II Şah Abbas: Səfəvi əzəmətinin sonuncu səhifəsi

ii sah abbas sefevi ezemetinin sonuncu sehifesi

II Şah Abbas: dövrün ümumi dəyərləndirilməsi

 

10 yaşında taxta çıxan bu Səfəvi hökmdarının hakimiyyəti illəri Azərbaycan tarixinin ən dinc dövrlərindən biri kimi yadda qalıb. Ağıllı və ehtiyatlı siyasi xətti ilə fərqlənən II Abbasın (1633-1666) hakimiyyəti dövründə Səfəvilərin qonşuları ilə cəmi iki münaqişəsi qeydə alınıb. Bunlardan biri hərbi əməliyyatların başlanması ilə nəticələnsə də, digərini sülh yolu ilə həll etmək mümkün olmuşdu.

 

Belə ki, Qəndəharın Hindistan Moğol imperiyasının tərkibinə daxil olması ilə barışmayan II Abbasın təşkil etdiyi hərbi səfər nəticəsində 1648-ci ildə bu şəhər geri alındı. Diplomatik müstəvidə baş verən digər qalmaqal isə öz mahiyyəti etibarilə Səfəvilər üçün yeni hesab edilə bilərdi.  Səfəvilərin 150 illik tarixi ərzində bu dövlətin Rusiya ilə ilk açıq qarşıdurması məhz II Şah Abbasın hakimiyyəti dövrünə təsadüf etdi. Separatçı gürcü knyazı Təhmurazın Səfəvi ordusu tərəfindən məğlub edilməsindən sonra Rusiyaya sığınması iki ölkə arasındakı münasibətləri əhəmiyyətli dərəcədə gərginləşdirdi. Rusiyanın hərəkətlərinə cavab olaraq Səfəvi qoşunları Dərbənd yaxınlığında sərhəd zonası hesab edilən bəndləri yerlə-yeksan edərək, sərhədi birtərəfli qaydada pozdu. Ardınca həmin qoşunlar Terek çayı sahilindəki bəndlərin bir qismini uçurmağa başlasalar da, sonradan qalmaqalın sakitləşməsi II Şah Abbası niyyətindən daşındırdı. Əsas diplomatik səylərini Osmanlı imperiyası ilə münasibətlərin yoluna qoyulması üçün sərf edən II Şah Abbasın fəaliyyəti nəticəsində 1639-cu ildə tərəflər arasında Qəsri-Şirin müqaviləsi imzalanır və uzunmüddətli sabitlik bərqərar edilir.

 

II Şah Abbasın hakimiyyəti dövründə ölkədə surətli vüsət alan quruculuq işləri diqqəti xüsusilə cəlb etməkdədir. Lakin hər bir hökmdar kimi, II Şah Abbasın da dövründə ölkənin maraqlarına zərbə vuran bəzi hadisələr baş vermişdi. Onların arasında ən nəzərə çarpanı isə Səfəvi dövlətinin ərazisində katolik missionerlərinin geniş kök salması oldu. İlk vaxtlar xeyriyyəçilik pərdəsi altında fəaliyyət göstərən katolik keşişləri sonradan bütün imperiya ərazisində çoxsaylı casuslara malik böyük kəşfiyyat şəbəkəsinə çevrilmişdilər. II Abbasın dövründə ölkəmizin və xalqımızın mənafeyi üçün ciddi təhlükələr yaratmaq iqtidarında olmayan katolik şəbəkəsi sonralar dövlətçiliyimizə qarşı həyata keçirilmiş təxribatların əsas iştirakçılarından birinə çevrildi.

 

Səfəvi dövrünün son fəthləri

 

Qüdrətli sələfi I Şah Abbasın nəticəsi olan II Abbas 1633-cü ildə Qəzvində dünyaya göz açmışdı. Əməli-başlı uşaqlıq dövrünü yaşamağa macal tapmayan Abbas 1642-ci ildə, 10 yaşına çatmamış taxta çıxır. Atası I Səfinin ölümündən sonra ölkənin bütün məsuliyyəti təcrübəsiz bir uşağın üzərinə düşür. Hər kəs  idarəçilik məsələlərində zəruri səriştə sahibi olmayan II Abbasın dövründə ölkənin separatçılıqla üzləşəcəyini və ciddi şəkildə zəifləyəcəyini düşünürdü. Xaricdə də gənc hökmdarı ciddi qəbul edən demək olar ki, yox idi. I Səfinin hakimiyyətinin son illərində Qəndəharı işğal etmiş Moğol hökmdarı Şah Cahanın, həmçinin gürcü çarı Təhmurazı qiyama təhrik edən Rusiyanın gözünə II Abbas heç bir ciddi işə qadir olmayan, uşaqlığın dadını çıxaran biri kimi görünürdü. Lakin hadisələrin gələcək inkişafı göstərdi ki, yeni hökmdar özünü nəinki uşaq kimi aparmır, hətta xarici siyasətdə nümayiş etdirdiyi qətiyyəti ilə bir çox sələflərini kölgədə qoymağı da qabildir. Hakimiyyətə gələr-gəlməz o, mərkəzi hakimiyyətə qarşı qiyam qaldırmış gürcü çarı Təhmurazla danışıqlara getməkdən imtina edərək, onun üzərinə yaxşı hazırlıq görmüş qoşun hissələri göndərir. Osmanlılarla müharibədə əvəzsiz döyüş təcrübəsi toplayan Səfəvi ordusu üçün qiyamçıları darmadağın etmək o qədər də çətin bir tapşırıq deyildi.

 

Qızılbaş ordusu ilə açıq döyüşə girməyə cəsarət etməyən Təhmuraz ələ keçməmək üçün rusların yanına qaçır. Baş verən hadisədən qəzəblənən II Abbas rusların cavabını vermək qərarına gəlir. Belə ki, Xosrov xanın rəhbərliyi altında toplanmış qoşunlar Rusiya-Səfəvi sərhədini keçərək, Dərbənd ətrafında ruslara məxsus sərhəd bəndlərini yerlə-bir edirlər. Ardınca Şimali Qafqazın içərilərinə doğru irəliləyən Səfəvi qoşunları Terek çayı ətrafında ruslar tərəfindən tikilən sərhəd xətlərinin də bir qismini dağıtdılar. Dövrün qanunlarına görə, bu cür hərəkətlər müharibəyə çağırış və qarşı tərəfə əzələ nümayişi hesab olunduğundan, Rusiyanın II Abbasın hərəkətlərinə cavab verəcəyi ehtimal olunurdu. Lakin ruslardan müvafiq reaksiyanın gəlməməsi onların müharibə niyyətində olmadığını aydınlaşdırdı.

 

Rusiya ilə diplomatik qalmaqaldan 4 il sonra Səfəvi ordusu yenidən II Abbasın əmri ilə ölkənin maraqlarının qorunması üçün silaha sarılmalı oldu. Belə ki, Hindistandakı Moğol imperiyası tərəfindən işğal edilmiş Qəndəharı geri qaytarmaq üçün Səfəvi qoşunları Əfqanıstan ərazisinə daxil oldu. Yüksək döyüş ruhu və qətiyyət nümayiş etdirən Səfəvi əsgərləri qısa müddətdə Qəndəharı düşməndən təmizlədilər. Moğollarla mümkün toqquşmaları nəzərə alan II Abbas ağıllı diplomatik gediş edərək, özü üçün yeni geosiyasi müttəfiq də qazanmağı bacardı. O, hakimiyyətdən salınmış özbək hakimi Məhəmməd Nadiri yenidən taxta çıxardı və onun simasında Moğol imperiyasının sərhədində yerləşən özbəkləri özünün vacib tərəfdaşına çevirdi.

 

II Abbasın xarici siyasətdə əldə etdiyi ən mühüm nailiyyət isə heç şübhəsiz ki, Osmanlı dövləti ilə uzun sürən müharibələrə son qoyması idi. Belə ki, Türkiyə hökuməti ilə danışıqlara girən II Abbas 1639-cu ildə əsasən hər iki tərəfi qane edən Qəsri-Şirin müqaviləsini imzaladı və bu sülh Osmanlı imperiyası ilə aparılan uzunmüddətli, qanlı müharibələrin böyük bir dövrünün geridə qalması mənasını  verirdi. Sonradan Bəsrə valisinin şəhəri öz istəyi ilə Səfəvilərə təslim etmək təklifini  II Abbas  Osmanlı dövlətinə qarşı yönəlmiş və müharibəyə səbəb olacaq təxribat kimi rədd etmişdi.

 

Daxilli siyasət, Qərblə diplomatik münasibətlər və xristian ordenlərinin fəaliyyətində ermənilərdən istifadənin ilk təcrübələri

 

Xarici siyasətin əsas istiqamətləri üzrə bütün problem və münaqişələri yoluna qoyan II Abbas ölkəni əhalinin çoxdan bəri həsrətində olduğu sabitliyə və rifaha qovuşdurdu. Müsəlman mənbələrinin yazdıqlarına inansaq, mövcud sabitlik II Şah Abbasın əyləncələrə qurşanaraq, əhli-kef həyat tərzi keçirməsinə səbəb olmuşdu. Ovçuluğa və şəraba böyük maraq göstərən hökmdarın hətta poeziya sahəsində  öz qələmini sınadığını deyənlər də var.

 

Ölkə ərazisində sabitliyin bərpa olunması II Abbasa geniş ticarət əlaqələri qurmağa da imkan verirdi. Qonşu dövlətlərlə, həmçinin Avropa ölkələri ilə genişlənən ticari münasibətlər nəticəsində ölkəyə gələn əcnəbilərin sayı durmadan artmağa başladı. Aydındır ki, bu dövrdə də Azərbaycana ticarət adı altında gələnlərin heç də hamısı bəyan etdikləri fəaliyyət növü ilə məşğul deyildi. Tacir maskası altında gizlənən xarici casusların, əsl məqsədləri katolikliyi yaymaq olan missionerlərin sayı da ölkəyə gələn əcnəbilər arasında heç də az deyildi. Səfəvilərin Avropa dövlətləri ilə birbaşa düşmənçiliyi olmadığından, xarici kəşfiyyatın ölkəmizdəki fəaliyyət məqsədləri arasında siyasi vəziyyəti gərginləşdirmək, təxribatlar həyata keçirmək kimi vəzifələr yox idi. Onların başlıca niyyəti Səfəvi sarayında güclü anti-Osmanlı mühiti yaratmaq və iki müsəlman dövləti arasında müharibəni alovlandırmaqdan uzağa getmirdi. Lakin II Abbasın ağıllı xarici siyasəti Avropanın bu istəyini gözündə qoydu. Vəziyyəti belə görən missioner təşkilatları öz fəaliyyətlərini yerli əhali arasında xristianlılığın təbliğinə yönəltdilər.

 

Tanınmış tarixçi S.Aşurbəyli özünün “XVII əsrdə Azərbaycanda katolik missionerləri” adlı məqaləsində sözügedən məsələyə dair yazırdı: “Bu dövrdə müstəmləkəçilik meyllərinin güclənməsi İran, Hindistan və Çin bazarlarını nəzarət altına almaq uğrunda Avropa dövlətləri arasında gedən mübarizənin daha kəskin xarakter alması səbəbi ilə bu ölkələrdə tədricən səyyah və tacirlərlə yanaşı, Vatikan tərəfindən göndərilən xüsusi missioner təşkilatlarının nümayəndələri peyda olmağa başladılar... İngiltərə, İtaliya, Portuqaliya, Hollandiya kimi Avropa dövlətlərini təmsil edən burjuaziyanın forpostuna çevrilmiş katolik missionerləri İran və Azərbaycan vasitəsilə Qərb kapitalı üçün Şərqə yol açmaq məqsədini güdürdülər... Lakin bu missiyaların rəsmi fəaliyyətinin arxasında bir sıra siyasi, iqtisadi məqsədlər, o cümlədən də kəşfiyyat niyyətləri gizlənirdi”.

 

S.Aşurbəyli sözügedən məqaləsində göstərir ki, katolik missionerlərinin fəallaşmasından ən çox bəhrələnən ermənilər oldu. Belə ki, bir sıra erməni tacirləri mənsub olduqları qriqoryanlıqdan könüllü imtina edərək katolikliyə keçir, bununla da Vatikanın himayəsi ilə Səfəvi hökumətindən əlverişli güzəştlər alırdılar. Səfəvi sarayından dini məktəblər açmaq, tədris və maarifləndirici fəaliyyətlə məşğul olmaq haqqında icazələrin alınması nəticəsində qısa müddətdə Təbriz və İsfahan kimi iri şəhərlərdə kilsələrin, həmçinin dini məktəblərin sayı yağışdan sonrakı göbələklər kimi çoxaldı. Şamaxı və İrəvanda isə yezuitlər öz məktəblərini, həmçinin təbliğat mərkəzlərini açmışdılar. Missionerlərin fəaliyyətinin geniş vüsət almasının kökləri isə II Abbasın hakimiyyəti dövrünə təsadüf edir. 1645-ci ildə Raqurdi adlı rahibin rəhbərliyi ilə ilk iri katolik tədris müəssisəsi açıldıqdan sonra bu prosesə ermənilərin cəlb edilməsi sürətləndi. Ermənilər öz iqtisadi maraqları naminə böyük həvəslə katoliklərlə əməkdaşlıq edir, hətta casusluq fəaliyyəti ilə məşğul olmaqdan da çəkinmirdilər. Aydın məsələdir ki, belə bir əməkdaşlıq heç də Səfəvi dövlətinin maraqlarına xidmət etmirdi və Qərbin ermənilərin vasitəsilə güclənməsinə hesablanmışdı. Sonrakı hadisələr də göstərdi ki, həqiqətən də bir sıra Avropa dövlətləri, əsasən isə fransızlar Səfəvi imperiyasının müxtəlif hissələrində yaşayan azsaylı ermənilərin himayə edilməsində xüsusi canfəşanlıq göstərirlər. 1688-ci ildə Fransa hökmdarı, tarixə “günəş kral” adı ilə düşmüş XIV Lüdoviq Səfəvi hökmdarı Sultan Hüseynə xüsusi zəmanət məktubu yazaraq, Naxçıvanda azsaylı ermənilər üçün katolik məktəbinin açılması haqqında təminat almışdı. Sonralar bənzər məktublar Səfəvi sarayına Vatikandan da daxil olmağa başlamışdı.

 

Doğrudur, ədalət naminə etiraf etmək lazımdır ki, II Şah Abbas öz hakimiyyətinin son illərdə ermənilərlə katolik missionerlərinin formalaşmaqda olan siyasi və iqtisadi ittifaqına müəyyən zərbələr endirmişdi. Həmin tədbirlərin arasında ən diqqəti cəlb edəni heç şübhəsiz ki, bir qrup erməninin İsfahan şəhərindən, yəni ölkə paytaxtından köçürülməsi idi. Erməni salnaməçisi Arakel Davrijetsi “Tarixlər kitabı” adlı əsərində öz soydaşlarının köçürülməsini guya onların həddən ziyadə şərab içmələri və sərxoşluq etmələri ilə əlaqələndirir. Bu bəhanənin əsasız və gülməli olduğunu deməyə heç bir ehtiyac yoxdur, ən azından ona görə ki, II Şah Abbasın özü şərab həvəskarı kimi bütün ölkədə ad çıxarmışdı.

 

1655-56-cı illərdə həyata keçirilən bu köçürmə aksiyasının dəqiq siyasi səbəbləri haqqında nə erməni, nə də Səfəvi mənbələrində dəqiq məlumatlara rast gəlinmir. Lakin həmin dövrdə Səfəvi ərazisində geniş kök salmağa cəhd edən xristian missionerlərinin anti-islam fəaliyyətini və onlarla sıx əməkdaşlığa girişən ermənilərin həmişə daha zəngin bir ağaya satılmağa meylli olan xislətini nəzər alsaq, II Şah Abbasın köçürmə siyasəti haqqında müəyyən ehtimallar səsləndirmək mümkündür. Yerli əhali arasında katolikliyi təbliğ edən, xristian missioner təşkilatlarının vasitəsilə Qərbə casusluq edən ermənilərin cəzalandırılması, yəni ölkənin siyasi mərkəzindən uzaqlaşdırılması II Şah Abbasın dövlətin təhlükəsizliyi naminə atdığı qaçılmaz addımlardan biri idi. Lakin təəssüf ki, bu addımlar davamlı və qəti xarakter almadı və nəticədə sonradan nəzarətsiz qalan ermənilər həm Osmanlı dövlətinə qarşı Qərbin, həm də Azərbaycana qarşı Rusiyanın əlində oyuncağa çevrildilər. Əgər vaxtında sadalanan problemlərə qarşı qətiyyətli tədbirlər görülmüş olsaydı, hadisələrin sonrakı faciəli inkişafının da qarşısını almaq yəqin ki, mümkün olardı. Lakin tarixin ehtimal dolu ifadələri sevmədiyini nəzərə alsaq, əcdadlarımızı amansız tənqid atəşinə tutmaq əbəsdir. Sadəcə, tarixçilərimin dövlətçiliyimizin bu inkişaf mərhələsini dəqiqliklə öyrənməli və ondan çıxan ibrətli nəticələri həmvətənlərimizə çatdırmağa çalışmalıdırlar. Ən azından ona görə ki, indi də müstəqil Azərbaycanın ərazisində kifayət qədər missioner təşkilatı fəaliyyət göstərməkdədir. Bu mənada tarixin təcrübəsi ilə yaxından tanış olmaq fayda verərdi.

 

II Şah Abbas şəxsiyyəti haqqında bir erməninin etirafı

 

Bəzi erməni tarixçiləri II Şah Abbasın həyata keçirdiyi köçürmə faktına görə onun şəxsiyyətinə qara yaxmaqdan çəkinmirlər, lakin onlardan biri Zakari Kanakersi öz “Xronika”sında bütün neqativ təbliğata baxmayaraq II Şah Abbasın idarəçilik məharətini, dinindən və milli mənsubluğundan asılı olmayaraq bütün təbəələrinə qarşı göstərdiyi dözümlü münasibəti etiraf etməyə məcbur olur: “Abbas ağıllı və məlumatlı bir şəxs idi... O, xristianlara qayğı ilə yanaşır,  onların təşkil etdikləri ziyafət və toylarda həvəslə iştirak edirdi. Abbas öz davranışlarında müsəlmanlarla xristianlar arasında ciddi fərq qoymurdu, ömrünün sonuna qədər  ədalətli və qanunpərəst olaraq qalırdı”.

 

İstənilən halda belə bir etiraf bir erməninin dilindən çıxıbsa, demək, II Şah Abbasın şəxsiyyəti ətrafında hallanan qərəzli yanaşmaları dilə gətirməzdən öncə onları yaxşıca saf-çürük etmək zəruridir.

 

Eldar Əmirov, Siyasi elmlər üzrə fəlsəfə doktoru

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:36 29 Aprel
09:56 29 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • baki marafonu 2017 fotosessiya
    “Bakı Marafonu 2017”  - FOTOSESSİYA
  • agdasda magazadan ogurluq eden iki nefer saxlanilib
    Ağdaşda mağazadan oğurluq edən iki nəfər saxlanılıb
agdasda magazadan ogurluq eden iki nefer saxlanilib agdasda magazadan ogurluq eden iki nefer saxlanilib +2
MƏZƏNNƏ
FOREX
/ 30 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8495
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ