Azərbaycanlı deputatlar Moskvada keçirilən beynəlxalq forumda iştirak edirlər

Azərbaycanlı deputatlar Moskvada keçirilən beynəlxalq forumda iştirak edirlər
# 04 iyun 2018 12:58 (UTC +04:00)

Moskvada "Parlamentarizmin inkişafı" adlı beynəlxalq forum başlayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Ümumrusiya Sərgi Mərkəzində (VDNX) keçirilən forumda 96 ölkədən olan parlamentarlar və ekspertlər iştirak edirlər. Əsas müzakirə mövzusu müasir parlamentarizmin inkişafı məsələləridir. İştirakçılar qlobal təhlükəsizlik və kibertəhlükəsizlik məsələlərini, dünya iqtisadiyyatı və rəqəmsal iqtisadiyyatın inkişafını müzakirə edirlər.

Rusiya prezidenti Vladimir Putinin təbrik məktubu oxunduqdan sonra tədbiri giriş sözü ilə Dövlət Dumasının sədri Vyaşeslav Volodin açıb. O, beynəlxalq hüquq və qlobal təhlükəsizlik sisteminin müasir böhranı şəraitində parlamentarizm institutunun rolunun artdığını söyləyib: "Beynəlxalq institutların və sazişlərin effektivliyi siyasətçilərin və bir sıra dövlətlərin məsuliyyətsiz davranışı nəticəsində pozulan zaman parlament diplomatiyası qarşıdurmanı və münaqişə potensialını azaltmağa, ölkələr və xalqlar arasında etibarı möhkəmləndirməyə yardım edə bilər və etməlidir. Sanksiyalar və informasiya müharibəsi nəticəsində təhlükə altında qalan beynəlxalq sabitliyi qaytarmaq lazımdır".

Duma spikerinin fikrincə, beynəlxalq təhlükəsizliyi ancaq bir-birinə qarşılıqlı hörmət və BMT qərarlarının icra edilməsi əsasında qaytarmaq olar: "Vacibdir ki, beynəlxalq ictimaiyyət tərəfindən tanınan qaydalara, standartlara istisnasız olaraq hamı tərəfindən riayət olunsun".

Qeyd edək ki, iki gün ərzində davam edəcək "Parlamentarizmin inkişafı" Beynəlxalq Forumunda Azərbaycanı Milli Məclisin Hüquq siyasət və Dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynlinin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR