Avropanın miqrasiya siyasəti: Şengen zonası rejimi ləğv olunur? - TƏHLİL

avropanin miqrasiya siyaseti sengen zonasi rejimi legv olunur tehlil
Sərt qərarlar gözləməyə dəyərmi?

Bakı-APA. Hazırda Avropa ağlasığmaz miqrant axını ilə üz-üzədir. Təkcə 2015-ci ildə Avropa İttifaqı ərazisinə Afrika və Yaxın Şərqdən 350 min miqrant gəlib. Bu rəqəmə planlı və tipik miqrasiya axınını, yəni inkişaf etmiş ölkələrdən olan, yaşayış yerini Avropaya dəyişmək istəyən miqrantları da əlavə etmək lazımdır. Ən nəhayət, Ukraynadan Şərqi Avropa ölkələrinə, xüsusilə ölkənin təhlükəsizliyinə təminat verən, müharibə zonasından qaçan şəxsləri sığınacaqla təmin edən Polşaya miqrant axını müşahidə olunur. Nəticədə vəziyyət partlayış həddinə çatıb və bu, Avropanın daha radikal əhval-ruhiyyəyə köklənmiş dairələrini müəyyən addımlar və bəyanatlara məcbur edir. Bu barədə bir qədər sonra. Əvvəlcə həyata keçirilməsi təklif edilən az-çox sivil addımlara toxunaq.

 

BARIT ÇƏLLƏYİ

 

Beləliklə, hazırda ən aktual məsələ Avropa İttifaqının təklif etdiyi, miqrantların qəbuluna dair məcburi kvotaların qəbuludur. Yumşaq formada desək, bu məsələdə fikir birliyi yoxdur. Brüsselin bu təşəbbüsü bəzi ölkələrdə rəğbətlə qarşılanmayıb, digər ölkələr isə qəti şəkildə bu ideyaya qarşı çıxıblar. Faktiki ideya İtaliya və Yunanıstanda məskunlaşmış miqrantların Avropa İttifaqı ölkələri arasında bərabər şəkildə bölüşdürülməsindən ibarətdir.  Nəticədə miqrant axınına qarşı təkbaşına mübarizədən yorulmuş İtaliya, digər tərəfdən isə Almaniya, Avstriya və İsveç bu ideyanı dəstəkləyirlər. Bundan başqa, İtaliya nəinki bu ideyanın lehinədir, həm də faktiki olaraq əks təqdirdə bütün Avropanın zərərinə olacaq addımlar atacağına işarə vurur. Yəni, ya miqrantları könüllü şəkildə qəbul edəcəksiniz, ya da onları başqa formada qəbul etməli olacaqsınız. Bu yanaşma həm də qonşu dövlətlərin hərəkətlərinə cavabdır: Fransa sərhədlərini miqrantlar üçün bağlı elan edib, Avstriya və İsveçrə miqrantların gəlişinə birdəfəlik qadağa qoyub. Bu ölkələrin polisləri italyan şəhərlərindən gələn qatarlarda yoxlama keçirir, aşkarladığı miqrantları geri qaytarırlar. Avropa İttifaqı İtaliya və Yunanıstanın istəyini reallaşdırmaq qərarına gəlib və 40 min miqrantı birlik ölkələri arasında kvota prinsipi ilə bölüşdürməyi təklif edib. Kvotaların ölçüsü 4 kriteridən asılıdır: əhalinin sayı, ölkələrin ÜDM-nin həcmi, işsizlik səviyyəsi, həmin ölkənin 2010-2014-cü illərdə qəbul etdiyi qaçqınları sayı. Və burada ilk iki faktor əsas rol oynayır.

 

Daha sərt mövqe tutanlar isə Şərqi Avropa ölkələridir. Məsələn ilin əvvəlindən Kosovo, Yaxın Şərq və Şimali Afrikadan 50 min qaçqına sığınacaq verən Macarıstan bəyan edib ki, Avropa İttifaqı qərar versə belə, heç bir vəchlə bu sayda qaçqını qəbul etməyəcək. Ukraynalılar və Polşa ilə vəziyyəti heç müzakirə etməyə dəyməz, ukraynalıların Polşaya axını dayanmır. Buna görə də Avropa İttifaqının kvotalarla bağlı qərarı hələlik sual altındadır.

 

Ayrı-ayrı ölkələrin bu cür radikal addımlar atması Avropa İttifaqının mövcudluq və sərbəst hərəkət etmə prinsipini şübhə altına salır. Məsələn, Belçikada artıq dəmiryollarında təhlükəsizlik tədbirləri gücləndirilib. Sərnişinlərin yüklərinə nəzarət artırılıb, vağzallarda patrulların sayı çoxalıb. Macarıstan Serbiya ilə sərhəddə tikanlı məftillərlə örtülmüş hasarın tikintisini başa çatdırıb.  Hollandiya qaçqın status verilməsinə dair qanunvericiliyi sərtləşdirmək qərarına gəlib. Bolqarıstan Makedoniya ilə sərhəddə nəzarəti təmin etmək üçün bölgəyə qoşunlar yeridib. Bu hələ bu son deyil, əksinə, başlanğıcdır.

 

FİTİL

 

Adətən olduğu kimi, hətta uzun müddət inkişafda olan böhranın son nöqtəsi olur və bu son nöqtə qəti addımlar atılmasını zəruri edir. Bu dəfə səbir kasasını daşıran son damla 21 avqust insidenti oldu. Söhbət Amsterdam-Paris sürət qatarının sərnişinlərinə hücumdan gedir. Mərakeşli Eyyub Kazzaninin açdığı atəş nəticəsində üç nəfər yaralanıb. Bu hadisə dərhal millətçilik, ksenofobiya və islamofobiya elementlərinin qabardığı yeni antimiqrasiya kampaniyasına səbəb olub. Məsələ bundadır ki, Avropa İttifaqında çox zaman qaçqınları potensial terrorçu kimi qəbul edirlər. Belə hesab olunur ki, Avropaya qaçqınlarla birlikdə radikal islamçılar da ayaq aça bilər. Bu münasibəti təsdiqləyən real fakt hələlik mövcud deyil, bundan başqa ehtimalın özünü doğruldacağı da inandırıcı görünmür. Hələliksə Avropa İttifaqı dəmiryollarında təhlükəsizliyin möhkəmləndirilməsi üçün tədbirlər görməkdədir. Bu addımlar Avropa İttifaqının bütün üzvləri ilə razılaşdırılıb. Müzakirələrdə Fransa, Britaniya, Almaniya, İtaliya, İspaniya, Belçika, Lüksemburq, Niderland və İsveçrədən nazirlər iştirak ediblər. Söhbət

  1. stansiyalarda sərnişinlərin şəxsiyyətinin müəyyənləşməsi və yüklərə nəzarətin gücləndirilməsindən, 
  2. silah daşımaqla bağlı qanunvericiliyin sərtləşdirilməsindən,
  3. Avropa ölkələrinin təhlükəsizlik  orqanları arasında əməkdaşlığın genişləndirilməsindən gedir.

 

Qərb ölkələrinin nümayəndələri radikalizmlə yanaşı, ölkələr arasında divarların, sədlərin tikilməsi addımlarını da pisləyiblər. Bununla belə, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts Avropa İttifaqı ölkələri arasında sərhəd-keçid qaydalarının sərtləşdiriləcəyini istisna etməyib. Bu isə, bildiyimiz kimi Şengen zonasının mahiyyəti təhlükə altına salır. Nəticədə Almaniyanın daxili işlər naziri Tomas de Mezyer Şengen zonasının mövcudluğuna son qoyula biləcəyini bəyan edib və Almaniya hakimiyyətinin sərhədlərdə pasport nəzarəti rejimi tətbiq edəcəyini istisna etməyib. Lakin əksər ekspertlər hesab edir ki, bu bəyanat daha çox siyasi xarakter daşıyır və Aİ-da böhranın aradan qaldırılmasına Almaniya qədər aktiv can yandırmayan digər ölkələrə təzyiq etməyə hesablanıb. Ola bilər ki, bu həm də Almaniya ilə sərhədlərdə sərt rejimin tətbiqində maraqlı olmayan Şərqi Avropa ölkələrinə bir işarədir.

 

BƏS SONRA?

 

Çoxsaylı radikal bəyanatlara, hətta atılan real addımlara, görülən tədbirlərə baxmayaraq, Avropada “vəziyyəti dramatikləşdirməyə dəyməz” əhval-ruhiyyəsi üstünlük təşkil edir. Bundan başqa, problemdən danışarkən differensasiya aparmaq lazımdır, o zaman bütün daşlar yerinə oturur. Konkret desək, yuxarıda səslənən fikirlər qaçqınlara sığınacağın verilməsi prinsiplərinə əsaslana nəzarətsiz, qeyri-leqal miqrasiyadan gedir. Avropaya başqa formada da miqrasiya mövcuddur – nəzarət olunan, leqal, səfirlik və konsulluqlar səviyyəsində vizaların verilməsinə əsaslana miqrasiya. Əsas odur ki, avropalı məmurlar bu anlayışları qarışdırmasın, “hamıya bir gözlə baxaq” prinsipinə əsaslanmasın. Döyüş zonalarından olan qaçqınlar üçün əlbəttə ki təəssüf hissi duyulur, amma əksəriyyəti maraqlandıran başqa sualdır – baş verənlər adi miqrasiyaya necə təsir edir? Bu məsələdə sağlam təfəkkürün qalib gəldiyini söyləmək üçün əsaslar var. Buna Polşanın timsalında misal çəkmək olar. Sirr deyil ki, Polşa son zamanlar on minlərlə ukraynalı qaçqına sığınacaq verib və bu rəqəm adi biznes və əmək miqrasiya rəqəmləri ilə eynidir. İlk baxışdan elə gəlir ki, bu situasiyaya reaksiya neqativ olmalıdır. Lakin belə hal müşahidə olunmur.

 

Dünyanın heç bir ölkəsi bütün qaçqınları qəbul etməyə, yaxud da qatarda bir nəfər atəş açıb, afrikalılar İtaliyaya doluşub deyə qaçqınlara sığınacaq verməkdən imtina etməyə razı olmamalıdır. Ən azı indi. Və qeyri-adi nə isə baş verməsə, vəziyyət pisliyə doğru dəyişməyəcək. Hətta sərhəd-keçid nəzarətinin müvəqqəti sərtləşdirilməsinə də ciddi yanaşmaq lazım deyil, bu, Amsterdam qatarında baş verənlərə normal reaksiyadır.

 

Çox güman ki, kvotalarla bağlı qərar gec-tez reallaşacaq, miqrant axını onsuz da yüksək olan bəzi ölkələr üçün kvotalar azaldılacaq və bununla da böhranın yoluna qoyulacağına dair ümidlər yaranacaq...

 

Vahab Rzayev/ APA Analitik Mərkəzi

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:33 22 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mingecevirde su festivali cercivesinde konsert olub
    Mingəçevirdə su festivalı çərçivəsində konsert olub
  • xezerden baslayan su seyahetinin novbeti unvani mingecevir olub fotosessiya
    Xəzərdən başlayan su səyahətinin növbəti ünvanı Mingəçevir o...
xezerden baslayan su seyahetinin novbeti unvani mingecevir olub fotosessiya xezerden baslayan su seyahetinin novbeti unvani mingecevir olub fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 23 Aprel, 2017

USD
1.7022
 
EUR
1.8242
 
RR
0.0303
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ