Zaxarova: "Qarabağ münaqişəsinin həlli mövzusu bizim üçün beynəlxalq gündəmdə daha aktual olan məsələlərdən biridir"

Zaxarova: "Qarabağ münaqişəsinin həlli mövzusu bizim üçün beynəlxalq gündəmdə daha aktual olan məsələlərdən biridir"
# 28 iyun 2018 15:44 (UTC +04:00)

"Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə yanaşması dəyişməyib".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Erməni jurnalistin "Rusiya Dövlət Dumasının sədri Vyaşeslav Volodinin Bakıda keçirdiyi görüşdə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv mövqe sərgiləməsi ilə bağlı bəyanatı Ermənistanın münaqişənin həllində qeyri-konstruktiv mövqe tutması anlamına gəlirmi" sualına cavabında Rusiya XİN sözçüsü Rusiyanın bu münaqişənin həllinə baza yanaşmasının dəyişməz olduğunu söyləyib.

M. Zaxarova Azərbaycan və Ermənistan KİV nümayəndələrinə çağırış edib: "Mən bir daha Azərbaycan və Ermənistan KİV nümayəndələrini konstruktiv olmağa çağırıram.

Elə başa düşməyin ki, biz bunu anlamırıq. Dağlıq Qarabağ problemi ilə bağlı deyilən hər söz münaqişə tərəfi olan ölkələrdə yüksək maraq doğurur.

Siz, bizim Dağlıq Qarabağ münaqişəsinin həllinə, o cümlədən Azərbaycan və Ermənistanla münasibətlərimizə ənənəvi yanaşmamızı bilirsiz.

Bu, fundamental rəsmi mövqedir, heç bir dəyişikliyə uğramayıb. Biz hər iki ölkə ilə nəticəyə nail olmaq üçün işləyirik. Biz, bu münaqişənin həllindəki rolumuzu Bakı və Yerevanla müqayisə etmirik. Lakin Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusu bizim üçün beynəlxalq gündəmdə daha aktual olan məsələlərdən biridir.

İki ölkə arasında əldə olunan razılıqlar, razılaşdırılmış mövqelər sözsüz ki, bizim maraqlarımıza cavab verir. Ona görə də Dağlıq Qarabağ probleminin həllinə Rusiyanın bir dövlət kimi baza yanaşması dəyişməyib.

O ki qaldı bəyanatlara, bəyanatlar siyasətçilər, müxtəlif səviyyəli parlamentarilər, tarixçilər tərəfindən səslənir. Belə bəyanatlar çoxlu saydadır.

Bilirsiniz ki, bu məsələ ilə bağlı rəsmi mövqe var və bu mövqe sizə məlumdur".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR