Əbülfəs Qarayev Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının prezidenti ilə görüşüb

Əbülfəs Qarayev Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının prezidenti ilə görüşüb
# 30 may 2018 15:03 (UTC +04:00)

Mədəniyyət naziri Əbülfəs Qarayev Şabran rayonundakı “Qalaaltı” kurortunda Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası (EHTTA) Baş Assambleyasının prezidenti Giuseppe Bellandi ilə görüşüb.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, nazir bildirib ki, son illər həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda müxtəlif turizm növləri inkişaf etdirilib: “Qədim mədəniyyətə və tarixə sahib olan ölkəmiz mədəni irs nümunələri ilə də olduqca zəngindir. Bu baxımdan mədəni turizmin inkişafı üçün də böyük potensialımız var. Bu turizm növünü inkişaf etdirmək üçün bir sıra yerli və beynəlxalq turizm marşrutları fəaliyyət göstərir. Bu xüsusda “Böyük İpək Yolu”, “Aleksandr Düma Qafqazda”, “Azərbaycanda şərab yolu”, “Azərbaycanda alman izləri” və başqa beynəlxalq turizm marşrutları fəaliyyət göstərir”.

Nazir Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası Baş Assambleyasının “Termal şəhərlər” beynəlxalq mədəni marşrutunun növbəti konfransının ölkəmizdə keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirib.

Giuseppe Bellandi “Termal şəhərlər” beynəlxalq mədəni marşrutunun növbəti konfransının Azərbaycanda keçirilməsinə göstərdiyi dəstəyə görə öz minnətdarlığını ifadə edib. Tədbirdə EHTTA-nın yüksək səviyyəli nümayəndələri, sağlamlıq və müalicəvi imkanları geniş olan xarici ölkələrin iştirakının önəmi vurğulanıb. Ölkəmizlə əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu deyən assosiasiya prezidenti buna Azərbaycanın zəngin mədəni irsi və böyük turizm potensialının geniş imkanlar açdığını diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR