Politoloq: “Paşinyan kimi diletant və qatı millətçi adamla konstruktiv danışıqlar aparmaq olmaz”

Politoloq: “Paşinyan kimi diletant və qatı millətçi adamla konstruktiv danışıqlar aparmaq olmaz”
# 08 iyun 2018 15:44 (UTC +04:00)

“Nikol Paşinyan millətçi kimi erməni xislətini hər addımda büruzə verir. İşğalçı dövlətin başında duran adamın işğala məruz qalmış ölkənin ünvanına səsləndirdiyi ifadələr etik və siyasi normalardan uzaqdır. Açıq deyir ki, işğal faktına bəraət və legitimlik qazandırmaq istəyir”.

Bunu APA-ya açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın bu ölkənin parlamentində çıxışında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən politoloq Qabil Hüseynli deyib.

Q. Hüseynli bildirib ki, Dağlıq Qarabağda Ermənistanın hərbi hissələri yerləşir, Ermənistan vətəndaşları orada hərbi xidmət keçir, “DQR”-in büdcəsinin formalaşmasında, təchizatında Ermənistan iştirak edir: “Əgər həqiqətən də “DQR” “müstəqil subyektdirsə”, onda Ermənistan qoşunları oradan çıxarsın. Neçə ki, işğal faktı ortadadır və bu faktorun arxasında duran Ermənistan dövlətidir, Azərbaycan yalnız onunla danışıqlar apara bilər. Ümumiyyətlə, Paşinyanın mövqeyi, bəyanatı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar prosesinə, münaqişənin və Ermənistandakı problemlərin həllinə yardım göstərmir, əksinə, həmin problemləri dərinləşdirir. İstər demokrat, istər qeyri-demokrat olsun, erməni xisləti özünü göstərir. Paşinyan dünyada heç bir dövlət tərəfindən tanınmayan oyuncaq qurumu "de-yure" necə tanıdacaq? Belə görünür ki, bizi qarşıda daha çətin işlər gözləyir. İşin başında diletant və qatı millətçi adam durur. Belə adamla konstruktiv danışıqlar aparmaq mümkün deyil.

Politoloq hesab edir ki, N. Paşinyan özü problem olmaqla yanaşı, Sergey Lavrov da dünən Moskvada erməni həmkarı Zöhrab Mnatsakanyanla görüşdən sonra keçirilən mətbuat konfransında verdiyi açıqlama ilə ona müəyyən “pas”lar verməklə danışıqlar prosesinə ciddi əngəllər yaratmağa davam edir: “Sergey Lavrovun ifadələri də ziddiyyətlidir. Məsələn, “DQR”-in danışıqlar prosesinə qatılması ilə bağlı deyir ki, bu, Azərbaycan və Ermənistandan asılıdır. Yəni bu, Sergey Lavrovun da könlündən keçir. Axı nəyə görə, hansı əsasla işğalçı Ermənistanın arzuladıqlarını müdafiə edir və gündəmə gətirmək istəyirsiniz? Bu məsələdə ziddiyyətli məqamlar çoxdur. İndiyə qədər təcavüzkarla təcavüzə məruz qalmış ölkə arasında bərabərlik işarəsi qoyulub. Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi, 1 milyon insanının etnik təmizləməyə məruz qalması, 30 milyon insanının tələf edilməsi və ölkəmizə 350 milyard dollar ziyan vurulmasının üzərindən sükutla keçilir. Ermənistanın törətdiyi cinayətlərə qiymət verilmir. Bu, ikili standartlardan da çox ziyan vuran yanaşma tərzidir. Məsələlərin bu cür dəyərləndirilməsi və bu cür yanaşma nə problemin həllinə, nə danışıqların bərpasına töhfə verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR