 25 ünvanında fəaliyyət göstərən Tan İnşaat Taahhüt Sənaye və Ticarət Anonim Şirkətinin boya sexində istifadə olunan kimyəvi maddələrin iy-qoxusunun ətrafa yayıldığı müşahidə olunub.

Nazirliyin mütəxəssisləri tərəfindən sözügedən ərazinin atmosfer havasından nümunələr götürülərək fiziki-kimyəvi analizlər aparılıb və nümunələrdə zərərli maddələrin miqdarının dəfələrlə çox olduğu müəyyən edilib.

Faktla bağlı protokol tərtib olunub və şirkət barəsində hüquqi şəxs qismində İnzibati Xətalar Məcəlləsinə əsasən 10 000 manatdan 12500 manat məbləğinədək cərimə qərarı qəbul edilməsi üçün toplanmış sənədlər Xətai Rayon Məhkəməsinə göndərilib.

Atmosfer havasının çirklənməsinin qarşısının alınması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün şirkətə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR