Heydər Əliyev Mərkəzində "Moda məkanı" sərgisi açılıb

Heydər Əliyev Mərkəzində "Moda məkanı" sərgisi açılıb
# 04 iyun 2018 20:41 (UTC +04:00)

İyunun 4-də Heydər Əliyev Mərkəzində Aleksandr Vasilyev Fondunun təqdimatında "Moda məkanı" adlı sərginin açılış mərasimi keçirilib.

APA-nın məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub.

Açılış mərasimində Aleksandr Vasilyev Fondunun prezidenti, kolleksiyaçı, moda tarixçisi, sənətşünas Aleksandr Vasilyev sərginin konsepsiyası haqqında danışıb. “Sizin ölkəniz dənizin yaxınlığında yerləşir. Burada gözəl dağlar, meşələr var”, - deyən kolleksiyaçı Azərbaycanın zəngin flora və faunaya malik olduğunu vurğulayıb. Dizaynerlərin təbiətə həmişə valeh olduqlarını diqqətə çatdıran Aleksandr Vasilyev təbiətin əsrlər boyu ilham mənbəyi olduğunu bildirib. “Bizim sərgimiz də modanın XVIII-XXI əsrlərdə ətrafımızda olan gözəlliyi necə əks etdirdiyindən söhbət açacaq”, - deyə Aleksandr Vasilyev qeyd edib.

Sərginin yaradılma tarixindən söhbət açan kolleksiyaçı deyib: “Bu sərgi üç il əvvəl yaradılıb. Riqada – Latviya Milli Dekorativ Sənət Muzeyində, sonra Vilnüsdə – Litvanın Milli Dekorativ Sənət Muzeyində nümayiş etdirilib. Lakin Bakı üçün biz yenilik etdik: Qədim paltarlar bərpa edildi”. Bu sərginin Bakıda yaşayan, eləcə də bu şəhərə gələn, modanı sevən qadınlara, kişilərə və uşaqlara əsl hədiyyə olduğunu deyən Aleksandr Vasilyev hər kəsin zövq alacağına əminliyini bildirib.

Sərgi təbiət və dəbin vəhdətinə həsr olunub. Ekspozisiyada XVIII-XXI əsrlərə aid 400-dək eksponat – geyim və aksesuarlar, o cümlədən ayaqqabı, çanta, şlyapa, zinət əşyaları və s. nümayiş olunur. Sərgi zalının dekorasiyası da mövzuya uyğun olaraq təbiət elementləri ilə zəngindir. Sərgidə Paco Rabanne, Christian Dior, Elsa Schiaparelli, Lanvin, Givenchy, Thierry Mugler və digər məşhur brendlərin eksponatları yer alıb. Ekspozisiyada ötən əsrin əfsanəvi modeli Bettina Qratsiani, amerikalı aktrisa Şirli Makleyn və digər məşhurların şəxsi qarderobundan geyimlər nümayiş olunur. Sərgi dekabrın 2-dək davam edəcək.

Xatırladaq ki, bu, Aleksey Vasilyev Fondunun Heydər Əliyev Mərkəzində təqdim etdiyi ikinci sərgidir. 2017-ci il oktyabrın 5-dən 2018-ci il aprelin 29-dək davam edən "Modernizm və moda" sərgisində 1960-cı illərə aid geyim və aksesuarlar nümayiş olunmuşdu.

Mədəniyyət

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR