Prezident İlham Əliyev Bakıda yol hərəkətinin təşkilinin təkmilləşdirilməsinə dair fərman imzalayıb

Prezident İlham Əliyev Bakıda yol hərəkətinin təşkilinin təkmilləşdirilməsinə dair fərman imzalayıb
# 06 iyul 2018 18:13 (UTC +04:00)

Prezident İlham Əliyev Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

APA-nın məlumatına görə, fərmana əsasən Bakı Nəqliyyat Agentliyi Bakı şəhərinin inzibati ərazisində:

- parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasını təmin etməli;

- Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birlikdə həmin xüsusi texniki vasitələrin Nazirliyin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə inteqrasiya olunmasını təmin etməli;

- dayanma, durma və parklanma qaydalarını pozmuş nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada mühafizə edilən duracağa aparılması (bundan sonra – təxliyə) xidmətini təşkil etsin və təxliyə xidmətinin həyata keçirilməsinə nəzarət etməli;

- nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə qaydasını Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;

- yeni yeraltı və yerüstü avtomobil duracaqlarının (qarajlarının), həmçinin mühafizə olunan duracaqların yaradılması ilə bağlı zəruri tədbirlər görülməsini təmin etməlidir.

Fərmanla Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilib.

Nazirlər Kabinetinə tapşırılıb ki, Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair tələbləri Bakı Nəqliyyat Agentliyinin təklifləri əsasında hazırlayıb bir ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

Bakı Nəqliyyat Agentliyinin təklifləri əsasında Bakı şəhərində yeni avtomobil duracaqlarının (qarajlarının), həmçinin mühafizə olunan duracaqların yaradılması məqsədilə torpaq sahələrinin ayrılması və həmin duracaqların (qarajların) Agentlik tərəfindən tikilməsi ilə bağlı zəruri tədbirlərin görülməsini təşkil etsin;

bu Fərmanın 2-ci və 3-cü hissələri nəzərə alınmaqla, Bakı Şəhər İcra Hakimiyyətinin balansında olan dövlət əmlakının Bakı Nəqliyyat Agentliyinin balansına verilməsini təmin etsin;

nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması məqsədilə Azərbaycan Respublikası qanunlarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR