Azərbaycanlı modelyerin “Xalçaların dili” kolleksiyası Qazaxıstanda təqdim olunub

Azərbaycanlı modelyerin “Xalçaların dili” kolleksiyası Qazaxıstanda təqdim olunub
# 19 may 2018 14:02 (UTC +04:00)

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova Qazaxıstanın Şımkənd şəhərində keçirilmiş “ASPARA FASHION WEEK” moda həftəsinin münsiflər heyətində təmsil olunub.

APA-nın məlumatına görə, beynəlxalq dəb festivalı müxtəlif ölkələrdən tanınmış modelyerləri və gənc dizaynerləri bir araya gətirib. Münsiflər heyətinin qərarına əsasən, 13 iştirakçı arasında ən yaxşı Qazaxıstanın Taraz şəhərini təmsil edən Saya Saukimbekova olub.

Münsiflər heyətinin tərkibində “Asian Fashion Week Europe”nın direktoru Aydın Açik (Niderland), “Asian Designer Week”nin prezidenti Delfi Robi Ravat (Hindistan), ABŞ-ın “Fashion News Live Network” telekanalının direktoru Rokko Leo Qalioti, Çinin Geyim və tekstil istehsalçıları assosiasiyasının prezidenti Canq Yonq Çenq və başqaları da olublar.

“ASPARA FASHION WEEK” çərçivəsində dünyanın 22 ölkəsindən olan 24 dizayner özlərinin 2018-2019 payız-qış kolleksiyalarını təqdim ediblər. Onların arasında Gülnarə Xəlilovanın “Xalçaların dili” kolleksiyası da olub.

Moda həftəsi Qazaxıstanın dəb sənayesində ən irimiqyaslı tədbirdir. Qonaqlar və iştirakçılar arasında ABŞ, Hollandiya, İtaliya, Fransa, Polşa, Böyük Britaniya, Hindistan, Çin, Bolqarıstan, Azərbaycan, Rusiya, Qırğızıstan, Özbəkistan, Türkiyə, Tatarıstan, Ukrayna, Almaniya, Serbiya, Macarıstan və Qazaxıstan nümayəndələri var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR