“Lent.az”ın 10 illiyi qeyd olunub, Cümhuriyyətin 100 illiyinə həsr edilmiş kitabın təqdimatı keçirilib

“Lent.az”ın 10 illiyi qeyd olunub, Cümhuriyyətin 100 illiyinə həsr edilmiş kitabın təqdimatı keçirilib
# 27 iyun 2018 18:02 (UTC +04:00)

Bu gün "Libraff" kitab mağazasında “Lent.az”ın 10 illiyi münasibəti ilə və Cümhuriyyətin 100 illiyinə həsr edilmiş "100 ilin əmanəti" kitabının təqdimat mərasimi keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə millət vəkilləri Qüdrət Həsənquliyev, Fazil Mustafa, Hikmət Babaoğlu, Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun direktoru Umud Rəhimoğlu, "525-ci qəzet”in baş redaktoru, AYB katibi Rəşad Məcid, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, "Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızı, Real TV-nin rəhbəri Mirşahin Ağayev, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və digər tanınmış şəxslər, KİV nümayəndələri və oxucular iştirak edib.

Tədbiri giriş sözü ilə açan “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı bildirib ki, Azərbaycanda medianın azadlığı üçün yaxşı şərait var: "APA Holding" ailəsinə daxil olan bütün media qurumları, o cümlədən Lent.az saytı da bu şəraitdən bəhrələnib". O bildirib ki, “Lent.az” ona bəslənən ümidləri doğruldub, Azərbaycanın media ailəsində özünə layiqli yer tuta bilib: “”Lent.az” əvvəllər daha çox şou-biznes xəbərləri ilə, bu mövzuda yazılarla çıxış edirdi. Belə deyək: APA-nın yaya bilmədiyi, daha doğrusu, yaymaq istəmədiyi xəbərləri yayırdı. Ancaq “Lent.az” bu çərçivələri aşdı. Sevinirəm ki, sonradan “Lent.az”ın ən çox oxunan yazıları Qarabağ haqqında yazılar oldu və bundan sonra saytın uğurları daha da artdı, oxucular tərəfindən sevildi, izləndi".

V. Mahirqızı təqdimatı keçirilən "100 ilin əmanəti" kitabından da söz açaraq "Cümhuriyyət" layihəsinin 2015-ci ildə başladığın vurğulayıb: Layihəmizə Sabir Rüstəmxanlı, Zakir Sadatlı, Mehriban Ələkbərzadə və bir çox tanımış müəlliflər öz töhfələrini verdilər. Xatırladım ki, layihə başa çatmayıb, yenə davam edəcək. Cümhuriyyət həmişə bizim gündəmimizdədir”.

Daha sonra çıxış edən Vüsalə Mahirqızı bildirib ki, bu 10 il ərzində Lent.az-ın fəaliyyəti Azərbaycan dövləti tərəfindən də təqdir olunub: "Saytın baş redaktoru Qabil Abbasoğlu Azərbaycan prezidentinin sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb, həmçinin saytın bir neçə əməkdaşı ölkə başçısının sərəncamı ilə jurnalistlər üçün tikilmiş binada mənzil ilə təmin olunub. Mətbuat Şurasının sədri Əflatun Amaşov “Lent.az”ın Qarabağ mövzuna daim həssaslıqla yanaşdığını dilə gətirib: “”Lent.az” yeni yarananda bir çox layihələrə imza atmışdı. "Döyüş tariximiz", "Əsir düşərgəsi", "Kəşfiyyatçının gündəliyi", "Qəhrəmanlar ölmürlər" rubrikasında çoxsaylı materiallar çap olunub. Qarabağ probleminə həssaslıqla yanaşdıqları üçün “Lent.az” həmişə diqqət mərkəzindədir. Düşünürəm ki, sayt siyasət, iqtisadiyyat, mədəniyyət və digər sahələrdə analitik yazılarla digərlərindən fərqlənərək bu profillə diqqəti cəlb etdi”.

Çıxışından sonra Əflatun Amaşov “Lent.az”ın baş redaktoru Qabil Abbasoğluna Mətbuat Şurasının diplomunu təqdim edib.

Çıxış edən millət vəkili Hikmət Babaoğlu da öz növbəsində bütün yaradıcı heyəti 10 illik yubiley münasibətilə təbrik edib. H.Babaoğlu Azərbaycanda mediayaya yaradılmış şərait və Lent.az saytının uğurları, fəxri cəhətləri barədə geniş danışıb.

Tədbirdə iştirak edən Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin sədri Emin Həsənli “Lent.az”ı təbrik edərək “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı və “Lent.az”ın baş redaktoru Qabil Abbasoğlunu "Vətən naminə" medalı ilə təltif edib.

Tədbirin sonunda çıxış edən Qabil Abbasoğlu “Lent.az”ı oxuyub, yanında olduqları üçün hər kəsə təşəkkür edib: “Borc gördüyümüz işləri bu gün də davam etdirəcəyik. “Lent.az”a Cümhuriyyətimizin yaşı qədər yaş arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR