Sosial xidmət və reabilitasiya müəssisələrinin fəaliyyəti ilə bağlı müşavirə keçirilib

Sosial xidmət və reabilitasiya müəssisələrinin fəaliyyəti ilə bağlı müşavirə keçirilib
# 14 iyun 2018 11:11 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sosial xidmət və reabilitasiya müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, bu sahələrdə göstərilən xidmətlərin keyfiyyətinin artırılması məsələlərinə dair müşavirə keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, nazir Sahil Babayev vurğulayıb ki, ötən dövrdə ölkədə sosial xidmət və reabilitasiya müəssisələri şəbəkəsi əhəmiyyətli şəkildə genişləndirilib, bölgələrdə əlilliyi olan insanlar üçün yeni reabilitasiya mərkəzləri, habelə son illər Bakıda müəyyən yaşayış yeri olmayan şəxslər və baxımsız, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün sosial müəssisələr yaradılıb. Abşeron rayonunda iki yaşayış evi inşa olunaraq, 243 mənzil dövlət uşaq müəssisələrinin məzunlarına təqdim olunub. “Məzun evi” Sosial Müəssisəsi kimi fəaliyyət göstərən həmin müəssisədə bu təbəqədən olan gənclər üçün daha bir yaşayış binasının inşası da yekunlaşır. Eləcə də fondun dəstəyi ilə son illərdə Bakıda Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi fəaliyyətə başlayıb, sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb.

Nazir qeyd edib ki, hazırda sosial xidmət müəssisələrində 1300-dək şəxs, o cümlədən 290 nəfər sağlamlıq imkanları məhdud uşaq dövlət təminatında yaşayır. Bu müəssisələr müvafiq kateqoriyalardan olan şəxslərə stasionar şəraitdə sosial xidmətlərin göstəriliməsi üçün nəzərdə tutulub. Göstərilən xidmətlər yeni, müasir, reabilitasiya məqsədli yanaşmalar əsasında təkmilləşməli, xidmət göstərilən şəxslərin yaşayış tərzində, həyatında müsbət dönüşə, pozitiv keyfiyyət dəyişikliyinə, fəal həyata dönüşünə zəmanət verə bilən istiqamətdə qurulmalıdır. Onlardan əmək qabiliyyətli şəxslərin məşğulluğuna, o cümlədən özünüməşğulluğuna yönəlmiş tədbirlər də görülməlidir. Ümumilikdə, sosial xidmətlərin keyfiyyəti artırılmalı, bu sahədə şəffaflıq tam təmin edilməli, beynəlxalq standartlara uyğun yeni sosial xidmət modelinin tətbiqi yönündə ciddi addımlar atılmalıdır. Sosial işçi personalının bilik və bacarıq səviyyələri artırılmalı, onların fəaliyyəti ilə bağlı təkmil monitorinq-qiymətləndirmə sistemi formalaşdırılmalıdır.

S.Babayev vurğulayıb ki, son illərdə reabilitasiya infrastrukturunun ən müasir tələblərə uyğun qurulması üçün mühüm işlər görülür. Artıq nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzində, Uşaq Bərpa Mərkəzində, Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində yüksək standartlara uyğun reabilitasiya şəraiti mövcuddur. Mərdəkan Müalicə Pansionatında da əsaslı təmir və yenidənqurma işləri artıq yekunlaşır və burada da müasir bərpa-müalicə şəraiti yaradılır. Digər bərpa müəssisələrində də bu istiqamətdə işlər davam etdirilir. Təkcə bu ilin 5 ayında nazirliyin bərpa mərkəzlərində 9000-dən çox şəxsə stasionar və ambulator şəkildə reabilitasiya xidmətləri göstərilib. Lakin qeyd olunanlarla yanaşı, əlilliyi olan şəxslər arasında reabilitasiya səviyyəsi xeyli aşağı səviyyədədir. Ona görə də bərpa mərkəzlərinin fəaliyyətinin səmərəliliyi əlilliyi olan şəxslərin sağlamlığının bərpasında əldə etdikləri nəticələrlə, reabilitasiya səviyyəsinin artması ilə ölçülməlidir. Bu prinsip əsasında qiymətləndirmə mexanizmi tətbiq edilməlidir. Reabilitasiya sistemi tibbi yanaşma ilə bərabər, eyni zamanda, sosialyönümlü olmalı, müvafiq şəxslərin cəmiyyətə fəal inteqrasiyasında da öz rolunu oynamalıdır.

Nazir reabilitasiya müəssisələrində tətbiq olunan bərpa müalicəsi prosedurlarının təkmilləşdirilməsinin, həkim-reabilitoloqların peşəkarlığının artırılmasının, ümumilikdə bu müəssisələrin konkret səmərəli nəticələrə yönələn fəaliyyət mexanizminin qurulmasının vacibliyini qeyd edib.

S.Babayev diqqətə çatdırıb ki, həm sosial, həm də reabilitasiya xidmətləri sahəsində işlərin əsas məqsədi həmin insanların həyata dönüşünə, onların cəmiyyətə qazandırılmasına nail olmaqdır. Ona görə də bu müəssisələrdə hər bir şəxslə bağlı fərdi reabilitasiya planı hazırlanmaqla iş aparılmalıdır. Eyni zamanda, xidmət göstərilən insanlar özlərini daim qayğı mühitində hiss etməlidirlər, onlara mehriban münasibət göstərilməlidir, etik davranış qaydalarına ciddi riayət olunmalıdır.

Müşavirədə sosial xidmət və reabilitasiya müəssisələrinin fəaliyyəti ətraflı müzakirə olunub, bu sahələrdə göstərilən xidmətlərin keyfiyyətinin artırılması üçün strateji yanaşmaları əks etdirən təkliflər əsasında tədbirlər proqramının hazırlanması qərara alınıb, nazirliyin müvafiq struktur bölmələrinin rəhbərlərinə aidiyyəti üzrə tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR