ABŞ-İran vektoruna qarşı Səudiyyə-Çin yaxınlaşması - PANORAM

abs iran vektoruna qarsi seudiyye cin yaxinlasmasi panoram
“İmperiya”, yoxsa “lider dövlət”?
 
Beynəlxalq münasibətlərin güc balansında transformasiya prosesi gedir. “Soyuq müharibə” dövründə dünya siyasi cəhətdən iki qütbə bölünmüşdü. “Soyuq müharibə”dən sonra gedən proseslər isə daha çox ABŞ-ın öz şərtlərini diktə etməyə çalışdığı, təkqütblü bir mexanizmin yaradılmasını nəzərdə tutur.
 
Burada ABŞ baxımından iki tendensiya əhəmiyyətlidir. ABŞ imperiya olacaq, yoxsa lider dövlət olacaq? İki anlayış arasında mahiyyət fərqi yoxdur, problem ABŞ-ın bu niyyətini necə həyata keçirəcəyi, sistemi necə quracağıdır. Yəni, Vaşinqton hədəfinə çatmaq üçün siyasi, iqtisadi, hərbi və mədəni güc tətbiqindən istifadə edəcək, yoxsa bu, ənənəyə uyğun olaraq daha yumşaq, müttəfiqlərin, qlobal və regional oyunçuların prosesin içərisində daha çox yer aldığı, legitimliyin razılıq prinsipinə əsaslandığı bir proses olacaq?
 
Yaxın Şərqdə neft, qaz və din
 
Klinton dövründə “Amerikanın liderliyi” baxışı önə çıxmışdı, Corc Buş dönəmində isə “Amerika imperiyası” baxışları daha qabarıq idi. Bu gün isə qlobal siyasətdə Amerikanın imperiyaya çevrilməsi siyasəti ciddi sıxıntılarla müşahidə olunur. ABŞ-ın bir az geri çəkilməsi, problemləri razılaşmalar yolu ilə həll etməsi ABŞ-ın imperiya iddialarına meydan oxuyacaq güclərin yüksəlişi ilə müşayiət olunur. Bu problem həm də Rusiyanın, Çinin, Avropa İttifaqının, xüsusilə Fransa və Almaniyanın yüksəlişinə təsadüf etdiyi üçün ağrılı keçir. Problemin ağrılı keçməsi siyasi gərginliklər və münaqişələrlə müşayiət olunur ki, maraqların toqquşduğu əsas yer Yaxın Şərq, qismən də Avrasiya bölgəsidir. Bu iki bölgədə ciddi mübarizə sistemi var. Yaxın Şərqdə sarsıntılar daha böyükdür, burada etnik, dini, məzhəb mənşəli münaqişələr, ərazi problemləri çox ciddi şəkildə davam edir. Hazırda Yaxın Şərqdə qlobal anlamda iki amilin önə çıxdığı görülür, bunlardan birincisi iqtisadi gücün ən əhəmiyyətli amili kimi enerji amili, yəni neft və qaz faktorudur. İkincisi isə qlobal siyasətin yenidən müəyyənləşdirilməsində getdikcə artan güc kimi mədəniyyət amili və bunun da əsasını təşkil edən din faktorudur.
 
Yaxın Şərq: 100 il sonra eyni mənzərə
 
Yaxın Şərq regionu hələ də dünya siyasətinin əsas mübarizə mərkəzidir. Hazırda qlobal siyasəti maraqlandıran 10 fərqli hadisədən ən az beşi Yaxın Şərq regionunda cərəyan edir. Bura Fələstin-İsrail münaqişəsinin, İranın nüvə proqramını, İŞİD problemini, Suriyada baş verənləri, Yəmənə qarşı hərbi əməliyyatı aid etmək olar. Yaxın Şərqdə an etibarilə baş verənlərlə ötən əsrin 20-ci illərində gedən proseslər arasında paralellər tapmaq mümkündür. O dövrün İngiltərə-İran münasibətləri ilə indiki ABŞ-İran münasibətləri, Rusiyanın regiona yanaşması ilə indiki Rusiyanın regiona yanaşması arasında oxşarlıqlar var. O zaman da Rusiya Millətlər Cəmiyyətindən uzaqlaşdırılmışdı, indi də müəyyən qədər beynəlxalq təşkilatlardan, məsələn “G-8”dən uzaqlaşdırılır. O zaman qlobal hakimiyyət İngiltərədən Amerikaya transformasiya olunurdu, indi də güc transformasiyasının Amerikadan Çinə doğru dəyişməsi müşahidə olunur. Amma fərqli məqam da var. Ötən əsrin 20-ci illərində köhnə qitədən yeni qitəyə transformasiya vardı. İndi isə Atlantikdən Asiyaya, Avropadan Asiyaya doğru yerdəyişmələr var. Amerikada həm demokratlara, həm də respublikaçılara yaxın olan çox ciddi strateqlər Amerika ilə Çin arasında güc transformasiyasına rəqabət kontekstindən çox əməkdaşlıq kontekstində baxırlar. Ötən əsrin əvvəllərində İngiltərə ilə ABŞ arasında “birlikdə idarə edək” istiqamətində  bir transformasiya vardı, indi də ABŞ-la Çin arasında rəqabət, qarşılıqlı asılılıq kontekstində bir transformasiya var.
 
Səudiyyə Ərəbistanını Çinlə yaxınlaşmağa vadar edən amillər
 
Ötən il Asiyaya neft müharibəsi elan edən Səudiyyə Ərəbistanı öz neftini Avropaya ucuz, Asiyaya (Çinə) baha qiymətə satacağını açıqlamışdı. Buna cavab olaraq yanvar ayında Çin Səudiyyə ərəbistanında neft idxalını dayandıra biləcəyini bəyan etmişdi. Bu bəyanatın üzərindən 4 ay keçdikdən sonra Səudiyyə Ərəbistanı qəfil mövqeyində 180 dərəcəlik dəyişiklik edərək Çinə istənilən qədər neft sata biləcəyini açıqlayıb. Ər-Riyadın mövqeyindəki bu dəyişiklik həm ABŞ-ın İran siyasətinə etiraz xarakteri daşıyır, həm də neftin ucuzlaşmasından düşdüyü zərəri kompensasiya etmək cəhdidir. İranın nüvə proqramına dair prinsipial razılaşmanın əldə olunması qlobal və regional güc kimi Səudiyyə Ərəbistanının maraqlarını zərbə altında qoyub.  Təxminən 8 ay əvvəl Səudiyyə Ərəbistanı xüsusilə İran və Rusiyanı təzyiq altında saxlamaq üçün ABŞ-ın, Obamanın təşviqi ilə Asiyaya neftin qiymətlərini artıracağını bəyan edirdi. Necə oldu ki bu 8 ay ərzində Səudiyyə Ərəbistanı o xətdən “Çinə nə qədər istəyir, neft sata bilərik” xəttinə gəldi? Aradakı tendensiyanı görmək lazımdır.  Səudiyyə Ərəbistanının İranla bağlı çox ciddi narahatlığı var. Bu narahatlığı Asiyanın yüksələn bazar olması və Səudiyyənin o bazarda yerini itirmə riski daha da artırır. Dünyada hasil olunan neftin 8 faizini Çin alır və belə bir alıcının “Səudiyyə neft satmırsa, mən də almaram” deməsi, üstəlik nüvə proqramı ilə bağlı prinsipial razılaşmadan sonra İranın önə çıxması Ər-Riyadın qlobal siyasətdə mövqeyini zəiflədir. Bu səbəbdən Səudiyyə Ərəbistanı ABŞ-ın əzəli rəqibi Çinlə əməkdaşlığa can atmaqla Vaşinqtonun İran siyasətinə etirazını ifadə etməyə çalışır.  
 
İrandan sonra Səudiyyə də nüvə dövləti olmaq imkanı tələb edə bilər
 
Bu, səudiyyəlilərin ABŞ-ın siyasətinə ilk etirazı deyil. Əvvəllər də bu etiraz başqa formada ifadə olunub. Məsələn, Səudiyyə Ərəbistanının ABŞ-dakı keçmiş səfiri bəyan edib ki, əgər İranın nüvə proqramı ilə bağlı razılaşma əldə olunsa, o zaman Ər-Riyad da İrana edilən güzəştləri özü üçün istəyəcək. Səudiyyə Ərəbistanının nüvə enerjisinə ehtiyacı yoxdur, bu yanaşma Qərbin İrana münasibətinə etiraz formasıdır. Həm etiraz formasıdır, həm də İran nüvə enerjisi əldə etdikdən sonra Yaxın Şərqdə yeni güc balansı bu çərçivədə qurulacaq. Çünki Yaxın Şərqdə nüvə balansı yaratmaq çox əhəmiyyətlidir. İsrailin nüvə silahı var, İran nüvə enerjisi əldə edəcək, Pakistan nüvə silahı var, Türkiyədə dinc məqsədli nüvə reaktoru inşa olunur. Səudiyyə Ərəbistanı bu çərçivədə adı çəkilən dövlətlərdən geri qala bilər. Çünki nüvə silahına sahib olmaq, yaxud nüvə tədqiqatları aparmaq - bir dövlətin qlobal siyasətdəki rolunu strateji anlamda dəfələrlə artıran amildir. Bu baxımdan Səudiyyə Ərəbistanının ABŞ-ın regiondakı siyasətindən narazı qalmağa ciddi əsasları var. Vaşinqton da nüvə razılaşmasının İranın bölgədə gücünü artıracağını anlayır və bu mənada Səudiyyə Ərəbistanının narahatlığını bölüşür. Bu baxımdan ABŞ təyyarələrinin Yəmən ərazisini bombalaması, ərəb koalisiyasına dəstək verilməsi Ər-Riyadın könlünü almaq məqsədi daşıyır, Səudiyyəyə “madam ki, siz narahatsınız, biz də İranın bölgədəki gücünü tarazlamaq üçün sizinlə əməkdaşlığa davam edirik” mesajı verilir. Vaşinqtonun nəzərində ərəb koalisiyasına dəstək həm Səudiyyənin narazılıqlarını azaltmalı, eyni zamanda İranın bölgədə artan gücünü tarazlaşdırmalıdır.
 
İranın enerji bazarına qayıdışı Səudiyyənin strateji gücünü zəiflədir
 
Çinə məhdudiyyətsiz neft satışı qərarına Səudiyyə Ərəbistanının İranla bağlı narahatlığı pəncərəsindən baxmaq lazımdır. Ər-Riyadın qlobal siyasətdə xüsusi çəkisi dünyanın neft ehtiyatlarının 25 faizinə sahib olması və OPEK-ə trəsir imkanları ilə bağlıdır. Neftin qiymətlərinin düşməsi Səudiyyə Ərəbistanının büdcəsinə mənfi təsir göstərir. Səudiyyəlilər “Çinə neft satarıq” bəyanatı ilə həm də ABŞ-a “dünya bazarında neftin qiymətini biz müəyyənləşdiririk” xatırlatmış olur, həm də öz iqtisadi durumunu düzəltmək üçün çıxış yolunu açıqlayır. Çünki İranın dövrəyə girməsi və neftin qiymətinin düşməsi Səudiyyə Ərəbistanının strateji gücünü zəiflədən tezis kimi nəzərdən keçirilir.
 
ABŞ-a etiraz həm də İran kimi böyük enerji resurslarına malik dövlətin dünya neft bazarına təkrar dönüşünün təmin olunması ilə bağlıdır. İranın bazara daxil olması Səudiyyə Ərəbistanının neftin qiyməti ilə oynamaq imkanlarını məhdudlaşdırır. Səudiyyə neftin qiymətini bahalaşdırmaq istəsə belə, İranın bazara daxil olması ilə bu cəhd tarazlaşdırılır. Neft bazarında yeni aktorun peyda olması Səudiyyə Ərəbistanının vazkeçilməzliyini, qlobal dəyərini azaltmış olur. Ər-Riyad “neftin qiymətini mütləq sabitləşdirmək lazımdır” desə də, İranın neft bazarına daxil olması qiymətlərin yenidən düşməsinə səbəb olacaq.
 
Ərəb cizgisində lider boşluğu
 
Digər bir məqam Səudiyyə Ərəbistanının bölgədə lider olmaq ehtiyacı ilə bağlıdır. Amma hansı formada lider? Yaxın Şərq regionu 100 il əvvəl olduğu kimi yenidən dizayn edilir, bu prosesdə Rusiya, Çin, Avropa İttifaqı və ABŞ iştirak edir. Amma bu qlobal aktorlar regionu yenidən dizayn edən zaman yerli aktorlarla əməkdaşlıq etməlidir. Son 50 ildə Yaxın Şərq regionunda sistemin yenidən şəkillənməsində 4 əsas əhəmiyyətli fiqur olub. Bunlar İran, Türkiyə, İsrail və ərəb dünyasıdır. Səudiyyə Ərəbistanına qədər ərəb amilindən əsasən Misir və Səddam dövründə İraq istifadə edib. Amma mövcud şəraitdə ərəb cizgisində çox ciddi sarsıntılar var. İraq darmadağın olub, Misirdə çox ciddi daxili problemlər, iqtisadi, siyasi böhran var. Bu baxımdan Səudiyyə Ərəbistanı yaranmış boşluğu doldurmağa, ərəb dünyası adına prosesdə fəal rol oynamağa ehtiyac duyur. Amma bunun qarşısında ciddi məhdudiyyətlər var. Çünki Yaxın Şərq regionunda lider olmaq üçün ilk növbədə hərbi gücə sahib olmaq lazımdır. Səudiyyə Ərəbistanının iqtisadi gücü var, geomədəni baxımdan islam dünyasının mərkəzi - Kəbə bu ölkədə yerləşir. Siyasi baxımdan səudiyyəlilər amerikalılarla tarazlığı qura bilir. Amma Səudiyyə kralı hərbi baxımdan, siyasi iradənin təmərküzləşməsi baxımından Nasir kimi, Səddam kimi regionda liderlik etmək imkanına sahib deyil. Ər-Riyad buna görə “hərbi gücü olmayan dövlət”, “müharibə etməmiş ölkə” imicini dağıtmaq istəyir, Bəhreynə hərbi müdaxilə edir, Yəmənə qarşı koalisiya formalaşdırır. Yəməndə baş verənlərə də Səudiyyə-İran qarşıdurması kontekstində baxmaq lazımdır. Çünki, ərəb koalisiyası və ABŞ Yəməndə husiləri İran kimi görür. Səudiyyə Ərəbistanı bu səbəbdən uzun müddət Pakistanı koalisiyaya cəlb etmək istədi, “Pakistan verdiyimiz iqtisadi dəstəyin əvəzini hərbi gücünü Yəmənə qarşı istifadə etməklə ödəməlidir” tezisini dövriyyəyə buraxdı. Lakin daxili problemləri nəzərə alan Pakistan bu xətdən imtina etdi.
 
İranla “altılıq” arasında saziş imzalanacaqmı?
 
Səudiyyə Ərəbistanını narahat edən, Yaxın Şərqdə qüvvələr balansını kökündən dəyişəcək İranın nüvə proqramına dair sazişin imzalanması ehtimalı çox yüksəkdir. Bu ehtimalı artıran məqamlardan birincisi enerji bazarının əldə olunan prinsipial razılaşmaya reaksiyası və neftin qiymətlərinin düşməsidir. Bundan başqa Bütün Qərb dövlətləri və şirkətləri (yalnız ABŞ bir qədər məsafə saxlayır) İranla münasibətləri inkişaf etdirmək üçün sıraya düzülüblər. Prinsipial razılaşmadan sonra 7 böyük beynəlxalq şirkət İrana investisiya qoymaq üçün yarışa girib. Transmilli korporasiyalar İrana investisiya yatırmaq imkanlarını araşdıran zaman siyasi risk və təhlükəsizliklə bağlı analizlər aparırlar, riskləri hesablayırlar. Onların İran iqtisadiyyatına sərmayə yatırmağa hazırlaşması o deməkdir ki, həm ABŞ, həm İran tərəfindən əldə olunan məlumatlar sazişin imzalanacağını göstərir. Almaniya xarici işlər nazirinin müavininin Tehrana səfəri, Almaniya XİN başçısının səfərinə hazırlıq da nəzərə alınacaq məqamlardandır. Qlobal bazardakı saziş tərəfdarlarının iki məqsədi var – birincisi, İranı bu işə təşviq etmək, ikincisi o sazişi satın almaq.
 
İranın sazişi imzalamaqdan imtina etmək ehtimalı varmı?
 
Təbii ki sazişlə bağlı çox ciddi narahatlıqlar da var. Bu narahatlıq xüsusilə ABŞ xəttində daha aydın hiss olunur. İranda isə mühafizəkarlar, xüsusilə parlament sazişin imzalanmasından narahatdır. Prezident Həsən Ruhani müzakirələrin davam etdirilməsini istəyir. Mühafizəkarların əsas fiqurlarından biri, İran İnqilabı Keşikçiləri Korpusunun komandanı “Qərblə müzakirələr İranın milli maraqları və qırmızı xətlər qorunmaqla aparılır” deyə açıqlama verib. Parlamentdə də sazişin imzalanmasına qarşı çıxanlar var. Amma çox maraqlıdır ki, ali dini lider Xamneyi narahatlığını dilə gətirsə də, bu narahatlıqlar prosesi pozmağa deyil, İranın müzakirələrdə mövqeyini gücləndirməyə hesablanıb. Parlamentdə, mətbuatda bundan sonra da sazişə qarşı müəyyən çıxışlar ola bilər. Gələn il İranda parlament seçkiləri keçiriləcək, bu saziş uzun müddət daxili siyasətin müzakirə mövzusuna çevriləcək. Amma prinsipial razılaşmanı sevinclə qarşılayan İran cəmiyyətinin reaksiyası göstərdi ki, cəmiyyət bu sazişin imzalanmasına hazırdır.
 
Obamanın antiİran bəyanatları Tehrana deyil, yəhudi lobbisinə ünvanlanıb
 
ABŞ-da da sazişə birmənalı münasibət yoxdur. Vaşinqton bölgədə yumşaq siyasət yürütməyə başlayıb, hərbi gücdən çox, diplomatik, siyasi, iqtisadi motivlərdən istifadə edir. Və Ağ Ev bir gerçəkliklə hesablaşır - İraq və Əfqanıstanda gedən proseslər, ərəb baharı fonunda son nəticədə İranı gücləndirib. ABŞ-ın bölgədə Türkiyə ilə bağlı da müəyyən narahatlıqları var. Bura qondarma “erməni soyqrımı” məsələsi, PKK məsələsi, Türkiyənin bölgədə daha rahat hərəkət etmək istəyi ilə bağlı narahatlıqlar daxildir. Bu səbəbdən ABŞ indiki məqamda İran amilini artan güc olması baxımından gözardı etməyəcək, İranın qarşı cəbhədə olmasına izin verməyəcək. Çünki ortada acı Suriya təcrübəsi var, ABŞ Suriya məsələsində çox problemlə üzləşdi, bu münaqişədə İran Rusiya ilə birləşərək ABŞ-ın planlarını alt-üst etdi. Bu baxımdan Obama tərəfdən sazişin imzalanması ilə bağlı problem yoxdur. Tək problem ABŞ-da prezident seçkiləridir, Obama seçkilər faktorunu və İranla əldə olunan prinsipial razılaşmadan sonra Ağ Evin ünvanına sərt ifadələr işlədən güclü yəhudi lobbisi amilini nəzərə almağa borcludur. Bu səbəbdən ABŞ prezidenti İranla bağlı bəyanatlarında həm ölkəsinin mövqeyini gücləndirəcək ritorikadan istifadə etməli, həm də bu ritorikanın dozası yəhudi icmasını razı salmalıdır. Barak Obamanın prinsipial razılaşmadan sonra verdiyi “Razılaşma pozularsa, hamı İranın iç üzünü görəcək” bəyanatı bu faktorlar nəzərə alınaraq verilmişdi. Obama administrasiyasının İrana yönəlik sərt bəyanatlarını bundan sonra da eşidə bilərik. Amma bunlara rəğmən İranın nüvə proqramına dair sazişin 30 iyunda imzalanmaması böyük sürpriz olardı. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

22:29 21 Fevral
16:28 21 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tovuz sakini dermandan zeherlenib
    Tovuz sakini dərmandan zəhərlənib
  • istanbulda xocali soyqirimi usaqlarin gozu ile sergisi acilib
    İstanbulda “Xocalı soyqırımı uşaqların gözü ilə” sərgisi açı...
istanbulda xocali soyqirimi usaqlarin gozu ile sergisi acilib istanbulda xocali soyqirimi usaqlarin gozu ile sergisi acilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Fevral, 2017

USD
1.7352
 
EUR
1.8361
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ