Azərbaycanın siyasi elminə ən dəyərli töhfə - MƏQALƏ

azerbaycanin siyasi elmine en deyerli tohfe meqale
Professor Əli Həsənovun “Azərbaycanın geosiyasəti” kitabı haqqında təəssüratlar

Müasir dövrdə Azərbaycanın qlobal və regional geosiyasi çəkisini artıran ən başlıca amil onun müstəqil bir dövlət olaraq tam formalaşması, özünü təmin edən milli iqtisadiyyata, maddi, mənəvi və insan resurslarına, milli-vətəndaş birliyinə, əhali tərəfindən dəstəklənən milli inkişaf kursuna, güclü ordu və müdafiə potensialına və s. zəruri təsisatlara malik olması və bütün bunlara söykənərək, müstəqil daxili və xarici siyasət yürütməsidir. Müstəqillik əldə edildikdən sonrakı dövrdə milli dövlətin iqtisadi, hüquqi və ideoloji əsaslarının, idarəçilik mexanizminin, daxili və xarici siyasət strategiyasının, təhlükəsizlik konsepsiyasının formalaşdırılması və həyata keçirilməsi prosesi bir tərəfdən Ermənistanla hərbi qarşıdurma, digər tərəfdənsə Azərbaycanı istiqamətləndirmək, onu təsir altında saxlamaq istəyən daxili və xarici güclərlə kəskin mübarizə şəraitində baş tutmuşdur.

 

Ulu öndər Heydər Əliyevin şəxsi nüfuzu, siyasi uzaqgörənliyi, böyük idarəçilik təcrübəsi sayəsində 1993-2003-cü illəri əhatə edən birinci mərhələdə bütün milli resursları vahid məqsəd uğrunda səfərbər etmək və Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq, onu sabit inkişaf yoluna çıxarmaq, milli iradəyə əsaslanan müstəqil subyekt kimi beynəlxalq aləmlə sıx inteqrasiyasını təmin etmək mümkün olmuşdur.

 

Bununla yanaşı, etiraf olunmalıdır ki, hər bir dövlət ilkin mərhələdə xarici təhlükələrdən qorunmaq sahəsində özünümüdafiə sistemini dərhal formalaşdıra bilmir, müxtəlif təzyiq və təhdidlərə qarşı sinə gərmək məcburiyyətində qalır. Bu mənada Azərbaycan daha uğurlu siyasət həyata keçirərək, müstəqilliyinin ilk dövründə ayrı-ayrı güc mərkəzləri arasında balans yaratmağa, minimum güzəştlər hesabına maksimum dividendlər əldə etməyə, prinsipial məsələlərdə öz mövqeyini qoruyub saxlamağa və inkişaf etdirməyə nail olmuşdur. Nəticədə dövlət həm özünün neft strategiyasını uğurla reallaşdırmağı bacarmış, həm də gələcək sürətli inkişafının möhkəm bazasını yaratmışdır.

 

Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərlik etdiyi 2003-2015-cü illəri əhatə edən ikinci mərhələdə Azərbaycan dayanıqlı liberal iqtisadiyyata və böyük maliyyə resurslarına, güclü orduya malik, özünü tam təmin edən, heç kimdən asılı olmayan, sözünü cəsarətlə deyən, mövqeyinə və rəyinə hörmətlə yanaşılan və milli maraqlara əsaslanaraq, tam müstəqil siyasət yürüdən ölkəyə çevrilmişdir.

 

Məhz buna görə də hazırda Azərbaycan ciddi geosiyasi faktor kimi postsovet məkanının, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın müasir geosiyasi, geoiqtisadi və hərbi-geostrateji xarakteristikasının müəyyənləşdirilməsinə mühüm təsir göstərir, habelə BMT, ATƏT, Avropa Şurası, İKT, Qoşulmama Hərəkatının fəal üzvü olaraq, eyni zamanda, dünyanın güc mərkəzləri ilə yaxından əməkdaşlıq edərək, qlobal siyasətdə özünün iştirak imkanlarını getdikcə genişləndirir.

 

Müstəqil Azərbaycan Respublikasının geosiyasətinin mahiyyətcə öyrənilməsi, praktiki və elmi-nəzəri aspektlərinin hərtərəfli tədqiq edilməsi böyük əhəmiyyətə malikdir. Regional coğrafi-siyasi mühiti dərk etmək və xarici siyasəti daha böyük miqyaslı siyasi prosesləri nəzərə almaqla həyata keçirə bilmək üçün respublikamızda müvafiq araşdırmalar aparılmalı və daha sonra mövcud siyasi mühitin və siyasi proseslərin aydın xəritəsindən çıxış edilməlidir. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun yenicə çapdan çıxmış "Azərbaycanın geosiyasəti" adlı dərsliyi xüsusi əhəmiyyətə malikdir.

 

Dərhal qeyd etmək istərdim ki, bu kitab məndə yalnız öz fundamentallığı, hadisələrin və problemlərin çox geniş əhatə olunması ilə deyil, həm də çox nəzərə çarpan parametrlərinə baxmayaraq, bütöv, mərkəzi ideya olması ilə dolğun təəssürat yaratmışdır. Həmin ideya ən iri fövqəldövlətlərin xarici siyasətinin son əsrlər ərzində Azərbaycana münasibətdə iki əsas motivinin – fərdi maraqların və ideoloji imperativlərin roludur. Onların müxtəlif problemlərə tətbiq olunaraq nisbi çəkisi, ayrı-ayrı epoxalarda mütənasibliyi, bu vaxt yol verilən xətaların düzgün və yaxud səhv anlanması, eləcə də nəticələri bu əsərdə çox təfərrüatlı şəkildə öyrənilir.

 

Ona görə də kitabı oxuyarkən bu nəticəyə gəlirsən ki, o yalnız bu sahə üzrə ixtisaslaşmış mütəxəssislər və ya geosiyasəti öyrənənlər üçün yox, həm də geosiyasəti müəyyən edənlər üçün də faydalı ola bilər. Fayda yalnız Əli Həsənovun əsərinin dövlətçilik fəaliyyətini, onun müdriklik təcrübəsini aydınlıqla ümumiləşdirən ifadələrlə zəngin olmasında deyildir. Daha əhəmiyyətli odur ki, kitabda müəllifə xas olan uzaqgörənliklə və təffərrüatlı şəkildə geosiyasi mühit qələmə alınmışdır – bu və ya digər vacib qərarlar necə və hansı niyyətlərin təsiri altında qəbul olunmuşdu, onların işlənib hazırlanmasına və həyata keçməsinə hansı amillər kömək və ya mane olurdu.

 

Azərbaycanın geosiyasətinə ənənəvi olaraq qlobal baxış bucağından yanaşan hörmətli Əli Həsənovun yazdığı geosiyasət, eyni zamanda, ən yüksək səviyyədə personalaşdırılmışdır. Onun əsasında – mahiyyət etibarilə istər Azərbaycanın, istərsə də müxtəlif ölkələrin qədim zamanlardan bu günə qədər olan dövrü əhatə edən görkəmli dövlət xadimlərinin siyasi portretidir. Müəllif onların fəaliyyətini və epoxasını alim kimi öyrənib, bir çoxlarını isə, son 20 il ərzində dövlətin isteblişmentinin (siyasi elitasının) əsas fiqurlarından biri kimi, şəxsən tanıyıb.

 

Mən kitabın fəsilləri üzərində ətraflı şəkildə dayanmaq fikrindən uzağam, bununla belə bu fundamental tədqiqat əsərinin bəzi fəsillərinin fabulasının təhlil edilməsi olduqca zəruridir.

 

Müəllif girişdə dünyanın aparıcı ölkələrinin və regional güclərin Azərbaycanın yerləşdiyi Avrasiya məkanında, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazda nümayiş etdirdikləri geosiyasi, geoiqtisadi və hərbi-geostrateji maraqlar və yürütdükləri geosiyasəti, bu siyasətin Azərbaycanın bugünkü və gələcək geosiyasi vəziyyətinə göstərdiyi, yaxud göstərə biləcəyi təsiri, onun ətraf ölkələrlə geosiyasi münasibətləri və s. məsələləri olduqca aydın və səhih şəkildə açıqlayır. Bu sahədə dərin biliklərə malik olmayan bir gənc - tələbə, magistrant və s. artıq ilk mövzudan aydın şəkildə fənnin predmetini, mahiyyətini anlamağa başlayır və ən əsası, kitaba, kitabın əsasında isə tədris olunan fənnə marağı yaranır. Dilin aydınlığı və fikir axıcılığı bu kitaba tam mənasında aid edilə bilər.

 

Müəllif yazır: “90-cı illərin əvvəlindən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın milli inkişafının, təhlükəsizlik, enerji, nəqliyyat-kommunikasiya-dəhliz, informasiya və s. siyasətinin nəzəri və praktiki əsaslarının, ölkənin əsas inkişaf resurslarının formalaşdırılması, müstəqil dövlətin həyati maraqlarının çərçivəsinin müəyyənləşməsi və təmin olunması, cəmiyyətin sosial-iqtisadi, siyasi və mənəvi əsaslarının yeni dəyərlər və prinsiplər əsasında qurulması kimi vəzifələr milli siyasətin xüsusi istiqamətinə çevrilərək, dövlət quruculuğu prosesinin təxirəsalınmaz və vacib məsələlərinə çevrilmişdir. Buna görə də ölkənin milli və geosiyasi maraqlarının bütün səviyyələrdə təmin olunması ilə bağlı reallaşdırdığı xarici siyasət fəaliyyətinin öyrənilməsi, qarşıda dayanan məqsəd və vəzifələrin elmi-konseptual baxımdan araşdırılması Azərbaycan siyasətşünaslığında mühüm aktuallıq kəsb edir. Azərbaycanın ətraf aləmlə geosiyasi münasibətlərini, beynəlxalq, regional və milli siyasətinin əsas hədəflərini, hər səviyyə üzrə vəzifə və istiqamətlərini müəyyənləşdirən və tədqiq edən ümumiləşmiş əsərlərin yazılmasına isə müasir dövrdə xüsusi ehtiyac duyulur.” Hesab etmək olar ki, burada Azərbaycanın geosiyasətinin həm əsas məqsədi, həm onun subyektləri, səbəblər, nəhayət isə geosiyası proseslərin formaları ümumiləşdirilmiş şəkildə əhatə oluna bilmişdir. Əlbəttə, təbii ki, qeyd olunan hər bir məsələ sonrakı fəsil və paraqraflarda ətraflı araşdırılmışdır.

 

Kitabın ilk fəslində xronoloji ardıcıllıqla - Azərbaycanın geosiyasi inkişaf tarixi və xarakteristikası fonunda qədim zamanlardan Birinci Dünya müharibəsinə qədərki geosiyasi vəziyyət, Azərbaycan Xalq Cümhuriyyətinin siyasi fəaliyyəti və o dövrdə xarici dövlətlərin Cənubi Qafqaz geosiyasəti, XX əsrdə ilk milli inkişaf siyasətimizin əsasları, mahiyyəti və məqsədləri araşdırılır, Xalq Cümhuriyyəti hökumətinin diplomatik manevrləri və Cümhuriyyətin iflası səbəbləri elmi şəkildə təhlil olunur.

 

Müəllif qeyd edir ki, Birinci Dünya müharibəsində böyük dövlətlərin dünyanı bölüşdürmək uğrunda mübarizəsinin həlledici mərhələyə daxil olduğu və ölkənin başı üzərini yeni işğal təhlükəsinin aldığı çox mürəkkəb daxili və beynəlxalq şəraitdə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin əsas hissəsini ilk növbədə Azərbaycanın müstəqilliyinin dünya dövlətləri tərəfindən tanınmasına nail olmaq, qonşu dövlətlərlə münasibətləri qaydaya salmaq təşkil edirdi. Bununla yanaşı, Cənubi Qafqaz respublikaları arasında mübahisəli məsələlərin, xüsusilə Ermənistanın ərazi iddiası məsələsinin həll edilməsi qarşıya məqsəd kimi qoyulmuşdu.

 

Professor Əli Həsənov haqlı olaraq qeyd edir ki, Birinci Dünya müharibəsinin gedişində, 1917-ci ildə çar Rusiyasının dağılması nəticəsində 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublikanın qurulması ilə Azərbaycanın milli təhlükəsizliyi və inkişafına dair ilk cizgilər, konturlar da meydana çıxmağa başlamış, lakin bütün bunlar yalnız ideyalar olaraq qalmışdır. 1920-ci ilin aprelində bolşevik Rusiyası tərəfindən işğal edildikdən və bir neçə il sonra SSRİ-nin tərkibinə qatıldıqdan sonra milli inkişafın və təhlükəsizliyin müstəqil Azərbaycan yolu olmamış, bunlar yalnız ümumi sovet dövlətinin tərkibində həyata keçirilmişdir.

 

XX əsrin sonunda Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra dövlətçiliyini inkişaf etdirərək möhkəmləndirmək üçün tarixi fürsət əldə etmiş oldu. Azərbaycanın geosiyasəti və beynəlxalq aləmlə münasibətlərinə dair sistemli şəkildə araşdırılmış kitabda ilk öncə Azərbaycanın müasir milli inkişaf strategiyasının mahiyyəti açıqlanır, səciyyəvi cəhətləri, vəzifələri və hədəfləri öyrənilməklə yanaşı, əsas mərhələləri və xarakterik xüsusiyyətləri izah edilir. Bundan əlavə, ölkəmizin geosiyasi statusu, müasir geosiyasi inkişaf xüsusiyyətləri, geosiyasi fəaliyyət kodeksi, eləcə də XXI əsrdə Azərbaycanın qarşısında dayanan əsas geosiyasi vəzifələr və perspektivlər açıqlanır.

 

Məhz belə bir tarixi ekskurs oxucuda zəngin təəssürat yaratmaqla, onu müasir geosiyasət məkanına cəlb edir. Beləliklə, kitabda həm müstəqilliyin ilk on ili, həm də sonrakı dövr üçün ölkənin geosiyasəti qarşısında duran vəzifələrin bir neçə istiqaməti üzrə (milli inkişaf və təhlükəsizlik maraqlarının təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsasları, ölkənin geosiyasi kodunun, xarici və milli siyasət konsepsiyasının hazırlanması, milli maraqlarının çərçivəsinin müəyyənləşməsi və təmin edilməsi və s.) müqayisəli təhlili aparılır.

 

Müəllif qeyd edir ki, ölkənin geosiyasi kodunun əsasını məhz qonşu dövlətlərlə sərhəd və sərhədboyu ərazilərin xarakteristikası, ərazidaxili əhali göstəriciləri, eyni zamanda, ətraf ölkələrin geosiyasi fəaliyyətinin xüsusiyyətləri təşkil edir.

 

Bu kontekstdə Əli Həsənov Azərbaycanın geosiyasi kodunun müəyyənləşməsinə təsir göstərən əsas regional və yerli amilləri ümumiləşdirərək, regionun ümumi geosiyasi mənzərəsini sistemli şəkildə xarakterizə edir:

• Rusiya, Türkiyə və İran kimi iddialı regional lider statuslu ölkələrlə quru və dəniz sərhədlərinə malik olması və ondan irəli gələn geosiyasi, geoiqtisadi və hərbi-geostrateji, sərhəd-keçid təhlükəsizliyi məsələləri, həmin dövlətlərin sərhədboyu yaşayış məskənlərində yaşayan əhaliyə siyasi, informasiya, dini və s. təsirindən yaranan problemlər;

• Xəzər dənizi vasitəsilə Rusiya, İran və Orta Asiya ölkələri ilə, quru məkanda isə tamamilə fərqli geosiyasi statusa, davranışa, geoiqtisadi, hərbi-geostrateji maraq və mənafeyə malik, Azərbaycana və onun bölgədə reallaşdırdığı transmilli layihələrə fərqli münasibəti və yanaşması ilə seçilən Türkiyə, Cənubi Qafqazın Gürcüstan və Ermənistan kimi ölkələri ilə həmsərhəd olması;

• əhəmiyyətli geosiyasi əraziyə - geosiyasi anlamda “açar məkan” və tranzit-keçid xarakteristikasına malik olması və əksər transmilli aktorların diqqət mərkəzinə çıxması;

• fərqli hərbi-geostrateji blokların sərhədlərində, təhlükəsizlik baxımından həssas regionda yerləşməsi və əhəmiyyətli strateji ərazi xarakteristikasına - xüsusi hərbi-strateji və coğrafi məkana malik olması;

• zəngin geoiqtisadi, hərbi-geostrateji potensiala (karbohidrogen ehtiyatlarına və İran, Orta Asiya, Rusiya və Cənubi Qafqazın hərbi-geostrateji təhlükəsizliyinə təsir gücünə) malik olan Xəzər dənizi hövzəsində əhəmiyyətli coğrafi mövqedə yerləşməsi;

• regionun və dünyanın geoiqtisadi əlaqələrində istifadə olunan enerji və nəqliyyat dəhlizlərinin mərkəzi hissəsində yerləşməsi və üstün nəqliyyat infrastrukturlarına, inkişaf etmiş kommunikasiyalara malik olması,

• onun torpaqlarını işğal edən və bundan sonra da ona daim ərazi ekspansiyası təhlükəsi törədən Ermənistan kimi işğalçı dövlətlə həmsərhəd olması,

• ölkənin ərazi bütövlüyünü, geosiyasi uğurlarını, milli inkişafını, demokratik dövlət quruculuğu və ondan irəli gələn bütün rəsmi fəaliyyətini açıq və yaxud gizli şəkildə təhdid edən digər geosiyasi aktorlarla qonşuluğu və s.

 

Kitabın Azərbaycanın beynəlxalq aləmlə geosiyasi münasibətlərinə həsr edilmiş ikinci bölməsində Avrasiyanın ümumi geosiyasi xarakteristikası və müasir vəziyyəti təhlil edilməklə yanaşı, Avrasiyanın regional geosiyasi vəziyyətinə təsir göstərən fərqli maraqlar sistemi, transmilli, regional və milli hədəflər göstərilir, ABŞ-ın, Türkiyənin, Rusiyanın, Avropa İttifaqının və digər aparıcı dünya dövlətlərinin Avrasiya siyasəti və Azərbaycanla geosiyasi münasibətlərinin xarakteristikası verilir.

 

Müstəqil dövlət kimi hər bir ölkənin dünya birliyində tutduğu mövqe və qazandığı nüfuz onun beynəlxalq, regional və milli səviyyələrdə reallaşdırdığı milli inkişaf xəttindən, həyata keçirdiyi geosiyasətin çevikliyindən, səmərəliliyindən və ətraf aləmlə yaratdığı effektiv geosiyasi münasibətlərdən asılı olur. Azərbaycanın region və dünya ölkələri ilə geosiyasi münasibətlərinin, milli inkişaf və təhlükəsizlik sahəsində yürütdüyü xarici siyasət strategiyasının əsas vəzifələrindən biri Prezident İlham Əliyevin söylədiyi kimi, ölkənin müstəqilliyini möhkəmlətmək, davamlı inkişafını və suveren dövlət hüquqlarını təmin etmək, beynəlxalq münasibətlərin əksər subyektləri ilə qarşılıqlı faydalı münasibətlərini yaratmaq və milli maraqlarını maksimum qorumaqdan ibarətdir.

 

Professor Əli Həsənov postsovet məkanında SSRİ-nin dağılmasından sonrakı geosiyasi prosesləri, MDB-nin yaranması və fəaliyyəti, qurumdaxili qruplaşma meyillərinin əsas səbəbləri və istiqamətləri, geosiyasi, geoiqtisadi və hərbi-strateji münasibətlərin əsas meyilləri və tendensiyaları çərçivəsində çoxtərəfli inteqrasiya proseslərinin xarakteristikasını verməklə yanaşı, Orta Asiya, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın müasir dünya siyasətindəki yeri və rolu, dövlətlərin geosiyasi, hərbi-strateji, geoiqtisadi maraqlar sistemi və Azərbaycanla münasibətlərinin də geniş təhlilini verib.

 

Eyni zamanda, müəllif Qara dəniz hövzəsinin beynəlxalq və regional maraqlar sistemində xarakteristikasını açıqlayaraq, müasir dövrdə Ukraynanın geosiyasi və hərbi-geostrateji mövqeləri, Azərbaycan-Ukrayna münasibətləri, Qara dəniz hövzəsinin geosiyasətində Belarus və Moldovanın rolu, eləcə də ölkəmizlə geosiyasi tərəfdaşlıq strategiyasını göstərib. Bundan əlavə, Cənubi Qafqazın regional geosiyasi maraqlar sistemində Azərbaycan, Gürcüstan və Ermənistan arasındakı münasibətlərin, xüsusilə dinc yanaşı yaşamanın əsas şərtləri və tələbləri də kitabda öz əksini tapıb. Bundan əlavə, Xəzər hövzəsi və Cənubi Qafqazın geoiqtisadi xarakteristikası, beynəlxalq, regional, yerli maraqlar sistemi, Azərbaycanın regional geoiqtisadi maraqları və enerji strategiyası araşdırılan kitabın Azərbaycanın beynəlxalq aləmlə geosiyasi münasibətlərinə həsr edilmiş üçüncü bölməsində transmilli dünya güclərinin Xəzər hövzəsi və Cənubi Qafqazdakı geoiqtisadi maraqları və fəaliyyətinin xarakteristikası verilib.

 

Əsərdə Azərbaycanın regional müstəvidəki uğurlarını qruplaşdıran professor Əli Həsənova görə, birinci istiqamət odur ki, Azərbaycan heç kimdən asılı olmayan, milli maraqlara uyğun, tam müstəqil daxili və xarici siyasət yürüdən dövlətdir. İkinci istiqamət ondan ibarətdir ki, 2003-cü ildən başlayaraq sürətli sosial-iqtisadi inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan, həm də dünyaya özünün yeni inkişaf modelini təqdim edə bilmişdir. Üçüncü istiqamət ondan ibarətdir ki, Azərbaycan hazırda regional və qlobal səviyyəli mərkəzə çevrilmişdir: "Məlumdur ki, Şərqin və Qərbin kəsişməsində yerləşən Azərbaycan olduqca əlverişli coğrafi və geostrateji əhəmiyyətə malik ölkədir”. Nəhayət, dördüncü istiqamət müstəqillik illərində Azərbaycanda enerji resurslarının ixracından əldə olunan gəlirlərin istifadə taktikasının düzgün müəyyənləşdirilməsidir.

 

Müəllifə görə, ölkəmizin gücü birinci növbədə onun iqtisadi potensialı ilə müəyyən olunur. Ona görə də beynəlxalq miqyasda gedən iqtisadi inteqrasiya proseslərinin, enerji təhlükəsizliyi məsələlərinin izlənməsi və bu sahədə aparıcı tendensiyaların vaxtında nəzərə alınması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan həm kiçik, həm də böyük dövlətlərlə münasibətlərində qarşılıqlı iqtisadi maraqlar prinsipindən çıxış edir və bu amil bölgədə geosiyasi maraqlara da ciddi surətdə təsir göstərir.

 

Müəllif öz tədqiqatında haqlı olaraq bu qənaətə gəlir ki, hər bir ölkənin xarici siyasət strategiyası dövlətin iqtisadi qüdrətinin artması, demokratik və hüquqi dövlətin qurulması kimi dəyərlərlə sıx bağlıdır. Bu baxımdan, professor Əli Həsənov geosiyasi prosesləri dövlət həyatının digər sahələrindən təcrid olunmuş şəkildə deyil, onlarla üzvi əlaqədə öyrənir. Çünki bu sahədə əldə edilən uğurlar, bir qayda olaraq, dövlətin çoxşaxəli inkişaf konsepsiyası ilə harmoniya təşkil edir.

 

Kitabda Azərbaycanın Xəzər dənizinin karbohidrogen ehtiyatlarının sərbəst istehsalı və ixracı siyasətinin beynəlxalq və regional geoiqtisadi nəticələri, Xəzərin hüquqi statusu probleminə tarixi, müasir geosiyasi yanaşmalar və Azərbaycanın geoiqtisadi maraqları açıqlanır. Bununla yanaşı, bildirilir ki, ölkəmizin enerji mənbələri və onun bölgədə yaratdığı müasir geoiqtisadi vəziyyət, eləcə də Xəzərin neft-qaz ehtiyatlarının Avropanın enerji təhlükəsizliyindəki rolunun öyrənilməsi çox zəruridir və mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, Xəzər-Qara dəniz hövzəsi ölkələri və digər beynəlxalq güclərin müasir enerji ixracı maraqları, eləcə də bunun bölgənin ümumi geoiqtisadi vəziyyətinə təsiri, Azərbaycanın enerji ixracının şaxələndirilməsi siyasətinin regionun ümumi geoiqtisadi vəziyyətinə təsiri məsələləri də əsərdə öz əksini tapıb.

 

Müəllif Cənubi Qafqazın geosiyasətinə diqqət yetirməklə yanaşı, transmilli dünya güclərinin və region dövlətlərinin Xəzər-Qara dəniz hövzəsindəki geoiqtisadi maraqları və transmilli siyasətini göstərib. Əsər Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması marşrutları və onun geosiyasi nəticələrinin öyrənilməsi baxımından da əhəmiyyətlidir. Monoqrafiyada dünya siyasətinin geoiqtisadi ölçüsü nəzərdən keçirilir, eləcə də Azərbaycanın neft diplomatiyası asimmetrik müzakirələrdə uğur strategiyası kimi qiymətləndirilir.

 

Kitabda müasir beynəlxalq münasibətlər sisteminin xüsusiyyətləri ilə yanaşı, Azərbaycan Respublikasının müasir dünya siyasətində iştirakı məsələləri də tədqiq edilir. Eyni zamanda, beynəlxalq təhlükəsizlik sistemində, o cümlədən enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan Respublikasının yeri və rolu araşdırılır. Qeyd edilir ki, bu siyasətin nəticəsində Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələrin həyata keçirilməsi və təhlükəsizliyinin təmin edilməsi mümkün olmuşdur. Avroatlantik məkana inteqrasiyanın əhəmiyyətinin öyrənilməsi baxımından dəyərli olan kitabda Avropa təhlükəsizlik sisteminin etibarlı tərəfdaşı kimi ölkəmizin qitənin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rolu açıqlanır.

Müəllif öz tədqiqatlarında belə bir nəticəyə gəlir ki, Azərbaycanın mövcud geosiyasi maraqları və bugünkü rəsmi siyasəti ölkə ərazisinin və Cənubi Qafqazın kimlərinsə “geosiyasi və hərbi-geostrateji münaqişə obyektinə” deyil, bütün sivil dünyanın “tərəfdaşlıq, qarşılıqlı-faydalı əməkdaşlıq və ədalətli iqtisadi yarış meydanına” çevrilməsini tələb edir. Rəsmi Bakı indiyə qədər Rusiya, Qərb, Türkiyə, İran və b. güclər arasında - Avrasiya, Xəzər hövzəsi və Cənubi Qafqazın geoiqtisadi və geosiyasi hədəfləri uğrunda gedən mübarizədən “tam müstəqil mövqe tutmaqla” və öz milli maraqlarına uyğun hərəkət etməklə müəyyən məsafə saxlamağa nail olmuşdur ki, bu da onun regiondakı geosiyasi mövqelərini daha da gücləndirmişdir.

 

Ümumiyyətlə, əsərin hər bir fəsli işlənərkən ikitərəfli və çoxtərəfli münasibətlər sistemində dövlətin geosiyasi maraqlarını ehtiva edən proseslər diqqətlə təhlil edilmiş, onların həyata keçirilməsi şəraiti və səbəbləri araşdırılmış, Azərbaycan dövlətindən asılı olmayan bəzi obyektiv çatışmazlıqlar göstərilmişdir. Kitabı daha mötəbər və əsaslı edən səbəblərdən biri də təhlil zamanı müəllifin bu proseslərin bir çoxunun iştirakçısı olması və çox az siyasətçinin məlumatlı olduğu unikal faktlardan bəhrələnə bilməsidir. Bu üstünlüyü tədqiqat əsərinə tətbiq edən müəllif Azərbaycanda geosiyasi vəziyyətin, regionda beynəlxalq sülhün və təhlükəsizliyin qorunması məsələsinin, habelə xarici siyasət strategiyasının araşdırılması zamanı faktoloji məlumatlardan səmərəli istifadə etmiş və aktual elmi nəzəri və praktiki mülahizələr irəli sürmüşdür.

 

Kitab bu sahədə Əli Həsənovun yazdığı ən böyük tədqiqat əsəri kimi müəllifin uzun illər həm elmi-nəzəri, həm də ictimai-siyasi sahədə əldə etdiyi təcrübəyə əsaslanmaqla Azərbaycanın geosiyasətinin bütün sahələrini və aspektlərini əhatə edir. Fikrimcə, məhz kitabın müəllifinin müstəqil Azərbaycanın siyasi elitasında təmsil olunan şəxs olması onun dəyərinin və elmi-praktiki sanbalının vacib göstəricisi sayıla bilər. Çünki geosiyasi proseslərin nəticələri bilavasitə dövlətin qüdrətinə və nüfuzuna təsir göstərdiyindən bu sahədə ən sanballı əsəri məhz geosiyasətin həyata keçirilməsində iştirak edən şəxs ortaya qoya bilər.

 

Beləliklə, Azərbaycan siyasi elmində ilk dəfə olaraq, Azərbaycanın geosiyasəti və xarici aləmlə geosiyasi münasibətlərinin, milli inkişaf siyasətinin əsasları, məqsəd və vəzifələri, istiqamətləri və mexanizmləri geniş politoloji təhlil olunur, həyata keçirilən siyasət bu səviyyədə araşdırılır. Tədqiqatçı dərsliyin yazılmasında ən müxtəlif mənbələrdən: elmi dövriyyəyə ilk dəfə gətirilən yerli və xarici elmi nəşrlərdən, zəngin mənbə və ədəbiyyatdan, internet resurslarından və kütləvi informasiya vasitələrinin materiallarından səmərəli şəkildə bəhrələnmiş, ciddi araşdırma aparmışdır.

 

Giriş, dörd bölmə və on beş fəsildən ibarət olan kitabın strukturu tam şəkildə tədris üçün uyğundur. Kitabın strukturunun təhlili göstərir ki, fəsillər öz mahiyyətinə görə nəzəri və praktiki məsələləri əhatə edir. Yəni əldə edilən, öyrədilən biliklər bütünlüklə Azərbaycanın geosiyasətinin dərkinə, izah olunan geosiyasi mexanizmlərin məram və məqsədlərinin düzgün anlaşılmasına imkan yaradır.

 

Bu sahənin mütəxəssisləri yaxşı bilirlər ki, geosiyasətin təsnifatını, eləcə də onun elmi-siyasi formalarını müəyyən etmək çox çətin və problemli məsələdir. Dünya miqyasında bu sahədə sanballı tədqiqatlar aparan alimlər bu məsələlərdə fərqli elmi fikirlər irəli sürmüşlər. Professor Əli Həsənov isə uzun illərin təcrübəsinə əsasən Azərbaycanın geosiyasətinin əhatə dairəsini əsərində özünəməxsus şəkildə müəyyən etməyə nail olmuşdur.

 

Ümumiyyətlə, müəllifin istər indi təhlil etdiyimiz “Azərbaycanın geosiyasəti” kitabı, istərsə də bir neçə il əvvəl geosiyasətin fundamental prinsiplərini, ümumbəşəri miqyasda fəaliyyət konsepsiyalarını özündə ehtiva edən “Geosiyasət” dərsliyi, habelə Azərbaycanın xarici siyasəti və siyasətşünaslığın nəzəri məsələləri ilə əlaqədar son illərdə yazdığı digər kitablar ölkəmizdə bu sahədə yeni tədqiqat istiqamətinin artıq kifayət qədər formalaşdığını söyləmək üçün yetərincə əsas verir. Müstəqil Azərbaycan dövlətinin müstəqil xarici siyasətini təmin etmək üçün bu cür əsərlərin nəşrinə bundan sonra da böyük ehtiyac vardır.

 

“Azərbaycanın geosiyasəti” dərsliyi bu sahədə təhsil alan ali məktəb tələbələri, magistr və doktorantlar, ixtisaslaşmış elmi işçilər üçün yazılsa da, bu dərslikdən həm də ictimai-siyasi xadimlər, millət vəkilləri, dövlət qulluqçuları, xarici siyasət, təhlükəsizlik və hərbi geostrateji planlama sahəsində çalışan mütəxəssislər və ən geniş intellektual oxucu təbəqəsi – milli elita istifadə etməklə faydalana bilər. Məhz bu kitab qeyd olunan oxucu kateqoriyasının müvafiq biliklər əldə etməsinə, dövlətimizin yürütdüyü rasional geosiyasi tədbirlərin mahiyyəti barədə daha məlumatlı olmasına xidmət edəcəkdir.

 

Bu baxımdan tarix elmləri doktoru, professor Əli Həsənovun müasir dövrdə mühüm aktuallıq kəsb edən “Azərbaycanın geosiyasəti” adlı kitabı bu sahədə ilk və dəyərli dərslik olmaqla yanaşı, son illərdə Azərbaycan siyasi elminə verilən ən böyük töhfə sayıla bilər.

 

Adil Vəliyev

siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin sektor müdiri

 

“Kaspi” qəzeti

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:02 29 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • moskvada bas veren qasirga neticesinde 11 nefer olub
    Moskvada baş verən qasırğa nəticəsində 11 nəfər ölüb...
  • siyezende tank eleyhine mina qumbara ve 95 eded gulle askar edilib
    Siyəzəndə tank əleyhinə mina, qumbara və 95 ədəd güllə aşkar...
siyezende tank eleyhine mina qumbara ve 95 eded gulle askar edilib siyezende tank eleyhine mina qumbara ve 95 eded gulle askar edilib +2
MƏZƏNNƏ
FOREX
/ 29 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ