“Azərbaycan Xalq Cümhuriyyəti-100 il: dövlət-din münasibətləri” mövzusunda konfrans keçirilib

“Azərbaycan Xalq Cümhuriyyəti-100 il: dövlət-din münasibətləri” mövzusunda  konfrans keçirilib
# 24 may 2018 09:42 (UTC +04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti – 100 il: dövlət-din münasibətləri” mövzusunda konfrans keçirilib.

APA-nın məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycan xalqının milli ideologiyası onun tarixən keçdiyi yolu, tarixi adət-ənənələri, sahibləndiyi milli-mənəvi dəyərləri barədə dolğun təsəvvür yaradır: “Xüsusən XIX əsrin sonlarında baş verən ictimai-siyasi hadisələr, maarifçilik hərəkatının genişlənməsi, cəhalət və mövhumata qarşı mübarizə məqsədilə atılan addımlar milli ideologiyamızın zənginləşməsinə mühüm töhfə olub”.

Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov çıxışında qeyd edib ki, Xalq Cümhuriyyəti Azərbaycan xalqının ən ağrılı, ən mürəkkəb, eyni zamanda ən şərəfli dövrlərindən biridir: "Xalq Cümhuriyyəti 23 ay yaşasa da, həmin dövrdə çox böyük işlər görülüb. Sovet dövründə Xalq Cümhuriyyəti ilə bağlı məsələlər araşdırılmadı, öyrənilmədi, bunun müxtəlif səbəbləri vardı. Ancaq Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Xalq Cümhuriyyətinin tarixinin öyrənilməsi istiqamətində çox böyük addımlar atılıb. Xüsusilə 1998-ci ildə Xalq Cümhuriyyətinin 80 illik yubileyinin keçirilməsi barədə qərar, yazılan əsərlər Cümhuriyyətin tarixinin öyrənilməsində mühüm rol oynayıb. Sonrakı dövrdə isə prezident İlham Əliyev tərəfindən bu siyasət davam etdirilib. 2017-ci ildə may ayının 26-da Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncamın imzalanması, 2018-ci il yanvarın 10-da 2018-ci ilin Xalq Cümhuriyyəti ilə elan edilməsi barədə sərəncam böyük əhəmiyyət kəsb edir. Bu sərəncamla bağlı tədbirlər planı hazırlanıb, xaricdə və ölkəmizdə silsilə tədbirlər keçirilir".

Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov, Roma Katolik kilsəsinin Azərbaycandakı apostol prefekturasının yepiskopu Vladimir Fekete, Avropa yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili və Rus-Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Konstantin Pominov çıxış ediblər.

Konfransda DQİDK tərəfindən nəşr edilən “Azərbaycan Xalq Cümhuriyyəti: dövlət-din münasibətləri” adlı kitab təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR