Qəbələdə “Tarixin canlı səhifələri” adlı festival keçirilib

Qəbələdə “Tarixin canlı səhifələri” adlı festival keçirilib
# 06 iyun 2018 21:21 (UTC +04:00)

Qəbələ rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr edilən “Tarixin canlı səhifələri” adlı Vl Gənclər Festivalı keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Dövlət Sərhəd Xidmətinin, Qəbələ rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Vəndam qəsəbəsində keçirilən festivalda müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması peşəkar artistlər və tələbələr tərəfindən tarixi faktlar əsasında hazırlanan tamaşada nümayiş olunub.

Festivalda Akademik Milli Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Rus Dram Teatrı, Şəki Dövlət Dram Teatrı və Mingəçevir Dövlət Dram Teatrının aktyorları çıxış ediblər. Layihənin elmi rəhbəri, AMEA-nın Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov, rejissoru Xalq artisti Vaqif Əsədov, ssenari müəllifi, filologiya elmləri doktoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Asif Rüstəmlidir.

Festival çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına və Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş və xüsusi dekor olunmuş sərgi təqdim olunub. Gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, xalqımızın hərb tarixini, 1918-ci ilin mart soyqırımını, Azərbaycan Xalq Cümhuriyyətinin necə yaranmasını və 23 ay sonra süqut etməsini gənclərə əyani olaraq çatdırmaq məqsədilə keçirilən festival maraqlı səhnəciklərlə yadda qalıb.

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, rayon icra hakimiyyətinin, idarə və təşkilatların rəhbər şəxsləri, eləcə də 1500-dən çox aktyor, xalq sənətkarı, gənclər və məktəblilər iştirak ediblər.

Festival atəşfəşanlıqla başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR