Azərbaycanda üçüncü şəxslər üçün mal idxal və ixracına nəzarət gücləndiriləcək

Azərbaycanda üçüncü şəxslər üçün mal idxal və ixracına nəzarət gücləndiriləcək
# 28 iyun 2018 20:18 (UTC +04:00)

Azərbaycanda üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərə nəzarət gücləndiriləcək.

APA-nın məlumatına görə, bu, bu gün Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamla təsdiq edilən “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nında əksini tapıb.

Tədbirlər Planına əsasən bu sahədə icraçı orqanlar qismində Dövlət Gömrük Komitəsi, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi müəyyənləşib. Beləliklə, bu il sentyabın 1-dək üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərə nəzarətin gücləndirilməsi məqsədilə işçi qrup və dəmir yolları, hava yolları, dəniz nəqliyyatı və quru yolları üzrə alt işçi qruplar yaradılacaq. Eyni zamanda üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərin idxal olunmuş malları onların faktiki sahiblərinə vergi və gömrük orqanları əməkdaşlarının iştirakı ilə gömrük ərazisində və ya idxalçıların anbar sahələrində (təsərrüfat subyektlərində) təhvil vermələri, gömrük təmsilçiliyi (gömrük brokerləri) və gömrük daşıyıcıları sisteminin daha da təkmilləşdirilməsi və vergi ödəyicisi kimi onlara nəzarətin gücləndirilməsi təmin olunacaq. O cümlədən Dövlət Gömrük Komitəsinin müvəqqəti saxlanc yerlərinin reyestrini aparması və bu barədə xarici iqtisadi fəaliyyətin iştirakçılarının məlumatlandırılması, reyestrin Dövlət Gömrük Komitəsinin internet portalında yerləşdirilməsi nəzərdə tutulub.

Bununla əlaqədar idxal olunan yüklər üçün müvəqqəti saxlanc yerlərinin müəyyən edilməsi və saxlanc yerlərinin yaradılmasına dair aidiyyəti normativ hüquqi aktlarda dəyişikliklər ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR