Millət vəkili: "Azərbaycan prezidenti Ermənistanın yeni hakimiyyətinə mühüm mesajlar verdi" - RƏY

Millət vəkili: "Azərbaycan prezidenti Ermənistanın yeni hakimiyyətinə mühüm mesajlar verdi" - <span style="color: red;">RƏY
# 07 iyun 2018 11:27 (UTC +04:00)

"Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə təşkil olunmuş iftar mərasimində çıxış edərək bir sıra olduqca mühüm mesajlar verdi. Əgər bunların bir qismi sosial-iqtisadi və sosial-mənəvi xarakterli idisə, digər mühüm bir qismi hazırkı beynəlxalq münasibətlər şəraitində yeni siyasi reallıqlar və onların perspektivləri ilə bağlı idi".

Bunu APA-ya açıqlamasında millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Millət vəkilinin sözlərinə görə, bu kontekstə prezident Ermənistan, Azərbaycan Dağlıq Qarabağ probleminin həlli məsələlərini önə çəkərək, həm dünya ictimaiyyətinə, həm də Ermənistan və Azərbaycan ictimaiyyətinə, o cümlədən problemi həll etmək üçün öhdəlik götürmüş beynəlxalq və regional təşkilatlara Azərbaycanın prinsipial mövqeyi və problemi həll etməyin vacibliyini ilə bağlı fikirlər bildirib: "Məsələ ondadır ki, beynəlxalq münasibətlər sisteminin ən yeni tarixi mərhələsində xeyli dərəcədə strateji keyfiyyət dəyişiklikləri baş verib. Yeni dünya nizamına doğru mühüm addımlar atılıb və bu proses dinamikdir. Bu, multipolyar dünya nizamı üçün yaxşı perspektivlər yaradır. Azərbaycan isə həyata keçirdiyi praqmatik və düşünülmüş siyasət sayəsində yeni güc mərkəzi formalaşdırmaqla əslində perspektiv multipolyar mərkəzlərdən biri kimi çıxış etməyə hazırlaşır. Bu prosesdə Azərbaycan daim ərazi bütövlüyümüzün bərpası məqsədini prioritet kimi müəyyənləşdirərək özünə yeni müttəfiqlər qazanmaqla Ermənistanın ənənəvi şimal və cənub müttəfiqlərini də öz tərəfinə çəkməyi bacarıb. Buna paralel olaraq beynəlxalq təşkilatlarla və beynəlxalq ictimai rəylə də xüsusi işlər aparıb və ümumi mövqe lehimizə dəyişib. Azərbaycan Ermənistanı idarə edən hərbi xunta diktaturasını ifşa edə bilib. Ona görə də prezident İlham Əliyev öz nitqində dedi ki, “Mənim illər ərzində dediyim sözləri indi erməni xalqı deyir. Mən dünyanın ən ali kürsüsündən - BMT kürsüsündən Ermənistanın əvvəlki kriminal rejimini ifşa etmişəm. Onları öz adları ilə çağırmışam. Onları Xocalı soyqırımında ittiham etmişəm, hərbi cinayətlərdə ittiham etmişəm. Ermənistanın əvvəlki hakimiyyətini qaniçən, kriminal, quldur rejim adlandırmışam. Bütün bunlar həqiqətdir. Mən həqiqəti demişəm, indi bu həqiqəti erməni xalqı deyir”. Bu fikirlər indiyə qədər Azərbaycan tərəfinin erməni diktatura rejiminin işğalçılıq siyasətini ifşa etmək üçün həyata keçirdiyi diplomatik həmlələrin bir qismini tamamilə doğru ifadə edir.

Məsələnin ikinci tərəfi isə iqtisadi sahə ilə bağlıdır. Bu istiqamətdə də Azərbaycan işğalçı Ermənistanı dalana dirəmək üçün qətiyyətli addımlar atıb. Ona görə də prezident İlham Əliyev bu məsələlərə də toxunaraq bildirdi ki, “Mən dəfələrlə demişdim ki, Ermənistanda iqtisadi böhran, demoqrafik böhran yaşanır, ölkə boşalır, hər il on minlərlə insan o ölkəni həmişəlik tərk edir, Ermənistanda inkişaf üçün heç bir perspektiv yoxdur. Demişəm ki, Azərbaycan Ermənistanı dalana çevirib, iqtisadi, siyasi, nəqliyyat dalanına çevirib. Nəyə görə? Ona görə ki, Ermənistan torpaqlarımızı işğal edib. İndi bütün bunları erməni xalqı deyib və deyir. Bu, bir daha onu göstərir ki, bu münaqişədə Azərbaycan öz istədiyinə nail olacaq, həqiqəti, ədaləti bərpa edəcək”. Göründüyü kimi, Azərbaycanın artan hərbi-siyasi gücü, qətiyyəti regionda mühüm keyfiyyət dəyişikliyi yaradıb, hərbi-siyasi və iqtisadi güc balansı tamamilə ölkəmizin xeyrinə dəyişib. Bu isə problemin həllini diqtə edir. Çünki aclıq və səfalət içərisində yaşayan Ermənistan Azərbaycanın torpaqlarını üzün müddət işğal altında saxlaya bilməz”.

H. Babaoğlu bildirib ki, Azərbaycan prezidenti məhz bu reallıqlardan çıxış edərək Ermənistanın yeni hakimiyyətinə çağırış edib: “Dövlət başçısı bildirdi ki, Ermənistanın yeni rəhbərliyinin əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacağına, münaqişənin tezliklə həll olunması üçün ciddi işlər görəcəyinə və imitasiya naminə yox, real danışıqlar prosesinə start veriləcəyinə ümid edir. Prezident dedi ki, beləliklə, məsələ öz həllini tapa və Qafqaza sülh gələ bilər. Dövlət başçısı dedi ki, biz bunu istəyirik, biz münaqişənin həllini tələb edirik, bizim buna haqqımız çatır. Ümid edirik ki, bu məsələ danışıqlar yolu ilə tezliklə öz həllini tapa bilər. Bu fikirlərin bir qədər daha qlobal şərhi belə nəticəyə gəlməyə imkan verir ki, Dağlıq Qarabağ probleminin həlli bütövlükdə Qafqaza sülh və əmin-amanlıq gətirə bilər ki, bu da həm Cənubi Qafqaz üçün rifah və sabitlik həm də regionda strateji marağı olan ölkələr üçün yeni əməkdaşlıq perespektivləri deməkdir”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da APA-ya açıqlamasında prezident İlham Əliyev Ramazan ayı münasibətilə iftar mərasimində çıxışı ilə əslində Ermənistanın yeni baş naziri Nikol Paşinyana ciddi mesaj göndərdiyini deyib.

E. Şahinoğlunun sözlərinə görə, Azərbaycan prezidentinin mesajının mənası odur ki, işğalçılıq siyasəti Ermənistana xoşbəxtlik gətirməyib, Azərbaycana düşmənçilik Ermənistanı geri salıb, iqtisadi böhran, demoqrafik böhran yaşanıb, ölkə boşalıb. İşğalçılıq siyasəti davam edərsə, Ermənistanı gələcəkdə də fəlakətlər gözləyir: “Paşinyan problemlərin həllini istəyirsə, Azərbaycanla normal münasibətlər qurmalı, işğal edilmiş torpaqlar boşaldılmalıdır. Əks halda , Azərbaycan yenə Ermənistanı iqtisadi, siyasi, nəqliyyat dalanına çevirəcək, hərbi təzyiqləri davam etdirəcək. Ancaq hazırda problem odur ki, Ermənistan hakimiyyət dəyişsə də, siyasət dəyişmir. Paşinyanın ilk öncə Dağlıq Qarabağa səfər etməsi də bunu göstərdi. Azərbaycan prezidenti isə son çıxışı ilə Ermənistanın yeni hakimiyyətinə çox ciddi bir mesaj verdi”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR