Ərdoğan qərarlılığı-TƏHLİL

erdogan qerarliligi tehlil

“Müsəlman məhəlləsi”ndəki  üçüncü sınma

 

AKP sədri (lideri ola bilmədi) və baş nazir Əhməd Davudoğlunun 22 may tarixinə fövqəladə qurultay təyin etməsi Türk siyasətini içəridən izləyənlərin 90%-i üçün çox böyük sürpriz olsa da, qalan 10%  işin bu nöqtəyə gələcəyini aylardan bəri yazmaqdaydı; gəlişmələri  günbəgün  təhlil edən  “Cumhuriyet” yazarı  Orhan Bursalının hədəfi tam tutdurduğunu deməliyəm. Bunu-xüsusilə AKP  örnəyində- proqnozlaşdırmaq bir köşə yazarı-təhlilçi üçün əsla və qətiyyən  asan iş deyildi. Çünki  söhbət quruluşundan 1.5 il sonra iqtidara gəlib  o iqtidarını 14 ildən bəri qorumasıyla yanaşı  qurucu sədrini prezident kreslosuna oturtmuş və “Qol sınar, gipsin içində qalar”-monolitliyindən vaz keçməyən bir siyasi strukturdan gedirsə, 50% dəstəklə yeni iqtidarının sadəcə 6 ayını tamamlaya bilən bir hökumətin başçısı üçün də, partiyası üçün də, həmçinin ölkəsi və dünya üçün də bir silsilə dərin gəlişmənin  mövcudluğunu inkar etmək ağıl və məntiq işi deyildir. Elə isə gəlişmələrə bir az geridən baxmaqda fayda vardır.

AKP sədri və Türkiyənin 64-cü hökumətinin başçısı professor Davudoğlunun 22 may tarixinə fövqəladə qurultay təyin etməsi və sədrliyə yenidən namizəd olmayacağını açıqlaması  Türkiyədəki dini təmayüllü siyasətin  tarixində “üçüncü sınma nöqtəsi”ni təşkil etmişdir. 16 may 2000-ci ildə islamçı siyasi hərəkatın yasaqlı lideri Nəcməddin Ərbakanın xəbərdarlıqlarına baxmayaraq, ”yenilikçilər” Abdullah Gülü Fəzilət Partiyasının sədrliyinə namizəd göstərib  nəbz yoxlamış və  Gülün 140 səslə uduzmasına baxmayaraq, atmosferin öz lehlərinə olduğunu görmüşdülər. Fəzilət Partiyasının qapadılmasıyla Ərbakanın yeni partiyasına getməyən “yenilikçilər”, bu dəfə  “öz yasaqlı liderləri”, İstanbul bələdiyyəsinin keçmiş başqanı Rəcəb Tayyib Ərdoğanın liderliyində Ədalət və İnkişaf Partiyasını (AKP)  qurmuş (15 avqust 2001), Fəzilət Partiyasının məclisdəki qrupunun  əsas hissəsi AKP-yə qatılaraq, yeni siyasi hərəkata önəmli dərəcədə güc qazandırmışdılar. ”Müsəlman məhəlləsindəki ilk sınma” Ərdoğanın liderliyini və islamçı hərəkatın ilk təkbaşına iqtidarını özü ilə gətirib-gəlmiş, ”Sınma= iqtidar”  formulu həyata keçmişdi. ”İkinci sınma” 10 avqust 2014-cü ildə Ərdoğanın prezident seçilməsindən sonra 28 avqusta qədərki mərhələdə AKP sədri və baş nazir olmağa hərarətli yanaşan Abdullah Gülün əl-qolunun bağlanması və Ərdoğanın  “30 illik tale arkadaşına və qardaşa” heç bir manevr sahəsi buraxılmazkən yaşansa da, prosesləri strateji və taktiki dühasıyla yönləndirən Ərdoğanın xarizmatik ustalığı sayəsində AKP məhvərindən qopmalar yaşanmamışdı. Və “müsəlman məhəlləsindəki 3-cü sınma”nı 29 aprel- 4 may tarixləri arasında  birbaşa prezident Ərdoğanın təşkil və idarə etdiyini gördük. Bunun qarşılığında,  vida edərkən professor Davudoğlunun  “Ərdoğana sədaqətdən” bəhs etməsi sanki kifayət etmədi, “onun ailəsi mənim ailəmdir”- sentimentalizmini də duyğulu anlara əlavə edilməsi  lazım gəldi...

 

”Baş nazir  Davudoğlunu necə bilirdiniz?”

 

Professor Davudoğlunun siyasi kimliyini xarakterizə etmək üçün  30 avqust 2015-də Beştəpə sarayında prezidentin verdiyi  Zəfər bayramı ziyafətindəki   bir “momentum”u çox uyğun görürəm: ippodromdakı gündüz  mərasimində ana müxalifət lideri Kılıçdaroğluna mobil telefonundan nəyi göstərdiyini şoruşmuşduq. Türkiyənin çox ehtiyacı olan cavabı vermişdi: ABŞ-dakı nəvəmin telefonumdakı fotosunu hörmətli Kılıçdaroğluna göstərirdim, ailəliklə bir-birimizə gedib-gəlməyi qərarlaşdırdıq. Beynəlxalq məsələlər üzrə professor kimliyi ilə baş nazir Ərdoğana və xarici işlər naziri Abdullah Gülə baş müşavirlik yapdığı dönəmlərdən çox yaxşı tanıdığım Əhməd Davudoğlu 1 may 2009-cu ildə AKP hökumətinin millət vəkili olmadan nazir təyin etdiyi ilk şəxs olmuşdu. Baş müşavir kimliyi ilə də xarici işlər nazirliyi üzərində böyük nüfuz sahibi olan Davudoğlu, cümhuriyyət tarixinin ən aktiv və xarici siyasət paradiqmalarını gözünü qırpmadan dəyişdirən nazir kimi tarixdəki yerini alandan sonra 28 avqust 2014-də baş nazir kreslosuna oturar-oturmaz ali məktəb müəllimlərinin maaşlarını artırmaq barədə qərar qəbul etmişdi ki, bu da çıxdığı yerə duyduğu vəfanın göstəricisi kimi dəyərləndirilmişdi. Baş nazirlik dönəmində ölkəsinin bəşəri kriteriyalara sədaqətini nümayiş etdirməyə çalışdı-bunun bir çox örnəyini sadalamaq heç də çətin deyildir. Baş müşavir, nazir və baş nazirliyi dönəmində verdiyim sualları tərəddüdsüz şəkildə cavablandırdı. Əmin ola bilərsiniz ki, müşavir-nazir-baş nazir silsiləsində Azərbaycana və xüsusilə Qarabağa dair məsələlərə göstərdiyi diqqətdə Əhməd Davudoğlunu MHP lideri Bahçelidən daha səmimi, cəsur və qərarlı gördüm.

 

Əhməd Davudoğlunun vilayət və rayon təşkilatlarının  sədrlərini təyin etmə səlahiyyətinin alınaraq fövqəladə qurultay çağırması və sədrliyə namizəd olmaması Türkiyədə  prezident üsuli-idarəsinin  önündəki  psixoloji əngəlləri qaldırdı və  bu işin infrastrukturunun  döşənməsi  mərhələsinə qədəm qoyma zərurətini  özü ilə gətirib-gəldi. 5 mayın  Türk siyasət tarixindəki  önəminə bir neçə nöqtədən baxarkən bu faktorun ön plana çıxdığını görürük: 1991-də   Ana Vətən Partiyası lideri və baş nazir  Yıldırım Akbulut  vilayət təşkilatlarının  sədrləriylə əvvəlcədən sövdələşmədiyinə görə yarışda Məsud Yılmaza uduzmuşdusa, bildiyim qədəriylə, ilk dəfə bir iqtidar partiyasının lideri “can evi”ndən vurulmuş oldu. Bu vuruş prezident Ərdoğanı prezident üsuli-idarəsi hədəfinə çox ciddi şəkildə yaxınlaşdırdı...

 

Ən qərarlı adam: Rəcəb Tayyib Ərdoğan

 

Azərbaycan  dilinə tərcümə etdiyim müsahibələrinin birində William Faulkner deyir ki, yazıçının məqsədi vardır, o, istədiyi əsəri yazmaq üçün hər şeydən vaz keçməyə hazırdır, təki əsər yazılsın. Bu nöqtədən baxanda Türkiyə prezidenti Ərdoğanın da məqsədi olduğunu görürük və o məqsədə çatmaq üçün Ərdoğanın hər cür qərarlı addımı atmağa hazır olduğunu hamı görür. Hörmətli Ərdoğan   bu qərarlılığını  17 il əvvəl-1999-cu ilin aprelində Ali Məhkəmənin qərarıyla İstanbul bələdiyyə başqanlığından uzaqlaşdırılarkən  keçirdiyi və xeyli tərəfdarının izlədiyi mətbuat konfransındakı “Bu şarkı burada bitməz”-manifestiylə nümayiş etdirərkən oradaydım. O ,heç vaxt qərarlılığından zərrə qədər geri addım atmadı; 4 aylıq həbsdən çıxandan sonra böyük oğlunu evləndirərkən ətrafında barmaqla sayılacaq qədər az adam varkən də, AKP-ni qurmaq  üçün, yasaqlı olmasına rəğmən, liderlik missiyasının altına çiynini verəndə də  birlikdə olmağı təklif etdiyi insanlara Türkiyənin idarə rejimini dəyişdirəcəyini açıq şəkildə deməkdən qətiyyən ehtiyat etmirdi. Ərdoğandakı bu qərarlılığın daha da güclənməsinə seçicilərin hər seçkidə  ona verdiyi dəstəyin rolu müstəsnadır. Demokratiya ilə idarə edilən ölkələrdə siyasi liderlərin yorulması, xüsusilə iqtidardakı siyasi qurumların bir müddətdən sonra əpriməsi qaçılmazdır. Türkiyə prezidenti Ərdoğan öz fəaliyyəti ilə bu xüsusiyyəti alt-üst edən bir siyasətçi örnəyidir və bu baxımdan müasir dünyada örnəyinə az rast gəlinir. O, hər seçkidə qalib gəldikcə daha çox ruhlanır, oksimoronla desək, daha çox ruhlandıqca daha çox qalib gəlir, daha çox qalib gəldikcə öz məqsədinə daha çox yaxınlaşdığını hiss edib yenidən start nöqtəsinə dönür. Öz yerini təhvil verdiyi adam olması bir tərəfə, uzun müddətli  iş yoldaşlıqları bir tərəfə, 6 ay qabaqkı seçkidən 50%-lik dəstəklə çıxaraq təkbaşına hökumət qurmuş bir partiyanın liderini fövqəladə qurultaya məcbur etmək-  öz məqsədinə doğru  gedən yolda hörmətli Ərdoğanın bəzi şeylərə qarşı duyduğu inamsızlıq və güvənsizliyin təzahürüdür ki, nəhəng bir ağacı yerindən çıxarmağa bənzər bir əməliyyatın düyməsinə tərəddüdsüz şəkildə  basmasının səbəbini   də  ən yaxınındakı adama qarşı hiss etdiyi o inamsızlıq və güvənsizlikdə axtarmaq daha realist bir yanaşma olacaqdır.

Prezident Ərdoğan fürsət düşdükcə  10 avqust 2014-dən sonra Türkiyənin feili  prezident üsuli-idarəsində yaşadığını deyirdi.

5 mayda o üsuli-idarənin  siyasi formatı qəti şəkildə cızıldı.

Bundan sonra konstitusion və hüquq infrastrukturu gəldiyinə görə, əks tərəfdəki rəqiblərin topa daha sərt girəcəklərini  təxmin etmək çətin deyil.

Bundan sonrakı toplara  girişlər nə qədər sərt  olsa da, baş rolda yenə onu görəcəyik: Rəcəb Tayyib  Ərdoğan...

 

Mayis Əlizadə / APA Analitik Mərkəzi

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mtn polkovnikinin cinayet isine xitam verilib ekskluziv
    MTN polkovnikinin cinayət işinə xitam verilib - EKSKLÜZİV...
  • putin iran bizim etibarli ve sabit terefdasimizdir
    Putin: “İran bizim etibarlı və sabit tərəfdaşımızdır”...
putin iran bizim etibarli ve sabit terefdasimizdir putin iran bizim etibarli ve sabit terefdasimizdir +2
MƏZƏNNƏ
FOREX
/ 28 Mart, 2017

USD
1.7201
 
EUR
1.8691
 
RR
0.0303
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ