Azərbaycanın hərbi təyinatlı məmulatlarının Parisdə sərgidə nümayişi davam edir

Azərbaycanın hərbi təyinatlı məmulatlarının Parisdə sərgidə nümayişi davam edir
# 14 iyun 2018 14:53 (UTC +04:00)

Müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti Fransaya səfəri davam edir.


Müdafiə Sənayesi Nazirliyindən APA-ya bildirilib ki, nazirliyin müəssisələrində yaradılan və istehsal olunan 270 adda hərbi təyinatlı məmulat Parisdə keçirilən "EUROSATORY-2018” Beynəlxalq müdafiə və təhlükəsizlik sərgisində nümayiş etdirilir.

İyunun 11-də açılan və inkişaf etmiş ölkələrinin qabaqcıl şirkətlərinin qatıldığı "EUROSATORY” sərgisində ilk dəfə təmsil olunan Müdafiə Sənayesi Nazirliyinin nümayiş etdirdiyi məmulatlar, xüsusilə, ilk dəfə beynəlxalq sərgiyə çıxarılan - 14,5 millimetrlik “NST” snayper tüfəngi, 81 millimetrlik minaatan, 12,7 millimetrlik silahla təchiz olunmuş məsafədən idarə olunan döyüş modulu, 81 millimetrlik atəş yığımı və “Tufan” minaya davamlı milli zirehli nəqliyyat vasitəsi, “Gürzə” patrul maşını, ”İstiqlal”, “Vaşaq” və “Yalquzaq” snayper tüfəngləri böyük maraqla qarşılanır.

Sərgi çərçivəsində nazir Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti tədbirə qatılan ölkələrdən - Türkiyənin “Havelsan” və “Çukurova”, İsrailin “Aeronautics”, Fransanın “Rokcell”, Almaniyanın ”Diehl” və Serbiyanın “Yugoimport” şirkətlərinin stendlərini ziyarət edib, nümayiş etdirilən yeni növ məmulatlarla yaxından tanış olub.

Sərgiyə qatılan qabaqcıl şirkətlərin nümayəndələri ilə görüşlər təşkil olundu, yeni növ müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı üçün mövcud əməkdaşlıqların inkişaf etdirilməsi və yeni əməkdaşlıqların qurulması, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan hərbi təyinatlı məmulatların ixracına dair danışıqlar aparılıb.

Yavər Camalov Bakının Beynəlxalq Sərgilər Bürosu tərəfindən 2025-ci ildə keçiriləcək “Expo-2025” Ümumdünya Sərgisinə ev sahibliyi etməsi üçün irəli sürülmüş namizədliyinin dəstəklənməsi ilə bağlı müzakirələri davam etdirir.

Sərgi çərçivəsində bu il sentyabrın 25-dən 27-dək Azərbaycanda keçiriləcək “ADEX-2018“ üçüncü Beynəlxalq müdafiə sərgisi ilə bağlı nazirliyin nümayəndə heyəti tərəfindən geniş məlumat verilir və dəvətlər çatdırılır.

"EUROSATORY-2018” Beynəlxalq müdafiə və təhlükəsizlik sərgisi iyunun 15-də başa çatacaq.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR