Azərbaycan milli siyasi kimliyi Yusif Vəzir Çəmənzəminlinin baxışlarında - MƏQALƏ

azerbaycan milli siyasi kimliyi yusif vezir cemenzeminlinin baxislarinda meqale

Tural Əliyev

 

XX əsr Azərbaycan ictimai-siyasi fikir tarixinin ən parlaq nümayəndələrindən biri olan Yusif Vəzir Çəmənzəminlinin (1887-1943) irsi çox təəssüf ki, bu günə qədər yetərincə öyrənilməmiş, təbliğ olunmamışdır. Məhz bunun nəticəsində Çəmənzəminli öz həmvətənləri arasında ən yaxşı halda görkəmli ədib, tarixi roman janrımızın banisi kimi tanınır, halbuki, mübaliğəsiz demək olar ki, onun qələmindən çıxmış ictimai-siyasi, tarixi məzmunlu əsərlər siyasi düşüncə tariximizin sanballı səhifələrindən birini təşkil etməkdədir.

 

Onun yaradıcılığının ana xəttini Azərbaycanın istiqlaliyyəti, milli dövlət quruculuğu, millətin oyanışı və tərəqqisi, tariximizin və mədəni irsimizin düzgün tədqiqi və dərki problemləri təşkil edir. Y.V.Çəmənzəminlinin həyat yolunun da şüurlu hissəsi bu amallar uğrunda mübarizəyə həsr olunmuşdur desək, əsla yanılmarıq. Müəllifin həyat yolu sözün bütün mənalarında onun yaradıcılığında əksini tapmış amalların, dəyərlərin və fikirlərin aynası, əksi olmaqla yanaşı, həm də həqiqi bir vətənpərvərin xalqı naminə təmənnasız, bütün varlığı ilə apardığı mübarizənin nümunəvi bir salnaməsi adlanmağa tam layiqdir. Bu mənada Çəmənzəminli yaradıcılığını tam fəlsəfəsilə anlaya bilmək üçün onun həyat yoluna ötəri də olsa, nəzər salmaq mütləqdir.  

 

Y.V.Çəmənzəminli - əzablı, lakin şərəfli yolun qısa xronikası   

 

“Dağ başında yazı-yayı yaşıllığa, payızı-qışı dumana və qara bürünmüş bir şəhər təsəvvür ediniz. Bu, mənim şəhərimdir... Şəhərin hər nöqtəsi tarix söyləyir... Mən də bu macəralı şəhərdə dünyaya gəldim” [8, 375].

 

1887-ci il sentyabrın 12-də Azərbaycanın mədəniyyət mərkəzlərindən olan Şuşada bəy ailəsində dünyaya göz açmış Yusifə “Vəzir” ünvanı ulu babası Mirzə Əliməmmədağa bəydən (Qeyd. Mirzə Əliməmmədağa bəy Qarabağ xanı İbrahimxəlil xanın məşhur vəzirlərindən biri olmuşdur, “vəzirov” soyadını da o vaxtdan bu nəslin nümayəndələri daşımışdır – müəllif), “Çəmənzəminli” təxəllüsü isə Cənubi Azərbaycanın Çəmənzəmin kəndindən qalmışdır. Belə ki, 1904-cü ildə qardaşının, 1906-cı ildə isə atasının ölümü gənc Yusifi sarsıtmış, az sonra özünün də yatalaq xəstəliyinə tutularaq ölümcül xəstələnməsi ilə anası tamamilə köməksiz vəziyyətə düşmüşdür. Həmin çətin dövrdə ailənin yardımına Cənubi Azərbaycanın Çəmənzəmin kəndindən olan Həsənxan, Nifti və Fərəc qardaşları çatmışdır. Vaxtilə bu qardaşlar yoxsulluq səbəbindən Şuşaya pənah aparmış və Yusifin atası onları öz himayəsinə götürmüşdü. Dar gündə vaxtilə edilmiş xeyirxahlığın unudulmaması Yusifdə dərin iz buraxmış və anasına böyüyəndə məşhur şəxsiyyət olarsa, özünə “Çəmənzəminli” təxəllüsünü götürəcəyini bildirmişdir.

 

Sənədlərini vaxtında təqdim etməmələri səbəbindən 1906-cı ildə Bakıda realni məktəbə qəbul edilməyən 19 şagirdin arasında Yusif Vəzirin də adı olmuşdur. Bu məktəblilərin təhsildən kənarda qalmasından xəbər tutan Hacı Zeynalabdin Tağıyevin Tiflis canişininə vurduğu teleqramdan sonra onların məktəbə qəbulu mümkün olmuşdur.

 

Sonralar Kiyevdəki Müqəddəs Vladimir adına İmperator Universitetinin hüquq fakültəsinin məzunu olan Yusif Vəzir Çəmənzəminli Azərbaycan Xalq Cümhuriyyətinin Ukraynadakı diplomatik nümayəndəsi olmuş, 1919-cu ildə AXC-nin İstanbuldakı ilk səfiri təyin edilmişdir. İstanbul o vaxtlar dünya siyasəti üçün ən strateji şəhərlərdən biri sayılırdı, Avropada müttəfiq qüvvələr burada toplanır, dünyanın bütün aparıcı mətbuat orqanları İstanbulda təmsil olunurdu. Sonralar özü bu barədə yazırdı ki, “... Aləm İstanbuldadır: siyasi işlərin ucu, əfkari-ümumiyyənin gözü... hamısı burada... İstanbulda yapılan gurultular Parisə çatıb təsirsiz ötüşmür” [9, 258].

 

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra o, bir müddət Türkiyədə, Fransada yaşamış, sonradan Vətənə qayıda bilmiş, lakin az keçməmiş burada da sovet hakimiyyətinin təqiblərinə məruz qalmışdır. 1940-cı ildə həbs edilərək Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsinə göndərilmiş və 1943-cü il yanvar ayının 3-də sürgündə vəfat etmişdir. O, Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olunmuşdur.

 

Yusif Vəzir sürgündə də yazıb-yaratmış, yazdıqlarını düşərgə növbətçisinə ötürə bilmişdir. Növbətçi yazıları torpağa basdıraraq gizlətmiş, lakin sonradan çürüdüyünü, siçovul yediyini görüb yandırmışdır. Həmin mətnlərdə nələrin yazıldığı, növbətçini bu addımı atmağa vadar edən əsl səbəblərin dəqiq təfərrüatları məlum deyildir.

 

Azərbaycan milli kimliyi, siyasi fikri və tarixi irsi ətrafında düşünərkən...

 

Yusif Vəzir Çəmənzəminlinin əlimizdə olan zəngin irsindən milli siyasi kimliyə dair əsas baxışları “Biz kimik”, “Biz kimik və istədiyimiz nədir”, “Azərbaycan və azərbaycanlılar”, “Tarixi, coğrafi və iqtisadi Azərbaycan”, “Xarici siyasətimiz”, “Milli və mədəni işlərimiz”, “Dil məsələsi”, “Qulluq və əsirlik”, “Bizə ciddi mətbuat çoxdan lazım idi”, “Ana və analıq”, “Ziyalılarımızın millətimizdən aralanmasının səbəbləri”, “Tariximiz ətrafında”, “Etibarsız millət”, “Ölkəşünaslıq” və s. adlı yazılarında əksini tapmışdır.

 

Biz kimik?

 

Müqayisə üçün qeyd edilməlidir ki,  Yusif Vəzirin həm “Biz kimik” adlı məqaləsi, həm də “Biz kimik və istədiyimiz nədir” adlı əsəri vardır.

 

“Biz kimik” “Sədai-həqq” qəzetində o, hələ tələbə olarkən 1913-cü il martın 12-də dərc olunmuşdur [3, 127]. Burada Yusif Vəzir yazır: “Pəs, bizə tarix lazımdır ki, keçmişimizi öyrənib gələcəyimizə yollar açaq. Bu barədə hər bir əhli-qələm çalışmalıdır ki, tariximizə dair məlumat toplansın” [3, 14].

 

Sonradan o, özü bu mövzuda 9 yarımbölmədən ibarət “Biz kimik və istədiyimiz nədir” adlı əsər yazmışdır. Bu əsərin də ilk cümləsi belə başlayır: “Tarix kitablarına nəzər yetirdikdə türk millətinin qədim hallarını öyrənməyə dürüst qadir ola bilmirik. Çünki türk tarixinə dair lazımi məlumatlar hələ toplanmayıb” [4, 218].

 

Əsərdə Yusif Vəzir bildirir ki, Azərbaycan çox müharibələrdən keçib, çox millətlər görüb, tarixi hadisələr Azərbaycan həyatında öz təsirini buraxıb, lakin bütün keşməkeşlərə baxmayaraq, xalq öz dilini, mənliyini qoruyub: “Böyük türk millətinin bir şöbəsini təşkil eləyirik. Millətə məxsus bir amillərə dəxi malikik: ayrıca dilimiz, adət və qaidəmiz, ədəbiyyatımız var” [4, 218].

 

Millətin “ayaq izləri” 

 

Yusif Vəzir 1914-cü ildə “İqbal” qəzetində nəşr olunan ““Nicat” qiraətxanası” adlı məqaləsində yazırdı ki, “millət addım atdıqca ayaqlarının izi mətbuatda qalır” [3, 3]. Bu baxımdan onun 1916-cı ildə qələmə aldığı “Bizə ciddi mətbuat çoxdan lazım idi” adlı məqaləsi xüsusi maraq doğurur. O, bu məqaləsində yeni təşəkkül tapan Azərbaycan milli mətbuatının tarixi inkişaf yoluna nəzər salır, vəziyyəti siyasi təhlil edir, nöqsanları, çıxış yollarını göstərir. Yusif Vəzir mətbuat orqanlarının ciddi kadr böhranı keçirdiyini, naşı şəxslərin meydan suladığını qeyd edir, şəxsi nifaq və qovğaların mətbuatın aparıcı mövzuları olmasından təəssüflənir. Bildirir ki, elə bir vəziyyət yaranmışdır ki, gerçək ziyalılar sözünü demək üçün tribuna tapmaqda çətinlik çəkirlər.

 

O, milli mətbuatın “məzhəkə” xəstəliyinə düçar olduğunu, özü cəmiyyətə nümunə ola bilməyənlərin xalqı ələ salaraq yerli-yersiz onu gülüş hədəfinə çevirməsindən narahatlıq keçirir, uçurulan köhnəliyin yerinə heç nə təklif edilmədiyini vurğulayır: “Köhnə yol gülünc olub itdi. Təzə bir yol göstərən də olmadı. Həmişə rəhbərə möhtac olan qara xalq da yolu bilmərrə itirdi. Adət və əxlaqlarına yerli və yersiz o qədər gülünmüş və əskikləri o qədər üzünə vurulmuş, təkrar olunmuşdu ki, zavallı xalq özünü bu həqarətdən saxlamaq üçün doğma adət və əxlaqını unutmağa, onlara xor baxmağa başlamışdı” [5, 354].

 

O, milli mətbuatı torpaq məsələsinə diqqət çəkməyə çağırır: “Qonşularımız erməni və gürcülər zəmindarlıq cəmiyyəti qayırıb kəndçilərinə təzə üsulla yer əkmək öyrədirlər. Əkinəcək torpaqlarını mühafizə edirlər ki, əcnəbilərə satılmasın. Bizim cəmiyyətimiz olmamağı bəs deyildir, bu barədə qəzetlərimizdə bircə söz də yazılmır. Halbuki, torpaq məsələsi millət üçün həyati və zəruri məsələlərdən biridir” [5, 357].

 

Torpaqların kütləvi şəkildə əcnəbilərin əlinə keçməsi məsələsinə Yusif Vəzir “Qulluq və əsirlik” adlı əsərində də geniş toxunmuşdur, bunu faciə adlandırmışdır: “Avam kəndçini öyrətməlidir. Çalışmalı ki, kəndçilər əkin yerlərini satmasınlar. İnanın ki, əkin yerləri müsəlmanların əlindən çıxdıqda, onların vücudu da bir qəpiyə dəyməyəcək, qiyamətimiz onda qopacaq. Millət əkin yerindən və onda sakin kəndçilərdən ibarətdir. Bunların tərəqqisi millətin tərəqqisidir. Şəhərlərin tərəqqisi milləti fot olmaq qorxusundan hifz edə biləcək! Biz bu nöqtəyə diqqət yetirmirik, amma sonra peşiman olacağıq” [12, 344].

 

Milli ləngimənin əsas səbəbi: etnopsixoloji streotiplər

 

Çəmənzəminli 1914-cü ildə qələmə aldığı “Qulluq və əsirlik” adlı əsərində Azərbaycan xalqının etnopsixologiyası problemlərini araşdırır, mənfi streotiplərin aradan qaldırılması yollarını göstərirdi. “Böyük dura-dura kiçik danışmaz” formulunun “ağıl yaşda deyil, başdadır” formulu ilə çoxdan əvəzlənməli olduğunu bildirirdi.

 

O, aza qane olmağı ciddi qüsur sayıb, inkişaf üçün dayanmadan və daha çox zəhmət çəkilməsini təşviq edirdi. Məsələn, Gəncə, İrəvan, Qarabağ bəylərini misal göstərərək yazırdı ki, onlar böyük mülkə, geniş torpağa malik ola-ola onları dolandıra bilmirlər, ağalıq edə bilmirlər.

 

Burada Yusif Vəzirin məsələni “ağalıq edə bilmirlər” şəklində qoyuluş tərzi xüsusi maraq doğurur. Belə ki, o, əslində Azərbaycana əcnəbilərin deyil, azərbaycanlıların özlərinin ağalıq etməsini arzulayırdı, xalqı buna həvəsləndirirdi. Yusif Vəzirin bütün məqalələrində bu ruhu aydın sezmək mümkündür. O, yaradıcılığının bütün mərhələrində Azərbaycan millətinə özünü bu Vətənin əsl sahibi kimi hiss etməyə imkan verən duyğuları aşılamağa çalışırdı, millət adını uca tuturdu. O, yazırdı: ““Millət” sözünü doğruçu millət xadimləri ilə bərabər hər sərsəri ağzına alıb, “millət dalda qaldı”, “milləti gərək qabağa aparaq” deyə-deyə qiymətdən salan kimi, “hürriyyət” sözü də hissiyyatsız şairlərin dövlətindən gülünc bir hala gəlib” [12, 343].

 

O, türklüyün əzəmətini özünə qaytarmağa çalışırdı: “Ulu babalarımız oğullarına “Dağ”, “Qaya”, “Dəniz”, “Gün”, “Ay” və “Ulduz” kimi adlar qoyardılar. Onda adlarına müvafiq də şan və şərəf ilə ömür sürərdilər. O zamanlar türklük dağ kimi qüvvətli və qaya kimi möhkəm idi; fikirlər gün kimi parlaq, niyyətlər ulduzlar kimi yüksək idi. Biz məgər həmin türklərin hümmətlərindən deyilik? Bizə ən əvvəl lazımdır ki, özümüzü qulluqdan xilas edək” [12, 347].

 

Yusif Vəzir ədəbiyyatı ədəbi əsirlikdən – təqlidçilikdən xilas etməyin vaxtının çatdığını yazır, ədəbiyyatı milli problemlərlə məşğul olmağa, ana dilinin, onun saflığının qayğısına qalmağa çağırırdı. “Xalqımızın gözəl bir xüsusiyyəti var ki, hansı millət ilə yaşadı (istər hakim, istər məhkum) öz dilini qolaylıqla yadından çıxarmaz... Mədəniyyətimizin əsasını təşkil edən dilimizdə bir cazibə var... Bizi millət edib, gələcəyimizə parlaqlıq ümidini bəslədən həmin mədəniyyətimizin bu xüsusiyyəti, bu mənliyidir” [4, 219].

 

O, görkəmli Azərbaycan şəxsiyyətlərinin qədrini bilməyə səsləyirdi. Məsələn, “Qulluq və əsirlik” əsərində konkret adlar da çəkirdi: Mirzə Fətəli Axundzadə, Firudin bəy Köçərli, Üzeyir bəy Hacıbəyov və s.

 

“Cəmi dərdlərimizin səbəbi anasızlığımızdır”

 

Yusif Vəzir təhsil və tərbiyənin milli inkişafda həlledici roluna bələd idi. “Məktəbsiz millət rişəsiz ağac kimidir; diriliyi üçün lazım olan qüvvəsi olmayıb, quruyub candan düşər. Məktəb təzə fikirli adamlar yetirir. Bunlar da cəmaətin məişətini dəyişməyə çalışırlar” [4, 228]. O, Napaleonun, Teymurləngin, Motsartın, Volterin, Hüqonun, Hötenin, Şillerin, Şenyenin, Lamartinin uşaqlıq illərindən misallar gətirərək onların formalaşmasında analarının roluna diqqəti cəlb edirdi və yazırdı ki, “cəmi dərdlərimizin səbəbi anasızlığımızdır” [1, 431] (Qeyd. Yusif Vəzirin dünyagörüşünün formalaşmasında, yüksək təhsil almasında ailəsinin əhəmiyyətli rolu olmuşdur, hələ uşaqlıqdan anası Yusifdə ədəbiyyata, elm və sənətə böyük maraq oyatmışdı – müəllif). Yusif Vəzir israrla bildirirdi ki, analar övladlarının balaca yaşlarından onlarda olan istedadları, meyil və həvəsləri aşkar etməlidir, o, bunu uşaqlara verilmiş “təbii vergilər” adlandırırdı: “Aləmi-islamda üç yüz milyon adamdan fövqəladə istedada malik bircəsi çıxıb yeni bir şey ixtira və icad etməməyinin səbəbi həmən avam arvadlardır ki, övladlarının şövq və həvəsini öldürüb fötv edirlər... Mədəni millətlər arasında isə işlər tamam ayrı cürdür. Orada təbii vergiyə artıq etina olunub tərəqqisinə çalışırlar. Əlbəttə, ən əvvəl övladın zəka və istedadı anaların nəzərini özünə cəlb edir. Odur ki, Avropanın bir çox böyük şəxslərinin gələcəyinə analarının artıq təsiri olub” [1, 434-435].

 

Hələ 1913-cü ildə qələmə aldığı “Əcəmilik möhürü və onunla mübarizə” adlı məqaləsində yazırdı: “Qızlarımızı mükəmməl surətdə oxutmalıdır. Onları hüquqsuzluq təzyiqindən qurtarmalıdır. Arvad elmli və əri ilə müsavi olsa, milli ruhlu və tərbiyəli övladlar yetirər. Təbiidir ki, belə uşaqlar gələcəkdə öz tərbiyələri sayəsində nə farslığın və nə qeyri millətlərin nüfuzu altına düşməyib öz milli yolu ilə milli qayələrə (ideala) doğru gedər” [7, 337].

 

Milli problemlərin “beşikdə həlli” və qadın azadlığı 

 

1914-cü ildə qələmə aldığı “Ana və analıq” əsərində Yusif Vəzir yazırdı: “Analıq o qədər ucadır ki, öz-özlüyündə elə bir müvəffəqiyyətdir ki, ona nail olmağa biz kişilər layiq olmamışıq. Bu imtiyaz təkcə arvadlara verilib” [1, 418]. “Ana azaddır, heç kəsə tabe deyil. Bu azadlığı da balalarına təlqin edir. Bunlar asudə fikirli, azadə ruhlu insan olurlar. Bunlar anaları kimi qulluq və əsirliyi sevməzlər, meyilləri genişlik istər, niyyətləri ucalıq.” [1, 436].

 

Yusif  Vəzir cəmiyyəti qadınlara geniş hüquqlar verməyə çağırırdı: “Pəs, arvada ağlı naqis deməkdə böyük səhvimiz var. Bunlara ixtiyar verib ağıllarının genişliyinə çalışılsa, heç bir işdə kişilərdən geri durmazlar. Arvad ixtiyarsız olduqda bundan böyük ədalətsizlik baş verir. Bunun da xətəri həm arvada toxunur, həm də millətimizə.” [1, 421]. O, “arvadların ağlı naqisdirsə, Həmidə və Hənifə xanım kimi şəxslər necə əmələ gəlib? Bunlar min kişiyə ağıl öyrədər” deyərək Həmidə xanım Cavanşiri, Hənifə xanım Məlikovanı əyani nümunə göstərirdi.

 

Yusif Vəzir qadın və kişilərin hüquq bərabərliyinə dəvət edir, qadınların cəmiyyətdə yerini olduqca vacib hesab edir, milli inkişafda, savadsızlığa qarşı mübarizədə onların rolunu yüksək qiymətləndirirdi: “Bizim arvadlar avam ola-ola oxumuş kişilərdən çox maarifpərvərdirlər. Uşaqlarımızın məktəbə yollanmağının səbəbi çox vaxt anaları olur. Qız uşaqlarının oxumağına kişilər mane olduqda, arvadlar bu yolda var qüvvələri ilə çalışırlar” [1, 422].

 

“Məhz avamlıqdan günahsız xalq fötv olub gedir” deyə səsini ucaldan Yusif Vəzir nicatı qız məktəblərini sayının artırılmasında, onların nizamlı, geniş proqramlı olmasında görür: “Heyif ki, bizim qız məktəbləri ehtiyacları dəf eləmir... Qız məktəbi açmaq bizə ən vacib işlərdən biridir. Hər kəs istəyir savab qazansın, camaatımıza məktəb açsın” [1, 428].

 

1914-cü ildə dərc edilmiş bu yazıda Yusif Vəzir qadınların döyülməsinə, onların təhqir edilməsinə qarşı çıxır, qadınlara hörmət etməyi hər bir kişinin borcu sayırdı: “Arvadlara ixtiyar verilsə, işlər tamam dəyişər. Elm aramızda yayılar və onun işığında diriliyimiz də asanlaşar. İxtiyarlı arvad özünü xoşbəxt edən kimi, özgələrinin də xoşbəxtliyinə bais ola bilər... Vaxt var ikən arvadlara hüquq verilməlidir ki, bunlar kişilərə qoşulub dirilik boyunduruğuna şərik olsunlar” [1, 422].

 

“Hanı yazıq arvadlarımızı himayə edən cəmiyyətlər? Əcnəbilər arasında heyvanları himayə edən cəmiyyətlər var ki, onlara əziyyət vermək qadağan olunub. Bizlərdəsə arvad kimi əziz məxluqu əzib döyürlər, küçələrə tullayırlar. Buna bir acıyan tapılmır” [12, 345].

 

Yusif Vəzir qadının cəmiyyətdəki yeri və rolu məsələsinə bir çox əsərlərində, o cümlədən “Azərbaycan və azərbaycanlılar” adlı əsərində də toxunmuşdur. O, bu əsərində ayrıca “Qadın məsələsi” bölməsində qadın azadlığı probleminə toxunmuş və çarşafa qarşı çıxmışdır [2, 35]. Onun “Çadra ətrafında” adlı ayrıca tarixi tədqiq əsəri vardır. Burada da o, göstərmişdir ki, istər türk ənənəsi, istər adət və qanunlar daima qadının hüquqlarını tanımışdır [6, 110].

 

Təsadüfi deyildir ki, Azərbaycan Xalq Cümhuriyyəti qurularkən hökumətin həssaslıqla yanaşdığı ilk məsələlər sırasında qadın hüquqları problemi xüsusi yer tutmuşdur. Bunun nəticəsidir ki, qadınlara seçki hüququ ABŞ-da 1920-ci ildə, Türkiyədə 1934-cü ildə, Fransada 1944-cü ildə, İtaliyada, Yaponiyada 1946-cı ildə, İsveçrədə 1971-ci ildə verildiyi halda, Azərbaycanda bu, 1918-ci ildə baş vermişdir və bu sahədə Azərbaycan Şərqdə ilk nümunə kimi tarixə düşmüşdür.

 

Etnik millətçilikdən vətəndaş (dövlət) millətçiliyinə

 

“...Avropanın cəmi inqilabları qanunun dəyişməsi üstdədir. Köhnəpərəstlər and edib, qədim qanunların qalmasını istiyorlar. İnqilab isə qədim qanunları uçurub, əvəzində təzəsini yazır” [4, 227]. “Biz kimik və istədiyimiz nədir” adlı əsərində Yusif Vəzir Azərbaycanda millət vəkillərinin yazdığı qanunla idarə olunacaq hüquqi dövləti təsvir edir və etnik mənsubiyyətindən, vəzifəsindən asılı olmayaraq hər bir vətəndaşın qanun qarşısında bərabərliyini elan edirdi: “Ölkəmiz qanuna tabe olacaq və qanundan xaric bir iş görülməyəcək. Qanun da bitərəf olduğundan heç zülm olunmayacaq. Yəni hamı qanun qarşısında bərabər olacaq, ögeylik-doğmalıq olmayacaq. Qanun soruşmayacaq ki, filankəs ermənidir, yainki müsəlman; filankəs kişidir, yainki arvad. Filankəs dövlətlidir, yoxsa fəqir. Erməni, müsəlman, rus, kişi, qadın, dövlətli, kasıb hüquqla bərabərdir” [4, 221].

 

Bu barədə onun “Xarici siyasətimiz” əsərində oxuyuruq: “Ola bilər ki, bir məmləkətdə daxili musalimət çox millətlərin vücudu ilə də təmin olunsun. Bu halı Şimali Amerika cəmahiri-müttəhidəsində görürük. Dürlü millətlər vətəni olan bu Cümhuriyyət ən sağlam bir idarəyə istinadən xoşbəxt yaşayır və xalqının rahat və istirahətini təmin edərək rəğbətini qazanır, bunun səbəbi isə uca bir idarə, gözəl bir qanundur. Bir tərəfdən ədalətli bir idarə, o biri tərəfdən qüvvətli bir mədəniyyət məmləkətdəki bütün millətləri yoğurub bir qəlibə salır. Hər kəs ümumi vətənini sevir və onun mədəniyyətini qeyri-məcburi bir halda alır” [9, 253].

 

Çəmənzəminli Azərbaycan mədəniyyətinin gücünə inanır və yazırdı ki, Azərbaycan mədəniyyəti o qədər qüvvətlidir ki, qonşu ölkələrin xalqlarını da təsiri altında saxlayıb və saxlamaqdadır. O, sayından asılı olmayaraq bütün etnik azlıqların hüquqlarının qorunacağını ifadə edirdi: “Bu gün vətənimizdəki xırda millətlər bizim ilə bərabər yaşamaqdadırlar; bunların hüququ heç bir qanun ilə təhdid olunmayıb və olunmayacaqdır. Ədalət hökmranlığını daimi surətdə təmin etməyə çalışacaqdır” [9, 255].

 

Yusif Vəzir Azərbaycan milli dövlətini azad seçkilərsiz təsəvvür etmirdi: “Ola bilər ki, öz ixtiyarımız öz əlimizə düşdükdə, ədalətsizliklər baş versin. Ədalətsizliyi yox etmək üçün Azərbaycan hakimiyyəti gərək xalqın öz istədiyi adamların əlinə keçsin” [4, 220]. Onun fikrincə, istiqlalın təminatı üçün 3 amil - millət, ölkə və hakimiyyət vəhdətdə çıxış etməlidir.

 

Söz, etiqad, vicdan azadlığı, plüralizm – bütün bunlar Çəmənzəminlinin təsvir etdiyi Azərbaycan milli dövlətinin məqsədləri sırasına daxildir. “Azərbaycanlı azad olduqda onun sözü, yazısı, iman və etiqadı da azad olacaq. Danışdığı söz və yazdığı şeylər üstə ona tənbeh olunmayacaq. Məsələn, Azərbaycanın idarəsi xoşu gəlməzsə, o barədə keyfi istədiyi qədər danışıb yaza bilər... Etiqad gərək azad olsun... Etiqad azadlığından azərbaycanlılar hüquqlarını itirməzlər... Azərbaycanda etiqad və inamlara zor olmayacaq: hər kəs hansı məbədə üz döndərəcək döndərsin. Bizə onun sadiq vətən xadimi olması lazımdır... Bizim istədiyimiz budur ki, cəmaət yığıncağı da azad olsun. Xalqın keyfi istədiyi zaman yığıncaq qurub, istər evdə, meydanda və ya küçədə, bağda hər nə məsələsi var müzakirəyə qoya bilər” [4, 222].

 

 “Xətainin nəfəsləri”

 

“Tarixi, coğrafi və iqtisadi Azərbaycan” əsərində Yusif Vəzir Azərbaycanın keçmişinə, bu gününə və gələcəyinə ayna tutmağa çalışırdı. Çəmənzəminli türkologiya elmi çərçivəsində azərbaycanşünaslığın müstəqil istiqamət (“azərolojiya”) kimi öyrənilməsini təklif edirdi.  O, bu əsərində Azərbaycanın tarixi sərhədlərini göstərir, əsas bölgələrinin ayrı-ayrılıqda tarixi, iqtisadi, coğrafi arayışlarını verir, tarixi şəxsiyyətlərimizin xidmətlərini sadalayırdı. Məsələn, Bakı haqqında Yusif Vəzir yazırdı: “Bakı Azərbaycanın maddi və mənəvi anasıdır. Məmləkətimizin hansı yerində fəlakət üz verərsə, xalq üzünü Bakıya çevirər və Bakı sevə-sevə köməyə gedər. İyirmi sənə əvvəl Bakı zəlzələsində, on beş sənə əvvəl müqəddəm Qarabağ aclığında, beş il bundan irəliki Qars və Ərdəhan qırğınında zərər görmüş müsəlmanlara (burada Çəmənzəminlinin Osmanlı Türkiyəsindəki qırğınlar zamanı azərbaycanlıların qardaş yardımı etməsi barədə açıqladığı fakt tarixçilərin diqqətini cəlb etməli, bu məsələ Türkiyə ictimaiyyətində də geniş təbliğ edilməlidir - müəllif) Bakının böyük köməyi oldu” [13, 161].

 

Yaxud, Çəmənzəminli göstərir ki, Rəvan qalası (İrəvan qalası nəzərdə tutulur – müəllif) Şah İsmayılın əmri ilə inşa edilib. Ümumiyyətlə, Yusif Vəzir Çəmənzəminlinin Şah İsmayıl Xətaiyə rəğbəti olmuşdur. Bunu onun “Xətainin nəfəsləri” adlı məqaləsindən də duymaq mümkündür. Bu məqalə uzun illər diqqətdən kənarda qalmış, ilk dəfə 2004-cü ildə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun çap etdirdiyi “Yusif Vəzir Çəmənzəminli, “Biz kimik””  (transfoneliterasiya, tərtib, ön söz və qeydlərin müəllifi Şəlalə Hümmətlidir) kitabında dərc edilmişdir [11, 83].

 

Azərbaycan: coğrafi amildən siyasi amilə keçid

 

Yusif Vəzir Çəmənzəminlini XX əsrin ilk onilliklərindəki digər müəlliflərdən fərqləndirən ən mühüm cəhətlərdən biri onun hadisələrə siyasi realizm prizmasından baxışıdır. Məhz bu səbəbdən onun ideyaları pantürkizmdən çıxır, utopik xarakter daşımır, xəyalpərəstliyi deyil, real mənzərəni təsvir edirdi. Məsələn, Yusif Vəzir yaxşı bilirdi ki, İrana məxsus torpaqların bir çox hissəsi tarixi Azərbaycan torpaqlarıdır. Lakin İngiltərə, İran, Ermənistan, Gürcüstan, Rusiya ilə münasibətləri təhlil edən “Xarici siyasətimiz” əsərində Yusif Vəzir Çəmənzəminli İrana qarşı heç bir ərazi iddiaları irəli sürmürdü: “Hansı nöqteyi-nəzərdən baxsan, İranın müstəqil və məsud yaşaması bizə əlverişlidir. Dövlətimizin Azərbaycan adlandığı sui-təfəhhümlərə səbəb oldu. Halbuki, Təbriz əyalətinin, yəni İran Azərbaycanının İranın olub-olmaması barədə ortalıqda heç bir məsələ yoxdur. İranın hüququna təcavüz etmək niyyətində deyilik; olmamışıq və olmayacağıq. Bizim tərəqqi və istirahətimizi təmin edən yalnız qonşularımız ilə dostluğumuz olacaqdır” [9, 264].

 

Təkcə bu fakt ümummilli lider Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyasının guya Azərbaycan Xalq Cümhuriyyətinin milli prinsiplərinə uyğun gəlmədiyini iddia edənlərə layiqli cavabdır. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə yenidən qayıdışından sonra həll etdiyi vacib məsələlərdən biri əvvəlki hakimiyyət dövründə siyasi naşılıq səbəbindən qonşu ölkələrə qarşı irəli sürülmüş ərazi iddialarının gündəlikdən çıxarılması olmuşdur. Digər tərəfdən, bu fakt Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq məfkurəsinin milli köklərə nə qədər bağlı olduğunu, onun hansı rüşeymlərdən qidalandığını aydın göstərməklə, ümummilli liderin tarixə dərindən bələd olmasının göstəricidir.

 

Müasir dövrdə müstəqil Azərbaycan dövlətinin milli dövlətçilik ideologiyası olan azərbaycançılıq da məhz onu təlqin edir ki, Azərbaycan xalqı əsrlərlə mövcud olduğu, dövlətlər qurub-yaratdığı tarixi-coğrafi məkanı tanımalı, onu dərindən öyrənməli, lakin siyasi realizm mövqeyindən çıxış edərək fəaliyyətini və gələcəyini beynəlxalq hüquqla tanınmış cari sərhədləri daxilindəki siyasi məkanda qurmalıdır.

 

Yusif Vəzirin Ermənistan siyasi rəhbərliyinə ərazi iddialarından (özü də tarixi əsasları olmadan) əl çəkməyə dair çağırışları da maraq doğurur: “Erməni rəhbərləri bizə əl uzatmalıdırlar, kin-küdurəti buraxıb, doğru yola gəlməlidirlər. Və əmin olmalıdırlar ki, erməni dərd və istəyini avropalılardan tez başa düşərik” [9, 266].

 

Yusif Vəzir erməni diasporunun, yalanlarını yaymaq üçün ən ağlasığmaz əməllərə baş vurmasını təəssüflə qeyd edirdi: “Avropa şəhərlərindən birində bir erməninin bir çocuğa güllə atdığını qazetədə oxumuşdum. Ermənidən cinayətin səbəbini soruşduqda demişdi: “Bu cinayət ilə erməni çocuqlarının halından sizi xəbərdar eləyirəm, onları Osmanlılar qırırlar”. İştə əfkari-ümumiyyə üçün qəribə bir hərəkət. Lakin bu adətdən kənar bir işdir. Amma bununla da istifadə edirlər” [9, 260].

 

O, yazırdı ki, azərbaycanlılar özlərini tanıtdırmaq üçün ermənilərdən daha çox çalışmalıdırlar: “Eşitdiyimə görə, ermənilər bu il (Qeyd. 1919-cu il nəzərdə tutulur – müəllif) milli məsələlərinə dair doqquz yüz əsər təb etdirmişlər” [9, 261].

 

Yusif Vəzir xaricdə yaşayan azərbaycanlıların çoxunun yerli dilləri bilmədiyini, bu səbəbdən yaşadıqları ölkənin həyatında yaxından iştirak edərək güclü diaspora şəklində çıxış edə bilməməsindən narahatlıq keçirirdi.

 

Nəticə

 

Təbii ki, Yusif Vəzirin milli siyasi kimliyə dair baxışlarının tam təhlilini bir elmi məqaləyə sığışdırmaq və onlara qiymət vermək qeyri-mümkündür. Lakin müəllifin əsərlərinin ümumi siyasi təhlilindən çıxarılan bir sıra nəticələr var ki, onların dərki Çəmənzəminli irsini düzgün anlamaq üçün mühüm əhəmiyyət daşıyır.

 

Birincisi, Yusif Vəzir Çəmənzəminli sağlam millətçilik tərəfdarı olmuşdur. Onun elmi əsərlərində Azərbaycanda etnik millətçilikdən vətəndaş millətçiliyinə (siyasi millətçiliyə) keçidin ilk işarələri görünməkdədir. O, Azərbaycan əhalisindən bəhs edərkən burada etnik kimliyi deyil, siyasi kimliyi - vətəndaşlıq amilini daha çox qabardır. Ölkədə yaşayan hər kəsi etnik kimliyindən asılı olmayaraq, “azərbaycanlı” adlandırır. Bunu onun əsərlərinin adlarından da görmək mümkündür. Məsələn, “Azərbaycan və azərbaycanlılar”. Bu xətt müasir Azərbaycan dövlətinin milli ideologiyasına – azərbaycançılıq ideologiyasına tamamilə uyğun gəlir. “Bu gün Azərbaycan identikliyi özünü vətəndaş milləti (siyasi millət) kimi göstərməyə meyillidir” [18, 81-82].

 

İkincisi, Yusif Vəzir Çəmənzəminli başa düşürdü ki, Azərbaycanın tarixi əraziləri Zəncandan Dərbəndə qədər geniş bir ərazini əhatə etsə də, müasir şəraitdə bu məkanda fəaliyyət mümkün deyil. Bu torpaqlar tarix üçün öyrənilməli, orada yaşayan soydaşlarımıza görə diqqət mərkəzində saxlanmalıdır, lakin həmin ərazilər üzərindəki mövcud dövlətlərə qarşı ərazi iddiaları sürülməməli, siyasi realizm mövqeyindən çıxış edərək qarşılıqlı əməkdaşlıq, dostluq platformaları yaradılmalıdır. Şübhə yoxdur ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan amilinin məhz coğrafi məzmundan çıxaraq siyasi məzmun daşıması prosesində Yusif Vəzir Çəmənzəminlinin böyük xidmətləri vardır.

 

Üçüncüsü, Yusif Vəzir Çəmənzəminli milli problemləri göstərməklə qalmır, onların həlli yollarını da təklif edirdi. Məsələn, qızlar məktəbinin açılması ilə işlərin bitmədiyini, burada tədris və təlimə fikir verilməsini önə çəkirdi. Onun əsərləri amorf ideyalar yığını deyildir, burada konkret məqsədlər və ona çatmaq yolları göstərilir. O, qaldırdığı problemləri dərindən təhlil edərək, lazım gəldikdə, məişət səviyyəsinə qədər enərək məsələləri yoluna qoymağın üsullarını təqdim edirdi. “Yusif Vəzir Çəmənzəminli mənsub оlduğu Azərbaycan хalqının milliliyini çох gözəl və dərin başa düşdüyündən milliliyə daхil оlan bütün məziyyətləri bacarıqla açır, milli mənsubiyyətimizlə bağlı hər şeyi əsərlərində rəngarəng vermişdir” [16, 87].

 

Dördüncüsü, Yusif Vəzir Çəmənzəminli bir çox müasirlərindən fərqli olaraq, yüksək təhsilli idi, xarici elmi mühitin içərisində yetişmiş vətənpərvər ziyalı kimi dünyada aparıcı elmi tendensiyaları yaxından izləyirdi. Onun əsərlərinin ədəbiyyat siyahısı xarici elmi mənbələrlə zəngindir. Məsələn, onun millətin formalaşmasında təhsilin əhəmiyyətinə xüsusi yer ayırmasını biz avropalı müəlliflərdə, məsələn, Ernest Gellnerdə də müşahidə edirik. Və ya ailə modelini kiçik dövlət kimi xarakterizə etməsi Çin filosofu Konfutsinin yanaşması ilə uyğundur. O, əsərlərində məşhur filosofların, tanınmış alimlərin əsərlərinə tez-tez müraciət etmişdir. “Y.V.Çəmənzəminlinin böyüklüyü və ölməzliyi məhz оndadır ki, о, həmişə millətin varlığı ilə bağlı оlan prоblemlər ətrafında düşünmüşdür” [16, 10].

 

Yusif Vəzirin bütün külliyyatı ilə tanışlıq və haqqında yazılmış elmi monoqrafiyalardan məlum olur ki, o, 8 müxtəlif ada malik imzalarla əsərlər yaratmış, ədəbi fəaliyyətinin demək olar ki, son dövrünə kimi bu imzalardan istifadə etmişdir” [17, 48]. Lakin son tədqiqatlar imzalarının daha çox olmasını söyləməyə əsas verir.

 

Yusif Vəzirin Çəmənzəminlinin yaradıcılığına hansı tərəfdən baxılsa, burada milli dövlət quruculuğu, millətin tərəqqisi problemləri aşkar görünür. Bu əsərlər Yusif Vəzirin böyük arzusunun məhz güclü Azərbaycan dövləti olduğunu söyləməyə tam əsas verir.

 

Müasir Azərbaycan dövləti Yusif Vəzirin əsərlərində canlandırdığı dövlət obrazının prototipi sayıla bilər. Azərbaycanın dövlət müstəqilliyi bərpa edilmiş, dövlətçilik ənənələri dirçəldilmiş və möhkəmləndirilmiş, azərbaycançılıq məfkurəsi milli ideologiya kimi müəyyən edilmiş və ölkə XXI əsrin çağırışları qarşısında milli ideyaya əsaslanan yeni keyfiyyətlər əldə etmişdir.

           

Akademik Ramiz Mehdiyev 2016-cı ildə dərc edilmiş “Güclü Azərbaycan dövləti qloballaşma şəraitində” adlı məqaləsində (Qeyd. Bu məqalə akademik Ramiz Mehdiyevin gələcək kitabının ayrıca bir fəslidir – müəllif) yazır ki, müstəqil Azərbaycan dövlətinin qorunub saxlanması məsələləri Azərbaycan xalqının müasir milli ideyasının əsas vəzifəsidir: “Azərbaycan xalqı öz dövlətinə indiki nəslin payına düşən milli sərvət, böyük dəyər kimi baxır. Xalqımız gözəl başa düşür ki, öz dövlətindən məhrum olmaq dünyanın etno-milli xəritəsindən silinmək deməkdir. Buradan belə çıxır ki, öz dövlətini qoruyub saxlamaqdan və inkişaf etdirməkdən vacib məsələ yoxdur. Özü də təkcə güclü dövlət yaşamağa davam edə bilər” [19].

 

Akademik R.Mehdiyev qeyd edir ki, Azərbaycan xalqı sivilizasiyalı dünyada baş verən qloballaşma dəyişikliklərinin ruhunu nəzərə almaqla bərabər, eyni zamanda, dövlətimizin hansı mürəkkəb geosiyasi regionda yerləşməsini də anlayır, bu halda özünün hadisələrlə zəngin olan əvvəlki tarixini də unutmur: “Azərbaycan dövlətinin inkişaf məntiqi göstərir ki, Azərbaycan 1993-cü ilin ortalarından etibarən ardıcıl surətdə güclü dövlət prinsiplərini gerçəkləşdirmək yolu ilə gedir. İqtidarda olan qrupların neoliberal demokratiya ideyalarına aludə olduqları və bu ideyaları fəal surətdə sosial praktikaya tətbiq etdikləri bəzi postsovet dövlətlərindən fərqli olaraq, Prezident Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələrək və böyük dövlət xadimi bəsirəti və uzaqgörənliyi nümayiş etdirərək güclü Azərbaycan dövləti konsepsiyasını irəli sürdü və onu ardıcıl surətdə praktikada reallaşdırmağa başladı. Sonrakı illərdə dövlətimizin bütün fəaliyyəti bu kursun düzgün olduğunu təsdiqlədi... Bu gün Azərbaycan dövlətinin sabit olmasının səbəbi budur ki, o, güclüdür, bununla belə, bütün dövlətlərlə qarşılıqlı bərabərhüquqlu fəaliyyətə istiqamətlənib” [19].

 

R.Mehdiyev müasir Azərbaycanın güclü dövlətə xas bütün əlamətlərə malik olduğunu bildirir və burada ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi vurğulayır:  “Heydər Əliyev müasir güclü dövlət qurmaq üçün nə etmək lazım olduğunu aydın təsəvvür edən nadir insanlardan biri idi... XXI əsrin milli ideyasının təcəssümü olan müasir güclü Azərbaycan dövlətinin yaradılması millətin güclü liderə malik olmasının nəticəsidir. Belə fikir var ki, xalqın lideri anadangəlmə lider olmalıdır. Şəxsiyyətin bəzi fitri keyfiyyətləri bununla razılaşmağa qismən əsas verir. Bu xüsusiyyətləri biz fenomenal yaddaşa malik Heydər Əliyevin simasında görürük. Bu gün xalq milli lider mandatını, bu məsul missiyanı beynəlxalq birlik tərəfindən görkəmli dövlət xadimi kimi tanınan İlham Əliyevə etibar edib” [19].

 

XXI əsrdə dünya miqyasında milli dövlət fenomeninə qarşı ardıcıl hücumları, milli dövlətlərin əsaslarının sarsıdılması, aşındırılması istiqamətində həyata keçirilən qlobal siyasəti və mənfi təmayülləri nəzərə alaraq, akademik Ramiz Mehdiyev dövlətçiliyin gücləndirilməsini bu gün əsas problem kimi ortaya qoyur: “Skeptiklərin fikirlərinə rəğmən düşünürəm ki, qloballaşma şəraitində dövlətin potensialı azalmayacaq, əksinə artacaq” [19].

 

Beləliklə, bir daha müəyyən olur ki, Azərbaycan xalqının xoşbəxtliyi onun milli iradəsi, milli ideyası, milli dövləti ilə sıx bağlıdır.

 

XX əsrin əvvəllərində Yusif Vəzir Çəmənzəminli yorulmadan Azərbaycanın müstəqilliyinin əldə edilməsi uğrunda intellektual əmək sərf edirdi. “Azərbaycan istiqlaliyyətini təmin etmək üçün cəmi qüvvət və qüdrətimizi meydana çıxartmalıdır. Bu yolda nə qədər fədakarlıq lazım olsa, göstərməliyik” [4, 220].

 

Böyük azərbaycanşünas alimin – Yusif Vəzir Çəmənzəminlinin siyasi irsinin dərindən təhlili, onun ideyalarının kökündə dayanan fəlsəfənin açılması onu getdikcə daha çox sevdirəcəkdir. “Y.V.Çəmənzəminlinin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə edilən şəxsi arxivində hələ də müasir oxuculara məlum olmayan, tədqiq edilməli xeyli dəyərli məqalələr və əlyazmalar var” [3, 8].

 

Tədqiqatçı Şəlalə Ana Hümmətli onların bəzilərini aşkar edərək 2014-cü ildə “Yusif Vəzir Çəmənzəminlinin elmi-ədəbi irsi yeni faktların işığında” adlı kitabında məlumat vermişdir: “Y.V.Çəmənzəminlinin şəхsi fоndundа mühаfizə еdilən sənədlər аrаsındа оnun müхtəlif nəş­riyyаtlаrlа, хüsusilə, “Аzərnəşr”lə bаğlаdığı müqаvilənаmələrlə tаnış оlаrkən, çə­mən­zəminlişünаslıq üçün yеni və çох dəyərli fаktlаrlа qаrşılаş­dıq. Qоvluqdаkı on doqquz müqаvilənаmədən bеşi Y.V.Çə­mənzə­minli irsinin аçıl­mаmış səhifələrindən sоrаq vеrir. Həmin müqаvilənаmələrdən ədibin bu gü­nə­cən çəmən­zəminlişünаslığа məlum оlmаyаn “Qədim kitаb”, “Məhərrəm” аdlı iki rо­mаnının, “1905-ci ildə” аdlı uşаq pyеsinin, rus və pоlyаk ədəbiyyаtındаn iki tərcüməsinin mövcudluğu hаq­qındа məlumаt əldə еdirik” [14, 35].

 

Azərbaycan millətinin cizgilərinin və əsas emosional məzmununun açılmasında Y.V.Çəmənzəminlinin həm bədii, həm publisistik, həm də elmi əsərlərinin böyük əhəmiyyəti vardır. Onun xalq nağıllarına, folklora diqqət yetirməsindən tutmuş yaratdığı ədəbi forma və obrazlara qədər bu, aydın sezilir. ““Millət” kateqoriyası əqli əmək adamları üçün prioritet olmalı, mühüm siyasi əhəmiyyət daşımalıdır. Yalnız onların yaradıcı fantaziyası və intellekti millətə onun cizgilərini və əsas emosional məzmunu verəcəkdir. Milli əsatir, simvol və obrazlar əsasında ziyalılar cəmiyyətə millətin fərqli, bənzərsiz xarakterini təqdim etməlidirlər. Məhz xalqın qəhrəmanlıq səhifələrinin xatirələri, simvol və əsatirlər sağlam millətçiliyə səfərbəredici cazibə və istiqamət verir. Bu ədəbi forma və obrazlardan məhrum olan millətçilik insanların ruhuna təsir etmək qüvvəsini itirərdi” [18, 69].

 

Ədəbiyyat

  1. Çəmənzəminli Y.V. Ana və analıq. Əsərləri (3 cilddə). III cild. Bakı, 2005
  2. Çəmənzəminli Y.V. Azərbaycan və azərbaycanlılar. Biz kimik (məqalələr). Bakı, 2004
  3. Çəmənzəminli Y.V. Biz kimik (məqalələr). Bakı, 2004
  4. Çəmənzəminli Y.V. Biz kimik və istədiyimiz nədir. Əsərləri (3 cilddə). III cild. Bakı, 2005
  5. Çəmənzəminli Y.V. Bizə ciddi mətbuat çoxdan lazım idi. Əsərləri (3 cilddə). III cild. Bakı, 2005
  6. Çəmənzəminli Y.V. Çadra ətrafında. Biz kimik (məqalələr). Bakı, 2004
  7. Çəmənzəminli Y.V. Əcəmilik möhürü və onunla mübarizə. Əsərləri (3 cilddə). III cild. Bakı, 2005
  8. Çəmənzəminli Y.V. Həyatımın 20 ili. Əsərləri (3 cilddə). III cild. Bakı, 2005
  9. Çəmənzəminli Y.V. Xarici siyasətimiz. Əsərləri (3 cilddə). III cild. Bakı, 2005
  10. Çəmənzəminli Y.V. Xarici siyasətimiz. Bakı, 1993
  11. Çəmənzəminli Y.V. Xətainin nəfəsləri. Biz kimik (məqalələr). Bakı, 2004
  12. Çəmənzəminli Y.V. Qulluq və əsirlik. Əsərləri (3 cilddə). III cild. Bakı, 2005
  13. Çəmənzəminli Y.V. Tarixi, coğrafi və iqtisadi Azərbaycan. Əsərləri (3 cilddə). III cild. Bakı, 2005
  14. Hümmətli Ş.A. “Yusif Vəzir Çəmənzəminlinin elmi-ədəbi irsi yeni faktların işığında”. Bakı, 2014
  15. İbrahimli Əli. “Azərbaycançılıq ideyasının konseptual aspektləri”. Bakı, 2016
  16. İbrahimov Əli. “Yusif Vəzir Çəmənzəminlinin fəlsəfi və sosial-siyasi görüşləri”. Bakı, 2008         
  17. İbrahimli Əli. “Yusif Vəzir Çəmənzəminli və milli məsələ”. Bakı, 2002
  18. Mehdiyev Ramiz. “Tarixi idrakın elmiliyi problemlərinə dair”. Bakı, 2015
  19. Mehdiyev Ramiz. Azərbaycan Dövlət İnformasiya Agentliyində yayımlanmış “Güclü Azərbaycan dövləti qloballaşma şəraitində” məqaləsi

http://azertag.az/store/files/TARIXDE%20BU%20GUN/RAMIZ%20MEHDIYEV-NOVIY.pdf

03.06.2016

 

Qeyd: Bu məqalə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin orqanı olan “Hərbi bilik” elmi jurnalının №3(141), 2016-cı il tarixli sayından götürülmüşdür: http://mod.gov.az/jurnal/2016/HB_jurnali_2016-3.pdf

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:20 21 İyul
12:55 20 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • deputat novbeti defe secicilerini qebul edib
    Deputat növbəti dəfə seçicilərini qəbul edib
  • turkiyede guclu zelzele olub 70 dek sakin xesaret alib yenilenib
    Türkiyədə güclü zəlzələ olub, 70-dək sakin xəsarət alıb - YE...
turkiyede guclu zelzele olub 70 dek sakin xesaret alib yenilenib turkiyede guclu zelzele olub 70 dek sakin xesaret alib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ