Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
# 24 may 2018 15:23 (UTC +04:00)

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.

Şuradan APA-ya verilən məlumata görə, iclasda ilk olaraq Beyləqan rayon sakini Yaşar Səfərovun “Tendensya.com” və “Milliyol.az ” saytlarına qarşı şikayəti araşdırılıb.

Şikayətçi tərəf bildirib ki, artıq hər iki saytın təmsilçiləri onunla əlaqə saxlayıblar və problemin aradan qaldırılması üçün razılıq əldə olunub. Şikayətçi müraciətini geri götürüb.


“A Servise Group” MMC-nin direktoru Aysel Rəhimovanın “Şərq” qəzetinə qarşı şikayətini araşdıran komissiya üzvləri müəyyən ediblər ki, qəzet bəlli şirkət barədə material hazırlayarkən, etik kodeksin standartlarını gözləyib, balans prinsipinə əməl edib, şirkət təmsilçilərinin mövqeyini də dərc edib. Bu baxımdan şikayət ərizəsində qaldırılan iddia əsassız sayılıb.

Bakı şəhər sakini Xaliq Abbasovun “Qafqaz” Xəbər Agentliyinə qarşı şikayətinin paralel olaraq məhkəmə müstəvisində də araşdırıldığı müəyyənləşib. Buna görə də komissiya məsələyə baxmayıb.

Ağstafa rayon rayon sakini Quliyeva Şəlalə Fuaddin qızının “Həqiqət güzgüsü” qəzetinə qarşı müraciətini araşdıran komissiya üzvləri bildiriblər ki, Şura bu quruma daha əvvəllər ünvanlanmış şikayətlərdəki haqlı motivləri əsas tutaraq “Həqiqət güzgüsü” qəzetinin adını özünün “qara siyahı”sına daxil edib. Bununla əlaqədar şikayətçi tərəfə ətraflı məlumat və tövsiyələr verilib.

“Haakan foods” şirkətinin prezidenti Yavuz Həsənovun “azeuronews.com” portalı ilə bağlı müraciətini araşdıran komissiya rəyə gəlib ki, bəlli yazıda etik kodeksin bütün prinsipləri ciddi şəkildə pozulub. Bu baxımdan məsələnin geniş şəkildə araşdırılması “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına həvalə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR