Pxenyan Pompeo ilə danışıqların nəticələrindən narazı qalıb

Pxenyan Pompeo ilə danışıqların nəticələrindən narazı qalıb
# 08 iyul 2018 05:52 (UTC +04:00)

Şimali Koreya XİN 6-7 iyul tarixlərində KXDR və ABŞ arasında keçirilmiş yüksək səviyyəli danışıqların nəticələrindən dərin təəssüf və narazılıq ifadə edib.

APA-nın Şimali Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən verdiyi xəbərə görə, KXDR XİN bəyanatında deyilir:

“KXDR və ABŞ arasında 6-7 iyul tarixlərində keçirilən yüksək səviyyəli danışıqlar zamanı ABŞ-ın nümayiş etdirdiyi davranış və mövqe, həqiqətən, hədsiz təəssüf hissi doğurur. ABŞ münasibətlərin yaxşılaşdırılması üçün vacib olan baza məsələləri həll etmək istəmir. Ölkələrimiz arasında etimad nəinki möhkəmlənmədi, bu danışıqlar təhlükəli bir vəziyyət yaradaraq, nüvəsizləşdirməyə yönələn xoş niyyətimizi sarsıda bilər”.

Bununla belə, bəyanatın sonunda qeyd olunur ki, KXDR ABŞ prezidenti D.Trampa etimad göstərməkdə davam edir.

Şimali Koreya baza məsələlər sırasına müharibənin başa çatması haqqında bəyannamənin imzalanması, ABŞ hərbçilərinin qalıqlarının qaytarılması prosesinin müzakirəsi və sair problemləri aid edir.

Qeyd edək ki, danışıqlarda ABŞ dövlət katibi Mayk Pompeo və KXDR Əmək Partiyası Mərkəzi Komitəsi sədrinin müavini Kim Yön Çxol iştirak edib.

Danışıqlardan sonra Mayk Pompeo “Twitter” səhifəsində komandasının işi ilə fəxr etdiyini vurğulasa da, danışıqların təfərrüatlarını açıqlamayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR