Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 illik yubileyi münasibətilə tədbir keçirilib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 illik yubileyi münasibətilə tədbir keçirilib
# 22 iyun 2018 17:54 (UTC +04:00)

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının 10 illiyi ilə bağlı yubiley tədbiri keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib ki, Şuranın yaranması ilə prezident siyasi iradəsini ortaya qoyub, dövlət və QHT sektoru arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə keçib, dövlətlər vətəndaş cəmiyyəti arasında etimad mühiti yaranıb.

A. Quliyev Şuranın yaranmasından sonra QHT-lərə mənfi münasibətin dəyişməyə başladığını bildirib: "Şura yaranana qədər torpaqlarımızın işğalı faktının dünyaya çatdırılması, qaçqın və məcburi köçkünlər, qəhrəmanlarımızla bağlı layihələr xarici donorlar tərəfindən maliyyələşdirilmirdi. Şura milli donor kimi bu layihələri maliyyələşdirməyə başladı".

Heydər Əliyev Fondunun və birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətindən danışan A. Quliyev Heydər Əliyev Fondunun fəaliyyətinin QHT sektoru üçün nümunə olduğunu vurğulayıb.

A. Quliyev Şuranın fəaliyyətində şəffaflıq prinsipinin əsas götürüldüyünü qeyd edib: "Şura apelyasiya mexanizmi yaradıb və bütün bunlar Şuraya ictimai etimadı artırır. Biz əldə etdiyimiz bütün uğurlara görə prezident İlham Əliyevə minnətdarıq. Dövlət başçımızı əmin edirəm ki, Şura bundan sonra da dövlətin milli maraqlarının təmin olunması istiqamətində QHT-ləri səfərbər edəcək. Azərbaycan dövləti vətəndaş cəmiyyətinin inkişafı üçün lazımi şəraiti yaradıb".

Şuranın fəaliyyəti ilə bağlı videotəqdimatdan sonra çıxış edən Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Şuranın 10 illik fəaliyyətinin qənaətbəxş olduğunu söyləyib: "1998-ci ildə "Qrant haqqında" qanun qəbul olunana qədər QHT-lərin maliyyələşməsi ilə bağlı mübahisələr gedirdi. Həmin dövrdə ən fəal insanlar QHT yaradaraq fəaliyyət göstərməyə başladı. Biz bu gün vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti ilə öyünürük. Həm Azərbaycan dövlətinin, həm də xarici donorların ayırdıqları qrantlar bu gün şəffaf şəkildə məqsədə uyğun istifadə edilir. Bu gün Azərbaycanda QHT təmsilçiləri var ki, vəzifə təklif olunur, imtina edirlər. Onlar artıq QHT sahəsində məslək sahibi kimi formalaşıblar. QHT sektorunda fəal insanlar üçün faktiki iş yerləri açılıb. Azərbaycanda 26 il ərzində QHT sektoruna 306 milyon manata yaxın vəsait ayrılıb. QHT Şurası isə ötən 10 il ərzində QHT layihələrinin maliyyələşdirilməsinə 36 milyon manat ayırıb. Maliyyələşdirilən bu layihələrdə 30 minə qədər insan çalışıb. Bunlar Azərbaycanın fəal insanlarıdır və dövlətimizi xaricdən gələn təhlükələrdən elə dövlətin özü qədər qoruyurlar.

Çox təəssüf ki, QHT arasında xarici donorların təsiri altına düşən və Azərbaycana qarşı istifadə olunanlar da olub. KİV arasında da belə təsir altına düşən, Azərbaycan əleyhinə yazılar verənlər var. Azərbaycanda sağlam mövqeyə malik QHT bu sektorun 99 faizini təşkil edir".

Milli Məclis sədrinin müavini Bahar Muradova da Şuranın ötən 10 il ərzində uğurla fəaliyyət göstərdiyini, bu gün QHT-lərin Azərbaycan dövlətinin maraqlarını müdafiə etdiyini bildirib. Milli Məclisin Şura ilə əməkdaşlıq barədə memorandum imzaladığını xatırladan B. Muradova Şuranın təşəbbüsü ilə QHT sektoru ilə əlaqədar irəli sürülən qanun layihələrinin parlamentdə qəbul olunduğunu qeyd edib: "Bu gün heç kəs deyə bilməz ki, vətəndaş cəmiyyəti təşəbbüsləri dəstəklənmir. Bu gün QHT-lər Azərbaycan xalqı və dövləti üçün dövlətimiz kimi məsuliyyət daşıyır".

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai də Şuranın fəaliyyətini yüksək qiymətləndirib.

Tədbir çıxışlarla davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR