“Dövlət-din münasibətlərinin hüquqi bazası” mövzusunda müşavirə keçirilib

“Dövlət-din münasibətlərinin hüquqi bazası” mövzusunda müşavirə keçirilib
# 29 iyun 2018 09:33 (UTC +04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Dövlət-din münasibətlərinin hüquqi bazası” mövzusunda respublika müşavirəsi keçirilib.


APA-nın məlumatına görə, müşavirədə Bakı şəhəri üzrə dini icma sədrləri, din xadimləri və mütəxəssislərlə yanaşı, müxtəlif dövlət qurumlarının nümayəndələri, o cümlədən rayon icra hakimiyyətlərində ictimai-siyasi və humanitar məsələlər şöbələrinin müdir müavinləri iştirak ediblər.

Müşavirəni açan Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, dini radikalizm və ekstremizmlə ideoloji müstəvidə effektiv mübarizənin aparılması, eyni zamanda müxtəlif dinlərə, məzhəblərə etiqad edən ölkə vətəndaşlarının qarşılıqlı hörmət, mehribanlıq və əməkdaşlıq şəraitində birgəyaşayış ənənələrinin daha da möhkəmləndirilməsi məqsədilə silsilə tədbirlər həyata keçirilir. G. İsmayılov Dövlət Komitəsinin maarifləndirmə tədbirlərinin əsasən Qafqaz Müsəlmanları İdarəsi ilə birgə təşkil edildiyini söyləyib. Bu tədbirlərin əsas istiqamətlərindən biri bu sahədə mövcud qanunvericilik bazası ilə bağlı maarifləndirmə işinin təşkilidir. G. İsmayılov bugünkü müşavirənin bununla bağlı ictimai müzakirələrin aparılması məqsədilə təşkil edildiyini diqqətə çatdırıb.

DQİDK-nın Hüquq və qeydiyyat şöbəsinin müdiri Səbinə Allahverdiyeva da mövzu barədə fikirlərini bölüşüb. Daha sonra Dövlət Komitəsinin Kadrlarla iş sektorunun müdiri Xalid Məmmədovun məruzəsi dinlənilib.

Müşavirənin davamında ölkədə dövlət-din münasibətlərinin milli təhlükəsizlik və milli maraqlar baxımından düzgün istiqamətləndirilməsi məqsədilə mövcud qanunvericilik bazasının təkmilləşdirilməsinin, hüquqi aktlara zəruri əlavə və düzəlişlər edilməsinin önəminə toxunulub, eləcə də bu sahədə görüləcək işlər müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR