Ankarada Gömrük Sahəsində Birgə Komitənin növbəti iclası keçirilib

Ankarada Gömrük Sahəsində Birgə Komitənin növbəti iclası keçirilib
# 28 iyun 2018 19:53 (UTC +04:00)

İyunun 28-də Ankara şəhərində Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Türkiyə Gömrük və Ticarət Nazirliyi arasında Gömrük Sahəsində Birgə Komitənin ikinci iclası keçirilib.

DGK Mətbuat Xidmətindən APA-ya verilən xəbərə görə, tədbirdə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov və digərləri, Türkiyə Gömrük və Ticarət Nazirliyinin müşaviri Cenap Aşcının rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

İclasda iki ölkə arasında imzalanmış saziş və anlaşma memorandumu çərçivəsində əməkdaşlığı inkişaf etdirmək məqsədilə bir sıra məsələlər müzakirə edilib.

İclasda "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Türkiyə Respublikası Gömrük və Ticarət Nazirliyinin 2018-2019-cu illəri əhatə edən gömrük hüquqpozmaları ilə mübarizə sahəsində əməkdaşlığının və qarşılıqlı yardımının səmərəliliyinin yüksəldilməsi üzrə Tədbirlər Planı" imzalanıb.

Tərəflər qaçaqmalçılıqla mübarizə bölmələri arasında əlaqələndirici şəxsləri təyin edib və təsdiqləyiblər; kinoloji təlimlər mövzusunda əməkdaşlığın davam etdirilməsi barəsində razılığa gəlib və birgə tədbirlərin keçirilməsinin zəruriliyini vurğulayıblar.

Eyni zamanda, iki ölkənin gömrük laboratoriyaları arasında əməkdaşlığın inkişaf etdirilməsi və bu çərçivədə Bakı və İstanbula/Ankaraya qarşılıqlı səfərlərin təşkil edilməsi, risklərin təhlili sahəsində həyata keçirilən uğurlu fəaliyyətlərin davam etdirilməsi barəsində razılıq əldə edilib.

Sonra tərəflər Sədərək-Dilucugömrük-sərhəd buraxılış məntəqəsinindaha səmərəli istifadəsini təmin etmək məqsədilə lazımi təşəbbüslərin həyata keçirilməsinin zəruriliyi barədə razılığa gəlib və hər iki tərəfdə sərhəd keçidlərinin sürətləndirilməsini qərara alıblar. Sədərək-Dilucu gömrük idarələrinin rəhbərləri arasında keçirilən aylıq iclas və hesabatlardan məmnunluq ifadə edilib və bunun davam etdirilməsi də qərara alınıb.

İclasda Türkiyə Respublikasından tranzit keçməklə Azərbaycan Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında vəəks istiqamətdəyüklərin, xüsusilə də canlı heyvanların daşınması məsələsi də müzakirə edilib. Məsələnin qısa zamanda müsbət həlli üçün iki ölkənin qida təhlükəsizliyi sahəsində aidiyyəti qurumlarının da iştirakı ilə görüş keçirilməsi razılaşdırılıb.

Bundan başqa, "Azərbaycan Respublikasının Hökuməti ilə Türkiyə Respublikasının Hökuməti arasında avtomobil nəqliyyatı ilə tranzit daşımalar haqqında ilkin elektron məlumat mübadiləsi sisteminin yaradılmasına dair Saziş"ə (19 iyul 2017-ci ildə Bakıda imzalanıb) əsasən, test şəraitində həqiqi məlumatların mübadiləsinin tətbiqi ilə bağlı infrastruktur hazırlığının tamamlanaraq işə salındığı bildirilib. Saziş çərçivəsində müvafiq texniki şərtlərə dair danışıqların başa çatdırılması və tezliklə imzalanması qərara alınıb.

Bununla yanaşı, iki ölkə arasında gömrük məlumatlarının mübadiləsinin gələcəkdə hava vasitəsilə daşınan mallara da tətbiq edilməsi üzrə danışıqların başlanması barədə razılıq əldə olunub. Tərəflər Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində məlumatların elektron şəkildə mübadilə edilməsini də qərara alıblar.

Nəhayət, iclasda Azərbaycan Gömrük Xidmətində informasiya texnologiyaları sahəsində və innovasiya layihələrinin tətbiqi və idarə olunması üzrə əldə olunmuş nailiyyətlər nəzərə alınaraq, Türkiyə gömrük orqanlarının müvafiq əməkdaşları üçün seminarların keçirilməsi və digər məsələlər barədə razılıq əldə edilib.

Birgə komitənin üçüncü iclasının isə gələn il Bakı şəhərində keçirilməsi razılaşdırılıb.

İclasın sonunda Birgə Komitənin ikinci iclasının protokolu imzalanıb.

Sənədi Azərbaycan tərəfindən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Türkiyə tərəfindən isə Gömrük və Ticarət Nazirliyinin müşaviri Cenap Aşcı imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR