Azərbaycan qazının Bolqarıstana nəqli üçün interkonnektorunun tikintisinə bu ilin sonunda başlana bilər

Azərbaycan qazının Bolqarıstana nəqli üçün interkonnektorunun tikintisinə bu ilin sonunda başlana bilər
# 13 iyun 2018 11:45 (UTC +04:00)

"Azərbaycan qazının Bolqarıstana çatdırılmasını nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektorunun (Interconnector Greece-Bulgaria (IGB) tikintisinə bu ilin sonunda başlanması gözlənilir".

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən "Cənub Qaz Dəhlizi və Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyi" konfransında Bolqarıstanın energetika nazirinin müşaviri Rosen Smitçiyev bildirib.

Onun sözlərinə görə, hazırda layihə şirkəti - ICGB boruların nəqli və kəmərin inşası üçün elan edilən tenderi yekunlaşdırmaq üçün çalışır. R. Smitçiyev qeyd edib ki, tenderin ilin ikinci yarısında başa çatdırılması nəzərdə tutulur: "Tikinti işlərinə 2018-ci ilin sonunda başlanılması, 2020-ci ildə interkonnektorun brinci hissəsinin yekunlaşması gözlənilir".

O, layihənin maliyyələşdirilməsi ilə bağlı problemin olmadığını bildirib. Energetika nazirinin müavini bildirib ki, IGB-nin ümumi investisiya dəyəri 220 mln. avrodur: "İnvestisiya xərclərinin 1/3 hissəsini Avropa İttifaqından ayrılan qrant təşkil edir. Belə ki, 45 milyon avro Avropa İttifaqı tərəfindən iqtisadiyyatın bərpası üçün Avropa Enerji proqramı çərçivəsində, 39 milyon avro Aİ-nin Bolqarıstan üçün Avropa Struktur fondları tərəfindən qrant ayrılıb. Bundan başqa, Bolqarıstan hökuməti Avropa İnvestisiya Bankından IGB üçün 110 milyon avro kreditin cəlb edilməsi üçün 2018-ci ilin büdcəsindən dövlət zəmanəti verib. Bu da əlverişli şərtlərlə kredit ayrılmasına imkan yaradacaq".

Rosen Smitçiyev qeyd edib ki, kredit müqaviləsinin ilin sonuna qədər imzalanması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR