Azərbaycanda sənaye istehsalı 1% artıb

Azərbaycanda sənaye istehsalı 1% artıb
# 12 iyul 2018 12:03 (UTC +04:00)

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ilin yanvar-iyun aylarında 23,8 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1% çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 8,8% artıb, neft sektorunda isə 0,2% azalıb.

Sənaye məhsulunun 72%-i mədənçıxarma sektorunda, 23,4%-i emal sektorunda, 4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 0,9% artıb, əmtəəlik qaz hasilatı isə 4,9% azalıb.

Emal sektorunda avtomobil istehsalı 16,6 dəfə, tütün məmulatlarının istehsalı 3,4 dəfə, poliqrafiya məhsullarının istehsalı 2,7 dəfə, mebel istehsalı 2,0 dəfə, elektrik avadanlıqlarının istehsalı 84,1%, həm hazır metal məmulatlarının, həm də toxuculuq sənayesi məhsullarının istehsalı 64,1%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 56,9%, tikinti materiallarının istehsalı 34%, metallurgiya sənayesi məhsullarının istehsalı 15%, geyim istehsalı 10,3%, içkilərin istehsalı 5,6%, kimya sənayesi məhsullarının istehsalı 0,4%, əczaçılıq məhsullarının istehsalı 0,3% artıb, ağacın emalı və ağacdan məmulatların istehsalı 2,3%, qida məhsullarının istehsalı 3,1%, maşın və avadanlıqların istehsalı 6,7%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 8,4%, kompüter, elektron və optik məhsulların istehsalı 10,6%, rezin və plastik kütlə məmulatlarının istehsalı 19,3%, sair nəqliyyat vasitələrinin istehsalı isə 62,7% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 4%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,5% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR