Bakıda “Mübarizlər” yarışı keçiriləcək

Bakıda “Mübarizlər” yarışı keçiriləcək
# 08 iyun 2018 07:00 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Təlim-Tədris mərkəzində “Gilan Holding”-in, FHN-in, Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin təşkilati dəstəyi ilə Bakıda ötən il təşkil olunmuş yarışın davamına start veriləcək.

APA-nın məlumatına görə, iyunun 16-da start götürəcək “Mübarizlər” layihəsi ekstrim sevərlərə fəal istirahətin tam yeni formatını - çətin keçilən ərazidə maneəli qaçış təklif edir.

Maneələr xüsusi olaraq elə hazırlanıb ki, trasın keçməsində iştirakçıların bütün qrup əzələləri cəlb olunsun. Komanda iştirakı üçün 5 km uzunluğu olan trası fəth etmək lazımdır. Çempionat iştirakçılarını isə 7 km-lik və 42 maneədən ibarət marşrut gözləyir.

Ötən ilin yarışmasından fərqli olaraq, bu mövsümdə “Mübarizlər” hər iki formatda iştirak edənlər üçün pul mükafatı müəyyənləşdirib.

Ümumi mükafat fondu 15 000 AZN təşkil edir.

Qalib komandalar və fərdi iştirakçılar sentyabrda keçiriləcək Super Finala vəsiqə qazanmış olacaqlar. Bundan əlavə, fəal iştirakçıları çoxsaylı dəyərli hədiyyələr gözləyir.

Hər iki format üçün avto park, idman və əyləncə fəaliyyəti təqdim edən fan-zona, konsert proqramı, duş kabinaları və geyinib-soyunma otaqları nəzərdə tutulub.

Fiziki formasından asılı olmayaraq, yarışda istəyən hər kəs iştirak edə bilər.

Hazırda maneəli yarışmalar bütün dünyada məhşurlaşan fəaliyyətlərdən biridir.

Bu yarışlar yeni idman növünə çevrilərək, artıq klassik idman növlərini geridə qoyur.

Dünyanın ən məşhur trendlərdən birinə qovuşmaq, idman və sağlamlıq festivalında əylənmək və həmfikirlərlə ünsiyyət yaratmaq üçün hər kəsə bu unikal şansı əldə etmək təklif olunur.

Layihənin məlumat dəstəyi APA-ya məxsusdur.

Yarışa iştirak etmək üçün biletləri iTicket kassalarından əldə etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR