Gürcüstanda azərbaycanlıların yaşadığı bölgə barədə hazırlanmış video-çarx narazılıq yaradıb

Gürcüstanda azərbaycanlıların yaşadığı bölgə barədə hazırlanmış video-çarx narazılıq yaradıb
# 07 iyul 2018 17:26 (UTC +04:00)

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli bölgəsinin administrasiyasının hazırladığı video-çarx böyük narazılığa səbəb olub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, video-çarxda Kvemo Kartli bölgəsinin təbiəti, tarixi və dini abidələri, mədəniyyəti yer alıb.

Bölgə administrasiyasının rəsmi “Facebook” səhifəsində yerləşdirilmiş video-çarx qısa vaxt ərzində yerli azərbaycanlılar tərəfindən aktiv olaraq şərh olunub. Şərhlərdə video-çarxda Kvemo Kartli bölgəsində yaşayan azərbaycanlılara məxsus dini abidə və mədəniyyət nümunələrinin əks olunmamasından narazılıqlar ifadə olunub.

Kvemo Kartli administrasiyasından isə video-çarxın qurumda mövcud olan materiallar əsasında hazırlandığı bildirilib. Dövlət qurumu gələcəkdə hazırlanacaq bu cür video-çarxlarda bölgənin müxtəlifliyinin nəzərə alınacağını qeyd edib.

Məsələyə tanınmış gürcü hüquq müdafiəçisi Tamta Mikeladze də münasibət bildirib. O, “Facebook” səhifəsində Kvemo Kartli administrasiyasının hazırladığı video-çarxın bölgədə artmaqda olan mədəni assimilyasiya siyasətinin yaxşı göstəricisi olduğunu qeyd edib: “Bölgənin çoxmillətli və çoxdinli müxtəlifliyi haqqında hazırlanmış video-çarxda dini və etnik müxtəlifliyi necə göstərməmək olar? Son illər dominantlıq edən kilsənin güclənməsi aydın görünür. Azərbaycanlıların yaşadığı kəndlərdə xaçlar quraşdırılır, kəndlərin və bayramların adı gürcüləşdirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR