London aksiyası: Qərb texnoloqlarını ifşa edən daha bir addım - TƏHLİL

london aksiyasi qerb texnoloqlarini ifsa eden daha bir addim tehlil
Bakı-APA-Analitics. Missiyası ekoloji sahədə maarifləndirmə olan Platform London təşkilatının insan hüquqları müdafiəçisi qismində təqdim edilməsi AntiAzərbaycan kampaniyasını idarə edənlərin mahiyyətini tamamilə açır

London aksiyasının təşkilatçısı  

 

İyunun 12-də BP şirkətinin Londondakı baş ofisi qarşısında etiraz aksiyasının keçirilməsi planlaşdırılıb. Platform Londonun təşkilatçılığı  ilə keçiriləcəyi elan edilmiş aksiyanın vaxt və məkanı təsadüfi seçilməyib: eyni gündə  Bakıda I Avropa Oyunlarının açılış mərasimi olacaq. Aksiya ““Neft “oyunlarının” qarşısında dur” şüarı ilə başlanan kampaniyanın tərkib hissəsidir. 

 

Londonda yerləşən bir təşkilatın stereotipləri qıraraq  Böyük Britaniya maraqlarının təmsilçisi olan  şirkətə qarşı çıxış etmək cürəti tapması heç də heyrətləndirici deyil. Aksiya təşkilatçılarını cürətləndirən məqam, hədəfin  Azərbaycan olmasıdır. Platform London-un “BP-yə qarşı etirazının” səbəbi BP şirkətinin Bakıda keçirilən I Avropa Oyunlarının sponsorları sırasında durmasıdır. QHT təmsilçiləri elan ediblər ki, “Azərbaycanda insan haqlarının durumundan narahatdırlar və BP insan haqları ilə bağlı narahatlıq olan ölkədə keçirilən tədbirə dəstək verməməlidir”. Aksiya iştirakçıları BP ofisindən  sonra Azərbaycanın bu şəhərdəki səfirliyi qarşısında toplaşmağı planlaşdırırlar.

 

Aksiyanı əzəmətli göstərmək üçün PL bütün vasitələrdən istifadə edib. Təşkilat bir həftə öncədən mediada elan verib, sosial şəbəkələrdə kampaniya başladıb. Bakıya gəlmiş idmançılara və jurnalistlərə ünvanlanmış  bəyanat da hazırlanıb və aksiya zamanı oxunacağı ehtimal edilir. Bəyanatın məzmunu “Həbsdə olan hüquq müdafiəçilərinin və jurnalistlərin azadlığa buraxılmasına yardım göstərmək”dən ibarətdir. Həmçinin, aksiyanın gedişində BP-nin Azərbaycanda fəaliyyətinə həsr edilmiş və daha çox Azərbaycanın tənqidi üzərində qurulmuş kitabın təqdimatı keçiriləcək.

 

Yuxarıda təsvir edilənlər Platform Londonun rəsmi açıqlamalarından götürülüb. Açıqlamaya ilk baxışdan belə təəssürat yarana bilər ki, guya Azərbaycanda insan hüquqları ilə bağlı durum “normal deyil”. Dünyanın yüksək imicli təşkilatları isə beynəlxalq ictimaiyyəti səfərbər etməklə  Avropanın aparıcı paytaxtlarından birində çox ciddi aksiya keçirib, bu “qeyri-normallığın” aradan qaldırılmasına çalışır.

 

Amma qısa bir araşdırma aparmaq kifayət edir ki, təqdimatı təmtəraqlı olan bu mətnin aldadıcı köpükdən başqa bir şey olmadığı üzə çıxsın. AntiAzərbaycan ovqatı aksiyanın sifarişçilərini və təşkilatçılarını o qədər çaşdırıb ki, ilk baxışdan özlərini  ifşa edəcək faktları yığışdırmağı unudublar. Azərbaycanda insan hüquq və azadlıqları barədə PL-in yanlış təqdimatı bir yana, təşkilatın özünün durumu, qeyri-məqbul imici, təşkil etmək istədiyi aksiyanın qeyri-ciddiliyi və ən əsası, aksiyanın real  səbəbləri barədə qeyri-səmimi açıqlamaları aşkara çıxaracaq arqumentlər ortada qalıb. 

 

Reallıq

 

Platform Londonun vergidən yayınma və digər maliyyə maxinasiyalarına görə həbs edilmiş  Rəsul Cəfərovun müdafiəsi üçün sosial şəbəkələrdə apardığı 7 günlük onlayn kampaniyanı yalnız 2 nəfər dəstəkləyib. Xədicə İsmayılovaya həsr edilmiş kampaniyanın dəstəkçiləri isə 3 nəfərdir, baxmayaraq ki, təşkilat facebook kampaniyası çərçivəsində  dəstək almaq üçün ümumi elan verməklə yanaşı,  694  nəfərə adlı müraciət göndərib . Amma bütün bunlardan sonra nəinki ciddi sosial dəstək ala bilməyib, əksinə, kampaniyanı tənqid edənlər tapılıb.

 

Təbii,  məqalənin dərcindən sonra, “yanlışlarını” aradan qaldırmaq üçün facebookda “Like”-ləri sürətlə artıracaqlarını istisna etmirik. Həmçinin, keçirəcəkləri piket zamanı sifarişçilərinə göstəriş olaraq “süni izdiham yaratma” vasitələrindən sui-istifadə edəcəkləri də gözləniləndir. Qərb texnoloqları tərəfindən dəfələrlə sınanan bu taktika aksiya hazırlayan QHT-lərə ən sıx tövsiyə olunanlar sırasındadır: əhalinin intensiv axın etdiyi yerdə durub  buklet paylamaq adı ilə adamı bir neçə saniyəlik ləngitmək kifayət edir.  Marağında olmayan mövzuya həsr edildiyini görüncə, adam təqdim edilmiş bukleti  zibil qabına tullasa da, fərq etməz, bu, heç nəyi dəyişmir: artıq aksiya təşkilatçısının təlimatlandırılmış fürsətçil fotoqrafları onu şəklə çevirərək arxivləşdiriblər. Bu, reallıqda 2 nəfər dəstəkçisi olan kampaniyanın auditoriyaya  izdihamlı təqdimatı üçün   yetərlidir. “Beynəlxalq ictimai rəy Azərbaycana qarşıdır” tezisini isbatlamaq istəyənlər bir neçə saat ərzində  yüzlərlə adamın aksiya təşkilatçısı ilə “həmrəylik nümayiş etdirən” şəkillərini paylaşıb sifarişi tamamlamış olurlar.

 

PL-in rəsmi internet saytında yerləşdirilmiş  məlumatdan aydın  olur ki, onun nəinki üzvlər baxımından dəstəkçiləri yoxdur, ümumiyyətlə nüfuzlu şəbəkələrlə də effektiv əlaqə qura bilməyib. PL-in adı ekoloji müdafiə üzrə ixtisaslaşmış nüfuzlu beynəlxalq şəbəkələrin siyahısında yoxdur. Tərəfdaşı kimi yalnız Nigeriyada yerləşən Təbiət Hüquqları Aksiyası (Enviromental Rights Action)  və Avropada təbiətin dostlarını (Friends of the Earth Europe) göstərib. Baxmayaraq ki, Friends of the Earth Europen onu özünün tərəfdaşı sayması barədə rəsmi saytında heç bir qeyd verməyib. PL ekoloji məsələlərə dair məşhur QHT şəbəkə və birliklərinin heç birində: nə  Qlobal Ekoloqlar Fondunda (http://www.globalenvironmentfund.com), nə də Ekoloqların beynəlxalq şəbəkəsində  (http://www.environmentnetwork.org ) üzvlüyə layiq görülməyib. BMT-nin Ətraf Mühit (Ekoloji) Proqramının ( http://www.unep.org/ ) ekoloji sahədə uğurlu fəaliyyət göstərən QHT-lər siyahısında da PL-in adına təsadüf olunmur.  İnsan hüquq müdafiəçiliyi sahəsində də, PL-in hər hansı addımı qeydə alınmır. Təşkilat bu sahədə fəaliyyətini Amnesty İnternational-la həmrəy olduğunu bildirməklə çərçivələndirir.

 

1983-cü ildə təsis olmasına baxmayaraq, PL-in 32 illik fəaliyyəti dövründə cəmi 3 yadda qalan aksiyası (daha doğrusu, araşdırması) olub ki, bunların da hər biri Böyük Britaniyanın  hədəfində  olan regionlara  yönəlməklə, dolayısı ilə bu ölkənin maraqlarının müdafiəsi məqsədini güdüb. Yadda qalan aksiyalardan biri  2002-ci ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinə həsr edilib. Bakı-Tbilisi- Ceyhan neft kəmərinin ekoloji problemlər yarada biləcəyini səbəb göstərməklə aparılan kampaniya, nəticə etibarilə Azərbaycanın neft gəlirlərində güzəştə getməsi üçün aparılan ümumi  kampaniyanın tərkib hissəsi olub.  Bu cür sifarişli aksiyalardan kənarda, PL-in hansısa ciddi bir aksiyası nəzərə çarpmır.  Zatən, rəsmi büdcəsi “10-35   avroluq ianələrdən ibarət olan” (http://platformlondon.org/donate/  )  bu təşkilatdan fərqli gözlənti də yoxdur.

 

GONGO-ları (Qeyri-rəsmi olaraq hakimiyyətlərin maraqlarına xidmət üçün yaradılan Qeyri-Hökumət Təşkilatları) təkcə  hakimiyyətlər yaratmırlar. Transmilli şirkətlərin  də  QHT sektorunda qeyri-rəsmi tərəfdarlar yaratdıqlarını hər kəs bilir.  Nüfuz etdikləri ölkələrdə ictimai rəyi nəzarətdə saxlamaq üçün hər bir transmilli şirkətin beynəlxalq statuslu onlarla QHT (GONGO tipli) yaratması  taktikası yeni deyil. Həmin “Beynəlxalq QHT”nin “yerli tərəfdaşları” vasitəsilə iş qurduqları ölkələrin  ictimai sektorunu nəzarətə götürməklə, transmilli şirkətlər bu ölkələrin hökumətlərinə təsir etmək mexanizmi qazanıb, öz maraqlarını diktə etmiş olurlar. Təbii, özlərinə qarşı formalaşa biləcək etirazları önləmək üçün də bu QHT-lərdən istifadə variantı çox əlverişlidir. Bu baxımdan  PL-in son aksiyasını onun BP-nin peykləri sırasında yerini möhkəmlətmək çabası kimi də qiymətləndirmək olardı.  BP təmsilçilərinin 05 iyun tarixdə BBC-yə verdikləri açıqlamada PL-in etirazlarını əhəmiyyətsiz saydıqlarını elan etmələrindən sonra  PL-in  aksiya keçirməkdə israr etməsi isə məsələdə fərqli məqamların olması ehtimalını da artırır.

 

PL-lə bağlı məsələnin araşdırılması zamanı ciddi məqamlar diqqəti çəkir.  Missiyası ekoloji maarifləndirmə olan və uğur qazana bilməsə də,  32 il müddətində bu sahəyə nüfuz etməyə çalışan bir təşkilatın  gözləniləmədən aktivləşərək Londonda insan hüquqlarının müdafiəçisi qismində təqdim edilməsi maraq doğurmaya bilməz. İnsan hüquqları sahəsində ixtisaslaşmış onlarca QHT varkən,  künc-bucaqda  unudulmuş qeyri-ixtisaslı birini tapıb   tozunu təmizləmək kimə və nə üçün lazımdır? Sualın cavabını  PL-in insan hüquqlarının müdafiəsi sahəsində ilk debütünü  antiAzərbaycan aksiyalara qoşulmasında axtaraq.  Cavab axtarışı təkcə PL-lə bağlı deyil, həm də ümumilikdə  antiAzərbaycan kmpaniyasını idarə edən Qərb texnoloqlarının  faydalandıqları çirkin texnologiyalar, həmçinin, onların  üzləşdikləri çıxılmaz durum barədə əhəmiyytli bilgilər verir. 

 

Qərb texnoloqları  üçün dilemma 

 

Azərbaycana qarşı son bir ildə aparılan qərəzli kampaniya, əslində, bu kampaniyanın təşkilatçıları olan Qərb texnoloqları üçün  bumeranq effekti verdi. Ümumi kontekstdə son bir il təkcə Azərbaycanda deyil, bütövlükdə  postsovet məkanında Qərb illuziyasının iflas dövrü kimi xarakterizə edilə bilər. Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramı müstəvisində 2013-cü ilin noyabrında başlanan  böhran,  paralel olaraq Avropanın özündə  uzun müddət dondurulmuş sosial-iqtisadi, siyasi və ən əsası, mənəvi  böhranı aktivləşdirmiş oldu.  Ukrayna üzərində oynanılan oyun, postsovet məkanının  Qərb üçün tərəfdaş deyil, böyük savaşlar üçün  nəzərdə tutulmuş  qurbanlıq olduğu faktını ortaya qoydu. Qonşuları vuruşdurmaq,  ölkələri qarışdırmaq,  daxili çəkişmələri qızışdırmaq fonunda öz maraqlarını təmin etmək taktikasından faydalanmaq          bu məkanda nəinki Qərbə olan inamı sarsıdıb, paralel olaraq Qərbin bu oyunlarında  hədəf olmaqdan yayınmaq çabalarını  artırıb.  Prosesin gedişində təkcə qorxunc niyyəti deyil, həm də  Qərbin bu regionu  qurbanlıq  kimi yetişdirmək mexanizmləri ifşa  edilib.  Xüsusi olaraq vətəndaş cəmiyyəti institutlarından bu oyunda istifadə formalarının qarşısı alınıb.

 

Fəaliyyətlərinin ifşa edilməsi  Qərb texnoloqları üçün gözlənilməz olub və çaşqınlıq yaradıb. Postsovet məkanı üzərində oyunları davam etdirmək üçün yeni metodlar kəşf edilməyib, köhnə metodlar isə ifşa edilib və keçərli deyil. Nə etməli?   Müşahidə edilən budur ki, hələlik   köhnə metodlardan simvolik dəyişikliklər etməklə faydalanmaq taktikası seçilib.  Platform Londonun səhnədə peyda olmasını da bu kontekstdə  izah etmək mümkündür.  Səhnəyə yeni adlar çıxarılmasına ehtiyac yaranıb.

 

Qayana Arustamyanla Xədicə İsmayılovanı nə fərqləndirir?

 

20-21 may tarixlərində Riqada keçirilən Avropa Birliyi Şərq Tərəfdaşlıq Proqramı üzrə Birinci Media Konfransında yadda qalan hadisələrdən biri Ermənistanın araşdırmaçı jurnalisti (freelance)  Qayana Arustamyanın məruzəsi olub.  O, Avropa Şurasının insan haqları üzrə komissarı Nils Mujnieksin qatıldığı sessiyada Ermənistandakı durum barədə dolğun informasiya verilmədiyindən şikayətləndi.  Bildirdi ki, may ayının ilk günlərindən başlayarq, ciddi şəkildə təqib olunmağa başlayıb. O, həbs təhlükəsi, hətta həyatına təhdidlərlə üz-üzədir.  Buna baxmayaraq, nə dövlət orqanlarına ünvanladığı müraciətlərə lazımi cavab ala bilmir, nə də beynəlxalq təşkilatlardan istədiyi müdafiəni görmür.  Məsələnin maraqlı tərəfi budur ki, məhz bu sessiyada   Nils Mujnieks Ermənistanı deyil, Azərbaycanı “azad jurnalistikanın boğulduğu” ölkə kimi tənqid edir, Qayana Arustamyanın Azərbaycanlı həmkarı Xədicə İsmayılın həbsini təhrif olunmuş formada auditoriyaya çatdırmağa çalışır.  Bu, onun ənənvi mövqeyidir.  Amma cənab bir faktı nəzərdən qaçırır ki, iştirak etdiyi tədbir qapalı toplantı deyil, konfransın gedişi onlayn variantda canlı yayımlanır və bütün dünya, bu riyakarlığı şahidi olur (https://www.youtube.com/watch?t=4781&v=Xbr-BMiwy-c). Konfransın gedişində diqqət çəkən digər bir məqam ondan ibarətdir ki, həm konfrans iştirakçıları, həm də təşkilatçılar Avropa Birliyinin Şərq Tərəfdaşlıq Proqramı  başlayandan sonra, proqrama daxil olan ölkələrdə medianın durumunun  nənki inkişaf etmədiyini, əksinə, 6 illik dövrdə geriləmə müşahidə edildiyini vurğuladılar.  Yaranmış durum Proqramın ideya müəllifləri və icraçılarının yarıtmaz fəaliyyətlərinin nəticəsi kimi şərh edildi.  

 

Qısa bir müddət sonra, mayın sonunda isə Avropa məkanının media təşkilatlarının illik toplantısı keçirilir.  Müzakirələrin yekunu belə bir faktı aşkarlayır ki, qitə ərazisində  ən ağır durum Balkan ölkələrindədir. Bu bölgədə medianın ciddi problemi təkcə maliyyə böhranı deyil.  Bölgə həm də medianın qeyri-rəsmi güclərin təsir dairəsinə düşməsindən, jurnalistlərin təqib və təzyiqlərlə üzləşməsindən əziyyət çəkir.  Makedoniyadan olan freelance jurnalist Tomislav Kezarovskinin çıxışını göz yaşları boğur.  O, ciddi şəkildə təqib və təhdid olunduğunu, jurnalist fəaliyyətini həyatı bahasına davam etdirdiyini bildirir. Amma sonuc yenə də maraqlı alınır: Avropa Birliyinin konfransa qatılmış təmsilçisi Azərbaycandakı durum barədə müzakirələr aparmağı təklif edir...

 

Misalların sayını onlarca artırmaq mümkün olsa da, vurğulamaq istədiyimiz məqamın oxucu üçün aydınlaşdığını düşünür və yenidən baş verənlərin Platform Londonun aksiyası ilə bağlılığı üzərinə dönməyi faydalı sanırıq.

 

AntiAzərbaycan kampaniyasına süni nəfəslik

Qərb texnoloqları on illər boyunca yürütdükləri effektsiz proseslərin, ikili, qərəzli münasibətlərinin, oyunlarının ifşa olunduğunu görüncə, vəziyyətdən çıxış üçün günahı ayrı-ayrı ölkələrin üzərinə  yıxmaq taktikasını seçirlər. Təsəvvür edək: Qərbin müdaxiləsi postsovet məkanında heç bir problemi həll etməyib, mövcud münaqişələrdən heç biri həllini tapmayıb, bu region əhalisinin Qərbdən gözləntilərinin heç biri özünü doğrultmayıb.  Təbii olaraq, Qərb texnoloqları yarıtmaz fəaliyyətlərinə görə hesabat verməlidir. Proseslərin bu yönə istiqamətlənməsinin qarşısını almaq üçün yeni taktika işlənir və regionun ayrı-ayrı ölkələrini istənilən bir ittihamla üz-üzə qoymaqla vəziyyətdən çıxmağa cəhd edilir.  Onlar ictimai rəyi bu yönə istiqamətləndirmək üçün əvvəlcə ələ alınmış ayrı-ayrı “poulyar ekspertlərin müəllif yazılarından”, sonra beynəlxalq QHT-lərin aksiyalarından yararlanmağa çalışdılar. Azərbaycan bu kampaniyalara qarşı dayandı və qarşı tərəfin özünü ifşa edə bildi.  Qərb texnoloqları məcbur olub “ağır-artilleriyanı” səhnəyə çıxarır, iyunun 5-də AŞ, ATƏTBMT insan hüquqları üzrə komissarları birləşmiş bəyanat yayaraq güclərini birləşdirirlər.  Azərbaycan vətəndaş cəmiyyəti institutları birgə cavab bəyanatı ilə çıxış edərək bu kampaniyanı da iflasa uğradır. Çıxılmaz durumdur, Qərb texnoloqlarının  I Avropa Oyunlarından fürsət kimi  yararlanıb Azərbaycanı güzəştlərə məcbur edəcəkləri planı iflasa uğrayıb, bu sahədə onların heç bir uğuru yoxdur.  İndi son addımlarını atırlar. Amma səhnəyə çıxarmağa gücləri, deməyə sözləri, isbat üçün arqumentləri yoxdur. Məğlubiyyətlərini etiraf etməmək üçün son ehtiyatlarını meydana çıxarırlar, məsələn, künc-bucaqda qalmış Platform London kimi.

Mövzu ilə bağlı araşdırma apararkən, qarşımıza maraqlı bir fakt çıxdı.  Xarici vətəndaş Ema Xyums iyunun 9-da Azərbaycana gələrkən axşam saatlarında  Bakı aeroportunda saxlanılıb və hansısa çatışmazlığa görə geri qaytarılıb. Bu informasiyanın  birtərəfli qaydada şişirdilərək Azərbaycana qarşı kampaniyada istifadə olunmasına qərar verilir.  Bu yöndə ilk informasiya hər hansı bir informasiya agentliyində deyil, gecə yarısı Platform londonun saytında peyda olur.  Həm də Rebeka Vinsentin təqdimatı ilə. Rebeka Vinsent imzası Azərbaycan oxucusuna yaxşı tanışdır: 2012-ci ildə Avrovizion müsabiqəsi Bakıda keçirilərkən, ölkəmizin uğurlarına kölgə salmaq üçün yaradılan Azərbaycan üzrə Beynəlxalq Əməkdaşlıq Qrupu adlı QHT koalisiyasının koordinatoru məhz bu xanım idi.  Amma iflas oldu, onun apardığı antiAzərbaycan kampaniya nəticə vermədi, əksinə, Avrovizion Bakıda uğurla keçirildi və  Azərbaycana şərəf gətirdi.  Həm də Azərbaycana etimad göstərilərək, I Avropa Oyunlarının da Bakıda keçirilməsinə qərar verildi.  2015-ci ilin əvvəlində İdman və İnsan Hüquqları Koalisiyası yarandı.  Bu Koalisiya da I Avropa Oyunları zamanı Azərbaycan əleyhinə mübarizə aparmalı idi, yenə də koordinatorlardan biri Rebeka Vinsentdir.  Və yenidən məğlubiyyət:  Azərbaycan vətəndaş cəmiyyəti institutları səfərbər olub bu Koalisiyanın fəaliyyətini də uğursuzluğa düçar etdilər.  İndi Rebeka özünə yeni platforma seçmək məcburiyyətində qalıb: Platform London.  Təcrübə imkan verir deyək ki, Rebeka və himayədarlarının bu aksiyası da iflasa uğrayacaq və özünüifşadan başqa bir nəticə verməyəcək.   Rebekanın antiAzərbaycan ovqatda köklənməsi, onu antiAzərbaycan güclərlə bağlayan səbəblər barədə isə növbəti yazıda məlumat verəcəyik. 

 

APA Analitik Mərkəzi

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gurcustanda beynelxalq xalca festivalinin acilisi olub
    Gürcüstanda Beynəlxalq Xalça Festivalının açılışı olub...
  • bakida meshur hind aktyoru ile gorus kecirilib
    Bakıda məşhur hind aktyoru ilə görüş keçirilib
bakida meshur hind aktyoru ile gorus kecirilib bakida meshur hind aktyoru ile gorus kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 29 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ