10-cu ilində Tələt Paşa komitəsi və biz - TƏHLİL

1. İlk “reaksionerlər” və aqibətləri

Bakı - APA. Türkiyənin “üstünə gəlməkdə” olan “soyqırım” məsələsinə ilk ciddi reaksiyalar 2002-ci ildə verildi: 27 may 1915-də ermənilərin imperiyanın Şərq bölgələrindən başqa bölgələrə köçürülməsinə dair qərarı imzalayan daxili işlər naziri Tələt Paşanın 16 mart 1921-ci ildə Berlində terrorçu Tələryan tərəfindən qətlə yetirildiyi gündə -16 martda - İstanbulun “Pera palas” otelində keçirilən elmi toplantının məkanı Azərbaycan üçün də simvolik əhəmiyyətə malik idi. Çünki milli hökumətimizin daxili işlər naziri Behbud xan Cavanşir də 1921-də erməni terrorçu tərəfindən “Pera palas”ın qabağında qətlə yetirilmişdi. Toplantını təşkil edən Avrasiya Bir Vəqfinin başqanı Şaban Gülbahar “16 martı erməni terroruna qurban getmiş bütün Türklərin xatirə günü” kimi elan etməyi irəli sürmüşdü. Avrasiya Bir Vəqfinin və onun tərkibindəki Avrasiya Strateji Araşdırmalar Mərkəzinin  (ASAM) “erməni məsələsi”ylə bağlı fəaliyyətini sayğıyla qarşılamalıyıq, zira ASAM-ın tərkibində olan Erməni araşdırmaları institutu (səfir Ömər Lütəmin müdiriyyətində) çox səmərəli fəaliyyət göstərdiyi  kimi, Ömər bəyin rəhbərliyi altında çıxan və “erməni məsələsi”nə dair Türkiyənin ingiliscə yeganə elmi dərgisi olan “Revew of Armenian studies” adlı jurnalın 50 nömrəsi işıq üzü görüb.

 

24 apreldə “soyqırım” iddialarına sərt təpki nümayiş etdirən ikinci “reaksioner” isə Yedditəpə Universiteti qurucular heyətinin başqanı Bədrəddin Dalan oldu; əsassız “soyqırım” iddialarına qarşı ABŞ-da ən təsirli mübarizəni aparan professor Justin McCarthynin universitetdəki çıxışını elm dünyası ilə yanaşı, böyük dövlətlərin  İstanbuldakı konsulluqlarının təmsilçilərinin və Türkiyənin Birinci ordusunun   komandanının da dinlədiyinə şahidəm. Toplantının ertəsi günü söhbətimizdə  İstanbulun keçmiş bələdiyyə başqanı və İSTEK fondunun qurucusu Bədrəddin Dalan, “Erməni araşdırmaları institutu” yaratmaq üçün Azərbaycandan mütəxəssis çağırmağımı məndən xahiş etmiş, Yedditəpə Universitetində bu işin altına girməsi üçün Bakıdan heç kimi razı sala bilməmişdim.

 

(Qeyd: Hal-hazırda Türkiyənin ən böyük şirkəti halına gəlmiş “Ülkər” qrupunun yaratdığı Avrasiya Bir və ASAM fəaliyyətini  davam etdirir.Ergenekon” adı verilmiş prosesdə həbs edilmə təhlükəsini əvvəlcədən hiss edib xaricə gedən Bədrəddin Dalan isə hələ də ölkəyə dönə bilməyib).

 

2002-ci ilin üçüncü  “reaksioneri” professor Yusif Halaçoğlunun başqanlıq etdiyi Türk Tarix Qurumu olmuşdu. Qurum, “soyqırım” iddialarına qarşı Türk ictimaiyyətini bilgiləndirmək və iddialara qarşı, imkanlar əl verdikcə, xarici platformalarda mübarizə aparmaq  vəzifəsini öz üzərinə götürmüşdü, bunu uğurla yerinə yetirirdi. 2002-ci ilin sentyabrında Türk Tarix Qurumu “erməni masası” müdiri, professor Hikmət Özdəmirin “Bizim nəslimiz “soyqırım” böhtanları və erməni terrorçularının  diplomatlarımızı şəhid etməsinin intiqamını ciddi şəkildə alacaqdır” sözləri ölkə içindəki sonrakı gəlişmələrin manifesti kimi qəbul edilirdi. Professor Yusif Halaçoğlu 2004-cü ildə İsveçrədə “soyqırım” iddialarının həqiqəti əks etdirmədiyini dilə gətirəndə İsveçrə onun haqqında da təhqiqata başlamış və “ölkəyə gəlməsi durumunda həbs ediləcəyini” elan etmişdi. Daha sonra Avropa ölkələrini Türk diplomatik protokolunun müşayiəti ilə gəzəcək olan professor Halaçoğlu bundan məmnun qalmış və 1991-ci ilin iyunundan başlayan səmimi dostluğumuza güvənərək “Avropada aeroportların VİP salonlarından keçirəm, Türk səfirliklərinin  əməkdaşları məni qarşılayır, çıxış etdiyim yerlərdə mənimlə olurlar” sözlərini onun eqoistliyi kimi qəbul etmədiyimi bilirdi. Türkiyənin bütün arxivlərinin açıq olduğunu, daşnakların Bostondakı arxivlərinin açılması üçün 20 milyon dollar verməyə hazır olduğunu vurğulayan professor Halaçoğlunun fəaliyyəti, görünür, ermənilər qədər Türkiyədə bəzi dairələri də narahat etdi ki, iş 2008-ci ilin iyununda onun Türk Tarix Qurumu başqanlığından uzaqlaşdırılmasına qədər vardı.

 

Dönəmin siyasətindəki “reaksionerlər” Məclisin hər iki partiyasında mövcud idi; həm də ən təcrübəli diplomat-siyasətçilərin timsalında. AKP-də bu işə ciddi şəkildə ilgi göstərənlər - keçmiş xarici işlər naziri Yaşar Yakış və Məclisin NATO qrupunun başqanı Vahid Ərdəm, CHP-də isə Vaşinqtondakı keçmiş səfir Şükrü Ələkdağ və Bonndakı keçmiş səfir Onur Öymən idi. İkisinin ortaq özəlliyi - çox da uzaq olmayan aralarla XİN icra aparatına rəhbərlik etmələriydi. Ələkdağ və Öymənin hazırladığı raportu martda CHP-nin Məclis qrupu toplantısında açıqlayan Dəniz Baykal, “soyqırım” iddialarının yalan olduğunu göstərən sənəd kimi ingilislərin 1921-ci ildə hazırladıqları və təbliğat məqsədi güdən “Mavi kitab”ı ilk dəfə ictimaiyyətin gündəminə gətirirdi. 13 aprel 2005-də xarici işlər naziri Abdullah Gül Məclisdəki 30 dəqiqəlik çıxışında Türkiyənin məsələyə baxışını qəti şəkildə ortaya qoydu: “Atalarımız “soyqırım” yapmamışdır. Türkiyə bu böhtanlara baş əyməyəcəkdir. Bundan sonrakı mərhələdə böhtanların 100-cü ilinə hazırlaşmaq əsas vəzifəmiz olmalıdır”.

 

O günlərdə məsələ ilə bağlı, futbol terminiylə desək, “topa girən” başqa bir şəxsiyyət vardı; aprelin əvvəlindəki seçkidə prezidentliyə bir daha namizəd olmayıb meydanlara enən Şimali Kipr Türk Cümhuriyyətinin qurucu prezidenti Rauf Dənktaş Türkiyənin siyasət, elm, diplomatiya dairələrinin bir qrup önəmli adamıyla 22-23 iyulda İsveçrənin Lozanna şəhərində bir araya gələrək, Türkiyə Cümhuriyyətinin quruluş sənədi olan Lozanna sazişinin imzalanmasının 92-ci ilini orada mitinq və konfranslarla qeyd edəcəkdi. Mitinqlərin birində İşçi Partiyasının lideri Doğu Perinçək “Erməni soyqırım”ı beynəlxalq yalandır!” - deyə hayqıraraq İsveçrənin “erməni soyqırımı” olmamışdır” - deyənlər cəzalandırılır” - məzmunundakı qanununu heçə saymışdı. İsveçrənin Perinçəki polis nəzarətinə alması, xarici işlər naziri Gülün müdaxiləsiylə sərbəst buraxsa da, ifadəsini alaraq istintaq cəlb etməsi “soyqırım” iddialarına qarşı Avropa və ABŞ-da təşkilatlı mübarizənin vacibliyini ortaya çıxarmışdı; Cəlil Məmmədquluzadənin məşhur sözüylə desək, “Tələt Paşa komitəsini zəmanə özü yaratmışdı, təbiət özü yaratmışdı”

 

2.Hüzurlarınızda Tələt Paşa komitəsi”

 

22 yanvar 2006-da o vaxtkı ofisimə  50 metr məsafədə olan “Pera palas” otelində Tələt Paşa komitəsinin təsis toplantısı keçirildi. Günəşli bir qış günündə keçirilən  toplantıya Rauf Dənktaş sədrlik edirdi, iqtidar partiyası AKP-dən İstanbul millət vəkili, professor Nevzat Yalçıntaş, müxalifət partiyası CHP-dən isə Ardahan millət vəkili Ensar Öğüt vardı; hər ikisi “soyqırım” böhtanlarına qarşı Türkiyənin haqlı mövqeyini dünyaya çatdırmaq üçün Tələt Paşa komitəsi sıralarında əlbir fəaliyyət göstərəcəklərini vurğuladı; Abdullah Gülün təlimatıyla Türkiyə Xarici İşlər Nazirliyi yüksək vəzifəli bir məmurunu toplantını izləmək və təfərrüatlı qeydlər aparmaq üçün göndərməklə qalmayıb, Tələt Paşa komitəsinin qurulması və ilk dönəmdəki fəaliyyəti üçün 1.5 milyon dollar pul da ayırmışdı. Dənktaşın ustalıqla idarə etdiyi toplantıya verilən qısa fasilədə Doğu Perinçək iqtidardan Tələt Paşa komitəsinə daha çox dəstək ala bilmək üçün Nevzat Yalçıntaşa yanaşır, onu dinləyən Nevzat hoca həmişəki kimi səsinin ən gur pərdəsindən söylədiyi  “Amma siz də siyasəti yaxşı bilirsiniz haa” sözlərinin arxasınca qəhqəhə çəkirdi.

 

- Yalçıntaş: Ovanes Kaçaznuninin kitabını oxudum, hər şeyi etiraf edib, əlimizdə çox güclü silah olacaq.

 

- Perinçək: Azərbaycanlı qardaşımız Arif Acaloğlu çevirib, hocam. Rusca mükəmməl bilir.

 

Nahar fasiləsində Rauf Dənktaşdan müsahibə alma imkanım olmuşdu. Tələt Paşa komitəsinin əsas hədəfi “soyqırım” böhtanlarına qarşı mübarizədə Avropadakı Türkləri təşkilatlandırmaq, Doğu Perinçəkin dediyi kimi, Türkiyəyə böhtan atan ölkələri “qəlbindən vurmaq” idi. Komitənin ilk işi martın əvvəlində Berlində mitinq keçirmək oldu; Almaniyadakı Türklərin çoxluq təşkil etdiyi mitinqə Türkiyədən xüsusi təyyarə kirayələrək “Al bayrağını, Berlinə gəl!” şüarı altında gedilmişdi. XİN-in verdiyi maddi dəstəklə “soyqırım” böhtanlarına qarşı arxiv materiallarını ardıcıl şəkildə çap etməyə başlayan Tələt Paşa komitəsi, eyni dəstəkdən istifadə edərək Məhmət Perinçəki Rusiya arxivlərində işləməyə göndərdi; bu dəfə maddi dəstəyə xarici işlər naziri Gülün məktubu da əlavə edilmişdi. Mayda Azərbaycan mətbuatı üçün mənə verdiyi geniş müsahibədə Doğu Perinçək “Azərbaycana müraciət edirəm; bu mübarizəni birgə aparaq. Ermənilərin ağlı olsa, Qarabağı bir an əvvəl tərk edərlər, onsuz da biz onları oradan çıxaracğıq” desə də, Azərbaycandan o müraciətə heç vaxt ciddi bir cavab gəlmədi.

 

Komitənin çalışmaları iqtidar-müxalifət həmrəyliyi içərisində coşquyla davam edərkən baş nazir Ərdoğanın “Türk ordusuna “işğalçı” deyənlərlə eyni sıralarda ola bilmərəm”  sözləri bir anda vəziyyəti dəyişdirdi. Tayyip bəyin o sözlərlə Doğu Perinçəki hədəf aldığı gün kimi aydın idi. Perinçək o sözü  təkzib etdi; amma o sözü demişdisə belə, o sözün deyildiyi 5-6 ay qabaq da Tayyip bəyə məlum olmalıydı və istər AKP, istərsə də XİN, Perinçəkin koordinator olduğu bir quruma dəstək verməməliydi; məntiq bunu tələb edirdi. Gerçək 2006-cı ilin sentyabrında meydana çıxdı: 16 sentyabrda yenə “Pera palas” otelində fövqəladə şəkildə toplanan Tələt Paşa komitəsi üzvlərinə (Rauf Dənktaş da iştirak edirdi) müraciət edən İşçi Partiyası sədrinin müavini Fərid İlsevər Avropa Parlamentinin avqustda Ərdoğan hökumətinə məktub yazaraq “Tələt Paşa komitəsinin ləğvini tələb etdiyini” açıqladı. Məlum oldu ki, AP-yə müraciət edən Avropadakı erməni lobbisi “Tələt Paşanın erməniləri “soyqırım”a məruz qoyduğunu, onun adıyla qurulmuş bir təşkilatın da Avropada yeni bir “soyqırım” yapacağından qorxduqlarını” AP-yə yazıbmış. İlsevər, məsələnin NATO-nun ən dərin dəhlizlərində müzakirə edilərək Tələt Paşa komitəsinin hədəfə alındığını söylədi; həmişəki soyuqqanlılığını qoruyan təcrübəli dövlət adamı Rauf Dənktaş isə “Demək, hədəfi vuran işlər görürsünüz ki, bəzi yerləri narahat etmisiniz” sözləriylə komitə tərəfdarlarını daha da ruhlandırırdı.

 

Komitə çalışmalarını davam etdirərkən sıxıntılı dönəm 2007-ci ilin martında Perinçəkin İsveçrədəki məhkəmədə 3 ay cəza almasından sonra başladı; başda Rauf Dənktaş olmaqla, Tələt Paşa komitəsinin idarəçiləri və tanınmış üzvləri Perinçəkə dəstək üçün yenə Lozannadaydılar. Daha sonra AKP hökuməti tərəfindən Rauf Dənktaşın Türkiyədəki fəaliyyətinə qarşı başladılan təzyiqlər Tələt Paşa komitəsinin fəaliyyətində axsamalara yol aça bilməsə də, komitənin Avropadakı toplantılarını təşkil etmək üçün hökumətin maddi dəstəyi dayandırması mənfi təsirini göstərirdi. 2007-ci ilin dekabrında Taksimdəki “The Marmara” otelində keçirilən qapalı toplantıdan əvvəl Rauf Dənktaş Qarabağı işğaldan necə azad edəcəyimizə dair sualıma “Gənclərə Qarabağı unutdurmayın, onlar Qarabağı unudarsa, xilas etmək çox çətinləşər. Azərbaycan gəncliyi Qarabağı azad etmək üçün daima hazır vəziyyətdə olmalıdır” şəklində cavab vermişdi.

 

Tələt Paşa komitəsi ən böyük zərbəni 2008-ci ilin martında aldı. Doğu Perinçək və komitənin bəzi aparıcı üzvləri “Ergenekon” adı verilən əməliyyatda həbs edilincə görülən işlərin axsamaya məruz qalması qaçılmaz oldu. Atılacaq yeganə addımı Perinçəkin vəkili Məhmət Cengiz ataraq iyunun əvvəlində “söz və ifadə azadlığını məhdudlaşdıran” İsveçrəni Avropa İnsan Haqları Məhkəməsinə şikayət etdi. Tələt Paşa komitəsinin koordinatorluğunu İşçi Partiyası sədrinin beynəlxalq məsələlər üzrə müavini Cüneyt Akalın öz üzərinə götürəndən sonra komitənin fəaliyyəti Perinçəkin AİHM-dəki məhkəməsinə fokuslandı. Çox çətin günlər idi, toplantılar üçün yer tapmaq belə müşkül hala gəlmişdi. “Armada”, “The Marmara” otellərində, Memar Sinan Universitetində keçirilən toplantılara gələnlərin sayı getdikcə artırdı. Hər toplantıda Məhmət Cengiz AİHM-dəki şikayətin vəziyyəti barədə məlumat verir, qələbə qazanılacağından əmin olduğunu vurğulayırdı. 2011-ci ilin yayında Moskvadan 3 çamadan arxiv materialıyla qayıdan Məhmət Perinçək də həbs edildi; Moskvadakı mənbələrdən öyrəndiyimə görə, Perinçək orada keçirdiyi son 1 ildə qəzetlərdə Fətullah Gülənin əleyhinə 3 yazı çap edilibmiş; Gülənin Türkiyədəki adamları o yazıları Perinçəkin çap etdirdiyinə inanaraq onu “Ergenekon” adı verilən əməliyyat çərçivəsində həbs etdirmişdilər.

 

2012-ci ilin əvvəlində Tələt Paşa komitəsinin koordinatorluğunu İstanbul Universitetinin keçmiş rektoru Kamal Aləmdaroğlu öz üzərinə götürdü; sonrakı mərhələdə cərəyan edən proseslər barədə məlumatları professor Aləmdarolundan alırdım. Perinçək-İsveçrə çəkişməsiylə bağlı AİHM-in Türkiyədən istədiyi “mövqe bildirmə məktubuna” xarici işlər naziri Əhməd Davudoğlu 15 sentyabr 2011-də Perinçəki tamamilə dəstəkləyən cavab göndərdi. Komitənin 2012-ci ilin martında “Armada” otelində keçirdiyi toplantıda çıxış edən vəkil Məhmət Cengiz “hər şeyin yolunda getdiyini, əlavə heç bir məktuba ehtiyac olmadığını” bəyan edərək, sakitcə AİHM qərarını gözləməkdən başqa alternativin olmadığını vurğuladı. Qərarın 1-2 ay işində çıxacağı gözlənsə də, 1.5 ildən sonra çıxdı.

 

5 avqust 2013-də “Ergenekon” adı verilmiş prosesin məhkəmə hökmüylə Məhmət Perinçək həbsdən çıxdı, həbs edilmədən eyni prosesə daxil edilən və hökmü dinləmək üçün məhkəməyə çamadanını hazırlayaraq gedən professor Kamal Aləmdaroğlu isə məhkəmə salonundan Silivriyə göndərildi. 6 avqustda APA-ya müsahibə verən Məhmət Perinçək “Haqqımdakı ittihamnamədə “ermənilərin milli qürur və heysiyyətini incidərək “Ergenekon” terror təşkilatının təbliğatını aparmaq” suçlaması vardı. Bundan sonra Türkiyədə “erməni soyqırımı” olmamışdır” demək suç sayılacaq” şəklində həm faciəli, həm də ironik bəyanata imza atırdı. 17 dekabrda AİHM hökmünü verərək  Doğu Perinçəkin şikayətiylə “söz və ifadə azadlığını məhdudlaşdıran” İsveçrəni cəzalandırdı. 18 yanvar 2014-də “Taxim Hill” otelində Perinçəkin AİHM-dəki qələbəsi qeyd edilməklə birlikdə mübarizənin yeni yol xəritəsi müəyyənləşdirildi. Şölə Perinçəkin çıxışı çox təsirliydi: “Bu mübarizəni siyasi dünyagörüş fərqlərinə baxmayaraq, vətənsevər insanlarla birgə apardıq. Əski MHP millət vəkili Məhmət Gül daima bizlərlə bir yerdəydi (rəhmətlik Məhmət Gülün əksər toplantılara gələrək,dəfələrlə “Bu, milli məsələmizdir. Siyasi baxışlarımız fərqli olsa da, bu mübarizədə axıra qədər Perinçəklə bir yerdə olacağımı hamı bilsin”- dediyini çox yaxşı xatırlayıram - M.Ə.). O cinahla bizim aramızda dərin siyasi baxış fərqi olub, hətta aramıza qan düşüb, ancaq milli mübarizədə Məhmət Gül hamıya örnək oldu. Oğlu Şərəfi bibisi olaraq mənə əmanət edib. Həbsdə yatmaq da bizim üçün bir tapşırıqdır, həyat yoldaşımın həbsdə olmasını bu cür dəyərləndirirəm. Bu mübarizənin pərdə arxasında o qədər nüanslar var ki, cildlərlə kitab yazmaq olar” - xanım Perinçək bu şəkildə danışmışdı. Doğu Perinçək həbsdə olduğuna görə, o toplantıda Tələt Paşa komitəsinin yeni koordinatoru məsələsi də müzakirə edilmiş, Onur Öymən, Süheyl Batum, Məhmət Perinçəkin adları önə çıxmışdı. Toplantıdan ayrılan Hüsaməttin Cindorukun fikirlərini öyrənmişdim. “Bu, eyni zamanda, Azərbaycanın qələbəsidir. Gəlin, əməkdaşlıq edin” demişdi. Fevralda İstanbulda Xocalı soyqırımıyla bağlı toplantıda Azərbaycandan gələn millət vəkillərinin qabağında çıxış edən Tələt Paşa komitəsinin mətbuat katibi Cüneyt Akalın “Azərbaycanın maddi imkanları böyükdür. Maddi dəstəyinizə ehtiyacımız var. Pul istəmirik, çap etdiyimiz kitablardan alıb, siz də dünyanın hər yerində paylayın ki, yeni kitablar çap edə bilək” - sözləriylə dəstək istədi.

 

Martda Doğu Peinçək həbsdən çıxar-çıxmaz APA-ya müsahibə almışdım; həmişəki qərarlılığından zərrə qədər güzəştə getməyərək “erməniləri Qarabağdan çıxaracağıq” deyə vurğulamışdı.

 

İsveçrənin AİHM Böyük Palatasına apellyasiya şikayəti verəcəyi gözlənilirdi, martın 16-da onu verəndən sonra Tələt Paşa komitəsi bütün gücünü apellyasiya məhkəməsindəki müdafiəyə sərf etdi. Türk dövlətinin o dönəmdə Perinçəkə hər cür dəstəyi verdiyini deyə bilərəm (yayda keçmiş xarici işlər naziri Yaşar Yakışla söhbət edəndə demişdi ki, Perinçəkin  bütün məhkəmə xərclərini  xarici işlər nazirliyi öz üzərinə götürməldir).

 

Sentyabrın 8-də vəkil Məhmət Cengiz apellyasiya məhkəməsindəki müdafiənin ingiliscə mətnini AİHM-ə göndərdi, bundan bizi də xəbərdar etdi.

 

Sentyabrın 9-da İsveçrənin qərarına bənzəyən bir qərarı Yunanıstan parlamenti qəbul edərək ““erməni soyrıqımı” olmamışdır” - deyənləri cəzalandırmağı nəzərdə tutan qanun layihəsini Məclisdən keçirdi. 9 yanvar 2015-də Tələt Paşa komitəsinin 13 üzvü qanunu pozmaq üçün Afinaya getsə də, onları ölkəyə qoymayıb aeroportdan deportasiya etdilər. Ancaq taktiki cəhətdən ağıllı hərəkət edən komitə 8 yanvarda 3 üzvünü Afinaya göndərmişdi. Komitənin üzvü, İşçi Partiyası sədrinin beynəlxalq məsələlər üzrə müavini Yunis Soner 9 yanvarda Afinanın Syntigma meydanında “Erməni qoyqırımı olmamışdır!” - məzmunlu bəyanatı oxuyandan sonra 8 saat polis nəzarətində saxlanılaraq Yunanıstandan deportasiya edildi. Qəribədir ki, Yunanıstanın hüquq-mühafizə orqanları o 3 nəfərin ifadəsini belə almadan onları ölkədən çıxarmışdı.

 

27 yanvarda 200 nəfərdən ibarət heyət AİHM Böyük Palatasının 28 yanvardakı qərar iclasında iştirak etmək və izləmək üçün xüsusi təyyarə ilə Strasburqa getdi. Böyük Palatanın iclasında Perinçək, İsveçrə, prosesə müdaxil olan Ermənistan və Fransa müdafiələrini verdilər. Yanvarın 29-da saat 21.08-də heyət İstanbula qayıtdı. Qapıdan çıxan kimi salamlaşdığımız Məhmət Cengiz “Qələbəmizi təsdiqləyib gəldik” dedi. AİHM Böyük Palatasının qərarı bir neçə aydan sonra açıqlanacaq, ancaq Tələt Paşa komitəsi  Strasburqdan qəti qələbəsinə  əmin şəkildə qayıtdı. Böyük Palata qərarı qüvvədə saxlayarsa, Avropa Şurasına üzv olan ölkələrdə “erməni soyqırmı” məsələsi gündəmdən həmişəlik çıxacaq

 

3. Bundan sonrası

 

Tələt Paşa komitəsi AİHM Böyük Palatasının son hökmünün 24 apreldən əvvəl çıxmasını istəyir və gözləyir, çünki Doğu Perinçəkin lehinə çıxacağına inandığı hökmün 24 aprel ərəfəsində “soyqırımı” müdafiə edənlərə ən yaxşı cavab olacağını bilir. Yaxın günlərdə Tələt Paşa komitəsi toplanaraq mübarizənin yeni yol xəritəsini müəyyənləşdirəcək. Bundan sonrakı dönəmdə “soyqırım” qərarı qəbul etmiş ölkələrin (Cənubi Amerika, Rusiya kimi) parlamentlərinin o qərarları ləğv etmələri üçün çalışılacaq. Yəni, “Mübarizə bu gün də var, yarın da”. Qadağan edilməsinə baxmayaraq, 18 martda Çanakkalaya 10 min üzvüylə getməyi planlaşdıran Türkiyə Gənclik Birliyi XX əsrin ən böyük hadisəsi olan Çanakkala zəfərini orada qeyd etdikdən sonra aprelin 23-də Ankarada Milli müstəqillik və həmrəylik gününü böyük mitinqlə  qutlayacaq. Tələt Paşa komitəsini ən çox məmnun edəcək mərasim isə şübhəsiz ki, Türkiyə ilə Azərbaycanın 24 apreldə Çanakkalada keçirəcəyi  müştərək  zəfər tədbiri olacaq...

 

“Soyqırım” böhtanlarına qarşı dünya miqyasında ən təsirli siyasi və hüquqi mübarizəni aparan Tələt Paşa komitəsinin 10-cu ilində gəldiyi nöqtə milli dəyərlərinə inanan bir təşkilatın istənilən şərtlərdə qələbəyə nail ola biləcəyinin sübutudur.

 

Mayis Əlizadə, APA Analitik Mərkəzi

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:02 29 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • moskvada bas veren qasirga neticesinde 11 nefer olub
    Moskvada baş verən qasırğa nəticəsində 11 nəfər ölüb...
  • siyezende tank eleyhine mina qumbara ve 95 eded gulle askar edilib
    Siyəzəndə tank əleyhinə mina, qumbara və 95 ədəd güllə aşkar...
siyezende tank eleyhine mina qumbara ve 95 eded gulle askar edilib siyezende tank eleyhine mina qumbara ve 95 eded gulle askar edilib +2
MƏZƏNNƏ
FOREX
/ 29 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ