Azərbaycanda ABŞ şirkətlərinin hesablarının müəyyən edilməsi ilə bağlı prosedurlar məlum olub

Azərbaycanda ABŞ şirkətlərinin hesablarının müəyyən edilməsi ilə bağlı prosedurlar məlum olub
# 17 may 2018 16:05 (UTC +04:00)

Azərbaycanda Amerika Birləşmiş Ştatlarının hüquqi və fiziki şəxslərinə məxsus və barəsində hesabat verilməli hesabların müəyyən edilməsi ilə bağlı hərtərəfli yoxlama prosedurları açıqlanıb.

APA-nın məlumatına görə, bu, vergilər nazirinin təsdiq etdiyi “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların müəyyən edilməsi ilə bağlı hərtərəfli yoxlama prosedurlarının həyata keçirilməsi Qaydaları”nda əksini tapıb.

Qaydalara əsasən yoxlanılması, müəyyən edilməsi və barəsində hesabat verilməsi tələb edilən fiziki şəxslərin əvvəlcədən mövcud olan hesablarının aşağıdakı növləri var:

- aşağı dəyərli hesablar – 30 iyun 2014-cü il tarixinə qalığı və ya dəyəri 50 000 ABŞ dollarını (həyatın yığım sığortası müqaviləsi üzrə isə nağd pul dəyəri 250 000 ABŞ dollarını) keçən, lakin 1 000 000 ABŞ dollarını keçməyən əvvəlcədən mövcud olan hesablar;

- yüksək dəyərli hesablar – 30 iyun 2014-cü il tarixinə və ya hər hansı növbəti təqvim ilinin 31 dekabr tarixinə qalığı və ya dəyəri 1 000 000 ABŞ dollarını keçən əvvəlcədən mövcud olan hesablar.

Fiziki şəxslərin aşağı dəyərli hesabları üzrə hərtərəfli yoxlama prosedurlarına gəlincə, hesabat verən maliyyə institutu fiziki şəxslərin aşağı dəyərli hesabları üzrə barəsində hesabat verilməli hesabların müəyyənləşdirilməsi məqsədilə aşağıdakı əlamətlər nəzərə alınmaqla elektron məlumat bazasında olan məlumatlar əsasında axtarış (elektron axtarış) aparmalıdır:

- hesab sahibinin ABŞ vətəndaşı və ya rezidentliliyinin identifikasiyası;

- hesab sahibinin ABŞ-da anadan olmasına dair dəqiq göstərici;

- ABŞ-da cari poçt və ya yaşayış ünvanı;

- ABŞ-a aid telefon nömrəsi;

- ABŞ-da olan hesaba vəsaitin köçürülməsinə dair verilmiş uzunmüddətli ödəniş tapşırıqları;

- ABŞ-da ünvanı olan şəxsə hesab ilə əlaqədar verilmiş qüvvədə olan etibarnamə və ya imza hüququ;

- hesabat verən maliyyə institutunun elektron məlumat bazasında hesab sahibinə məxsus yeganə ünvanın “saxlanılmış poçt” və ya “nümayəndə” ünvanı.

Əvvəlcədən mövcud aşağı dəyərli hesabı olan fiziki şəxslərdə ABŞ-dan kənarda yerləşən istənilən “saxlanılmış poçt” və ya “nümayəndə” ünvanı ABŞ əlaməti hesab olunmur. Hesabat verən maliyyə institutu elektron axtarış zamanı aşağı dəyərli hesabı olan fiziki şəxslərdə bu Qaydalarda göstərilən ABŞ əlamətlərindən heç birini aşkar etməzsə, aşağıdakı hallardan biri baş verməyənə qədər hesabat verən maliyyə institutu tərəfindən hesabla bağlı bu Qaydalara uyğun olaraq hər hansı tədbirin görülməsi tələb olunmur:

- hesabla əlaqəli bu Qaydalarda göstərilən ABŞ əlamətlərindən biri və ya bir neçəsinin sonradan meydana çıxması;

- hesabın sonradan yüksək dəyərli hesaba çevrilməsi.

Aşağıdakı fiziki şəxslərin yeni hesablarının ABŞ-ın hesabat verilməli hesabları kimi yoxlanılması, müəyyən edilməsi və ya barəsində hesabat verilməsi tələb edilmir:

- təqvim ilinin və ya digər müvafiq hesabat dövrünün sonunda hesabın qalığı 50 000 ABŞ dollarını keçməyən bank hesabları;

- təqvim ilinin və ya digər müvafiq hesabat dövrünün sonunda pul dəyəri 50 000 ABŞ dollarını keçməyən həyatın yığım sığortası müqavilələri.

30 iyun 2014-cü il tarixinə qalığı və ya dəyəri 250 000 ABŞ dollarını keçməyən hüquqi şəxslərin əvvəlcədən mövcud olan hesablarının qalığı və ya dəyəri 1 000 000 ABŞ dollarını keçməyənədək həmin hesabın ABŞ-ın hesabat verilməli hesabı kimi yoxlanılması, müəyyən edilməsi və barəsində hesabat verilməsi tələb edilmir. Yoxlanılması tələb edilən hüquqi şəxslərin əvvəlcədən mövcud olan hesabları aşağıdakılardır:

- 30 iyun 2014-cü il tarixinə qalığı və ya dəyəri 250 000 ABŞ dollarını keçən hesablar;

- 30 iyun 2014-cü il tarixinə qalığı və ya dəyəri 250 000 ABŞ dollarını keçməyən, lakin hər hansı növbəti təqvim ilinin son gününə qalığı və ya dəyəri 1 000 000 ABŞ dollarını keçən hesablar.

Bu hesablardan yalnız aşağıdakı şəxslərə məxsus olan hesablara ABŞ-ın hesabat verilməli hesablar kimi yanaşmalıdır:

- müəyyən olunmuş ABŞ şəxsi olan bir və ya bir neçə hüquqi şəxsə;

- passiv NFFE-yə (passiv NFFE-nin nəzarət edən şəxslərindən biri və ya bir neçəsi ABŞ vətəndaşı və ya rezidenti olduğu hallarda).

Əvvəlcədən mövcud olan hesabı olan hüquqi şəxsin müəyyən olunmuş ABŞ şəxsi, nəzarət edən şəxslərindən biri və ya bir neçəsi ABŞ vətəndaşı və ya rezidenti olan passiv NFFE olmasını müəyyən etmək üçün hesabat verən maliyyə institutu tərəfindən hərtərəfli yoxlama prosedurları həyata keçirilməlidir. Hərtərəfli yoxlama zamanı hüquqi şəxsin ABŞ-da qeydiyyata alındığı (təşkil edildiyi) və ya ünvanının ABŞ-da olması, ABŞ-da qeydiyyata alınmış və ya ünvanı ABŞ-da olan hüquqi şəxsin filialı və ya nümayəndəliyi olması müəyyən edildikdə, həmin hüquqi şəxs (filial və ya nümayəndəlik) ABŞ şəxsi kimi qəbul olunmalıdır. Bu halda hesabat verən maliyyə institutu hesab sahibindən hesab sahibinin müəyyən olunmuş ABŞ şəxsi olmadığını təsdiq edən özünüqiymətləndirmə sənədi (W formaları və ya digər analoji sənəd) əldə etməyənə və ya mənbəyi bəlli məlumatlara əsasən hesab sahibinin müəyyən olunmuş ABŞ şəxsi olmadığını müəyyənləşdirməyənə qədər hesaba ABŞ-ın hesabat verilməli hesabı kimi yanaşmalıdır. Hesabat verən maliyyə institutu ABŞ-ın Daxili Gəlirlər Xidmətinin maliyyə institutları barədə dərc edilən siyahısında olan GIIN-lər və mənbəyi bəlli digər məlumatlar əsasında əvvəlcədən mövcud hesabı olan maliyyə institutunun Azərbaycan Respublikasının və ya digər dövlətin maliyyə institutu olduğunu müəyyən edə bilər. Bu halda, hesabla bağlı heç bir əlavə yoxlama, müəyyən etmə və ya hesabat vermə tədbirinin görülməsi tələb olunmur.

Əvvəlcədən mövcud olan hüquqi şəxs hesabları ilə bağlı əlavə prosedurlara gəlincə, 30 iyun 2016-ci il tarixi bu Qaydalarda göstərilən hesabların yoxlanılması prosedurlarının başa çatma tarixidir. 30 iyun 2014-cü il tarixinə qalığı və ya dəyəri 250 000 ABŞ dollarını keçməyən, lakin hər hansı növbəti təqvim ilinin 31 dekabr tarixinə 1 000 000 ABŞ dollarını keçən əvvəlcədən mövcud hesabların yoxlama prosedurları həmin hesabın qalıq və ya dəyərinin 1 000 000 ABŞ dollarını keçdiyi təqvim ilinin sonuncu günündən 6 ay ərzində başa çatdırılmalıdır. Əvvəlcədən mövcud olan hesablarla bağlı olan sənədlərin, o cümlədən özünüqiymətləndirmə sənədlərinin düzgün olmasına dair əsaslı şübhələr olarsa, hesabat verən maliyyə institutu hesab sahibinin statusunu yenidən müəyyən etmək üçün bu Qaydalarda qeyd olunan hərtərəfli yoxlama prosedurlarını həyata keçirməlidir. Hüquqi şəxslərin kredit kart hesabı və ya revolver kredit hesab olunan yeni hesablarının yoxlanılması, müəyyən edilməsi və barəsində hesabat verilməsi tələb edilmir, bu şərtlə ki, həmin hesabı açan hesabat verən maliyyə institutu hesab sahibinə məxsus hesabın qalığının 50 000 ABŞ dollarını keçməsini qadağan edən siyasət və prosedurlar tətbiq etsin. Hesabat verən maliyyə institutu hüquqi şəxslərin yeni hesabları ilə bağlı olaraq aşağıdakıları müəyyən etməlidir:

- hesab sahibinin müəyyən olunmuş ABŞ şəxsi olmasını;

- hesab sahibinin Azərbaycan Respublikasının və ya digər Tərəfdaş Yurisdiksiyanın maliyyə institutu olmasını;

- hesab sahibinin iştirakçı maliyyə institutu, əməl edən hesab olunan maliyyə institutu və ya imtiyazlı benefisiar olmasını;

- hesab sahibinin aktiv NFFE və ya passiv NFFE olmasını.

Hesabat verən maliyyə institutu hesab sahibinin aktiv NFFE, Azərbaycan Respublikasının və ya digər Tərəfdaş Yurisdiksiyanın maliyyə institutu olmasını hesab sahibinin GIIN-i və mənbəyi bəlli və ya hesabat verən maliyyə institutunda olan məlumatlar əsasında müəyyən edə bilər. Hesab açmaq üçün müraciət etmiş hüquqi şəxsin statusu bu Qaydalarda nəzərdə tutulan qaydada müəyyən edilə bilməzsə, hesabat verən maliyyə institutu tərəfindən həmin hüquqi şəxsdən özünüqiymətləndirmə sənədinin doldurulması tələb edilməlidir. Özünüqiymətləndirmə sənədinə əsasən hüquqi şəxsin ABŞ şəxsi olduğu müəyyən edilərsə, hesaba ABŞ-ın hesabat verilməli hesabı kimi yanaşılmalı və hesabın sahibi olan hüquqi şəxsdən W-9 formasının doldurulması tələb edilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR