Tacikistan səfiri: "Azərbaycanla əlaqələr hər sahə üzrə inkişaf edir"

Tacikistan səfiri: "Azərbaycanla əlaqələr hər sahə üzrə inkişaf edir"
# 06 iyul 2018 13:02 (UTC +04:00)

Tacikistanın paytaxtı Düşənbədə “2018-2028: su dayanıqlı inkişaf naminə” mövzusunda beynəlxalq konfrans keçirilib.


APA-nın xəbərinə görə, bu barədə Tacikistanın Azərbaycandakı səfiri Rustam Soliyev keçirdiyi brifinqdə deyib.

R. Soliyev hazırda dünyada 800 milyon insanın içməli suya, 2,5 milyard insanın isə su sanitariyasına çıxışı olmadığına diqqət çəkib. O qeyd edib ki, 2050-ci ilə qədər 5 milyard insan və ya dünya əhalisinin yarısı su stresi yaşayacaq: “Bu mənada əhalinin sayının və su tələbatının artması kompleks işlər görməyi tələb edir. Yaşanan iqlim dəyişkənliyi və demoqrafik artım gələcək addımlar və imkanları müəyyənləşdirəcək. Bu məqsədlə hər iki ildən bir bu cür beynəlxalq konfrans keçirməyi planlaşdırırıq. Konfransın sonunda qəbul edilmiş bəyannaməyə BMT Baş Assambleyasının 73-cü sessiyasında dəstək göstəriləcəyinə inanırıq. 2030-cu ilə qədər əhalinin təmiz su ilə təmin edilməsi üçün proqram hazırlanmasına artıq başlamışıq”.

Səfir bu istiqamətdə həmişə Azərbaycanın dəstəyini gördüklərini deyib.

Azərbaycan-Tacikistan əlaqələrinə toxunan R. Soliyev əlavə edib ki, iki ölkə arasındakı əlaqələr pozitiv şəkildə hər sahə üzrə inkişaf edir və ortaq cəhətlər çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR