Son 5 ayda Azərbaycanın xarici ticarətində 3,3 mlrd. dollarlıq müsbət saldo yaranıb

Son 5 ayda Azərbaycanın xarici ticarətində 3,3 mlrd. dollarlıq müsbət saldo yaranıb
# 14 iyun 2018 10:07 (UTC +04:00)

2018-ci ilin yanvar-may aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 153 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 94 ölkəyə məhsul ixrac olunub, 144 ölkədən idxal olunub.

"APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-may aylarında xarici ticarət dövriyyəsi 9 mlrd. 318,8 mln. dollar, o cümlədən ixracın dəyəri 6 mlrd. 292,7 mln. dollar, idxalın dəyəri 3 mlrd. 26,1 mln. dollar təşkil edib, nəticədə 3 mlrd. 266,6 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.

2017-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 32,8%, real ifadədə isə 3,3%, o cümlədən ixrac 2,2%, idxal 5,7% artıb. Hesabat dövründə faktiki qiymətlərlə ölkədən 29,7% çox məhsul ixrac olunub, idxal edilmiş məhsulların dəyərində 39,8% artım müşahidə edilib.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən xarici ticarət dövriyyəsinin 85,9%-i İtaliya, Türkiyə, Rusiya, İsrail, Almaniya, İndoneziya, Çin, Çexiya, Tayvan (Çinin əyaləti), ABŞ, Ukrayna, İspaniya, Kanada, Gürcüstan, Avstriya, Hindistan, Portuqaliya, Birləşmiş Krallıq və Fransa ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,4%-i Rusiyanın, 15,5%-i Türkiyənin, 10,1%-i Çinin, 7,8%-i Almaniyanın, 4,7%-i ABŞ-ın, 4%-i Ukraynanın, 3,4%-i İtaliyanın, 3,1%-i Belarusun, 2,9%-i İranın, 2,3%-i Birləşmiş Krallığın, hər biri 2% olmaqla Çexiya və Qazaxıstanın, 1,9%-i Yaponiyanın, 1,7%-i Koreyanın, 1,6%-i Fransanın, 1,4%-i Türkmənistanın, 1,3%-i İsveçrənin, qalan 16,9%-i isə digər ölkələrin payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR