Prezident: “Bu gün dünyada Azərbaycan multikulturalizmin mərkəzi kimi artıq özünü təsdiqləyib”

Prezident: “Bu gün dünyada Azərbaycan multikulturalizmin mərkəzi kimi artıq özünü təsdiqləyib”
# 07 iyun 2018 00:05 (UTC +04:00)

“Azərbaycan müsəlman aləmində çox böyük dəstəyə, çox böyük hörmətə malik olan bir ölkədir. Müsəlman ölkələri beynəlxalq təşkilatlarda Azərbaycanı daim dəstəkləyirlər və yaxşı bilirlər ki, Azərbaycan da öz növbəsində bütün beynəlxalq təşkilatlarda müsəlman ölkələrini dəstəkləyir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə təşkil olunan iftar mərasimində deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan dünyada İslam mədəniyyətinin təbliği işində çox fəal və uğurlu rol oynayır: “Biz dünyanın müxtəlif ölkələrində İslam mədəniyyətinin təqdimatı ilə bağlı bir çox tədbirlər keçirmişik, keçiririk və keçirəcəyik. Sərgilər, mədəni proqramlar, təqdimatlar, konfranslar – bütün bu addımlar bir məqsədi güdür ki, dünyaya İslam mədəniyyətini, İslam dəyərlərini olduğu kimi təqdim edək, bəzi hallarda İslam dini ilə bağlı təhrif edilmiş və yanlış fikirlərə qarşı öz səsimizi ucaldaq və real həqiqətləri çatdıraq. Bilirəm ki, bu sahədə apardığımız fəaliyyət müsəlman aləmində çox böyük hörmətlə qarşılanır. Bizim bu fəaliyyətimiz bir daha onu göstərir ki, Azərbaycan həm İslam mədəniyyətinin təbliğinə, həm İslam ölkələri arasındakı həmrəylik meyillərinə çox güclü töhfə verir.

Prezident İlham Əliyev bildirib ki, bu gün dünyada Azərbaycan multikulturalizmin mərkəzi kimi artıq özünü təsdiqləyib: “Bu, həm dövlət siyasətidir, həm cəmiyyətdən gələn sifarişdir. Bu, böyük sərvətdir, xüsusilə indiki zəmanədə. İndiki şəraitdə biz görürük ki, dünyanın müxtəlif yerlərində dini məzhəb zəminində qan tökülür, müharibələr alovlanır, böyük faciələr yaşanır. Biz əlbəttə ki, bu sahədə gördüyümüz işləri daha yüksək qiymətləndirməliyik və elə etməliyik ki, həm Azərbaycanda, həm yaşadığımız bölgədə vəziyyət müsbət istiqamətdə inkişaf etsin. Biz adada yaşamırıq, biz bu bölgədə yaşayırıq və yaşayacağıq. Ona görə biz həm ölkə daxilində bu məsələləri daim diqqət mərkəzində saxlayırıq və hesab edirəm ki, beynəlxalq təşəbbüslərlə bölgədə və dünyada dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi işinə öz töhfəmizi veririk”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR