Siyasi millətçilik fenomeni: tarixi və fəlsəfəsi - MƏQALƏ

siyasi milletcilik fenomeni tarixi ve felsefesi meqale

Vaxtilə məşhur ingilis alimi, “Millətlər və millətçilik” əsərinin müəllifi E.J.Hobsbaum (E.J.Hobsbawm) millətin nə dərəcədə mühüm bir fenomen olmasını izah etmək üçün maraqlı bir müqayisəyə əl atmışdı. O, nüvə savaşından sonra xarabalığa çevrilmiş Yer Kürəsində axtarış aparan “qalaktikalararası tarixçi” təsvir etmiş və belə qənaətə gəlmişdi ki, həmin tarixçi Yer üzündə insanlıq tarixinin son 200 ilini “millət” termini və bu termindən törəyən anlayışları anlamadan qavraya bilməz. Bu mənada son onilliklərdə elmi dövriyyədə möhkəmlənmiş “siyasi millət” anlayışı xüsusilə böyük əhəmiyyət daşımaqdadır.

 

Tarixə qısa ekskurs etsək aydın olar ki, Avropada milli dövlətlərin, millət və millətçiliyin meydana çıxması XVI əsrdən başlayaraq kilsənin mövqeyinin zəifləməsi, kapitalist münasibətlərinin təşəkkül tapması şəraitində baş vermişdir. Hətta iş o yerə çatmışdı ki, XVI əsr müəlliflərindən biri Tomas Arast cəsarətlə dövlətin kilsə və din məsələlərinə özünün rəhbərlik etməli olduğunu yazır, Nikkola Makiavelli isə siyasət haqqında teoloji baxışlara son qoyulmasının vacibliyini ilk dəfə elan edirdi.

 

Sekulyarizmin tarixi rolu

 

Təbrizdə doğulmuş, İslam dünyasında “XX əsrin İbn-Sinası” adlandırılan azərbaycanlı alim Məhəmməd Təqi Cəfəri (1925-1998) Avropada sekulyarizmin (sekulyarizm - şəriət və dini məsələlərə qarşı müxalifət, dünyapərəstlik ruhiyyəsi, dünyəvi və adi prinsiplərə söykənmək deməkdir- müəllif) meydana çıxmasını siyasi, ictimai və kilsə hakimiyyətini təmsil edən güclər arasında kəskin çarpışmanın məntiqi nəticəsi hesab edir. Belə ki, artıq XIV-XV əsrlərdə kilsə ilə hakimiyyət arasında ziddiyyət, fikir ayrılığı və düşüncə dəyişikliyi gizlədilməsi mümkün olmayan hala gəlmişdi. O, “Sekulyarizm və ya dinin dünyəvi dövlətdən ayrılması” adlı əsərində Avropada sekulyarizmə meyillənmənin Fransadan başladığı qənaətindədir. Belə ki, Papa hakimiyyəti ilə Fransa Krallığı arasında 1269-1303-cü illərdə davam etmiş çəkişmə nəticəsində kilsə Papanın imperator səlahiyyətlərinə malik olduğu haqqında fikri ortaya qoydu. Bu fikrə əsasən, Papa bütün katolik aləmində həm siyasi, həm də dini lider funksiyasını qanuni şəkildə özündə birləşdirməli idi. Lakin Fransa xalqının birləşməsi, yeni fransız səltənətinin formalaşması və milli hissin güclənməsi nəticəsində həmin cəhdlər böyük uğursuzluğa düçar oldu və bundan sonra bir daha güclənə bilmədi: “Papanın imperatorluq səlahiyyətinə qarşı mübarizə isə həmin hadisədən sonra təşəkkül tapdı və toplumda ruhanilərin hakimiyyət iddiasını məhdudlaşdırmaq barədə fikir formalaşdı. (Qeyd: Bundan sonra kilsə də var gücü ilə imperatorların səlahiyyətlərinin məhdudlaşdırılması uğrunda mübarizəyə başladı. Əks reaksiya kimi isə aparıcı Avropa dövlətlərində dünyəvi hakimiyyətin müstəqilliyinin zəruriliyi fikrinin tərəfdarlarının sayı gündən-günə artırdı, milli dövlətlər kilsənin siyasətdəki, iqtisadiyyatdakı, elm və təhsildəki hegemonluğunu açıq-aşkar rədd etməyə başladılar. Maraqlıdır ki, kilsə terrorunun, yəni inkvizisiyanın da ən yüksək həddə çatdığı dövr məhz XV əsrin sonu - XVI əsrin əvvəllərinə təsadüf edir - müəllif). Həmin fikirdən başqa bir önəmli nəticə doğdu: bütün səltənətlərin müstəqil siyasi qurum kimi hakimiyyət baxımından suverenliyi. Əslində, demək olar ki, millətçilik və millətlərin hakimiyyət hüququ, eyni zamanda onların suverenliyi məsələsinin əsası XVIII-XIX əsrlərdə qoyuldu” [1, s.175-176].

 

Təsadüfi deyildir ki, ilk dəfə dövlət suverenliyi nəzəriyyəsi elmi cəhətdən Fransada Jan Boden tərəfindən işlənib hazırlanmışdı.

 

Böyük coğrafi kəşflər dövrü: millətçilik dövranının xəbərçisi

 

XVI əsrdən başlayaraq Avropada bütün maliyyə-vergi sistemini yalnız öz əlində cəmləmiş Vatikan əvvəlki hökmran statusunu birdən-birə ona görə itirirdi ki, böyük coğrafi kəşflər edilmişdi. Nəticədə avropalı monarxların kilsədən asılılığı azalmış, yeni məkanlar ələ keçirilmiş, ən əsası isə müstəmləkələr hesabına özlərinin müstəqil gəlir mənbələri yaranmışdı. Paralel olaraq, kapitalist münasibətlərinin inkişafı, burjuaziyanın formalaşması kilsə hakimiyyətini sıxışdırırdı. Bu hakimiyyətə ən sarsıdıcı zərbə maarifçilik hərəkatı oldu. Burjuaziya maarifçilik hərəkatında maraqlı qüvvə idi, çünki burjuaziyaya kilsə ilə mübarizə aparmağa qadir savadlı insanlar, mütəfəkkirlər, mətbuat çox lazım idi.

 

Avropada kilsənin mövqeyinin zəifləməsi milli ideyaları yaymağa imkan verən fikir azadlığı problemini aktuallaşdırdı.

 

Qərb tədqiqatçıları Avropada kilsə tərəfindən fikir azadlığına qarşı 1000 ildən çox davam etmiş sərt senzuranın üzərindən çox zaman sükutla keçirlər. Lakin danılmaz tarixi həqiqətdir ki, Vatikan kilsənin mövqeyinə zidd bütün kitabları uzun əsrlər boyu qadağan etmişdir. Rus tədqiqatçısı İ.R.Qriquleviç “İnkviziya” adlı kitabında yazır ki, Vatikan, mövqeyinə zidd əsərlərə qarşı nəinki senzura tətbiq etmiş, həm də bu qəbildən olan əsərləri tamamilə yox etmişdir: “Kilsə tərəfindən məhv edilmiş ilk məşhur bədii əsər eresiar (“eresiar” kilsədə dini rütbədir - müəllif T.Ə.) Ariyanın “Taliya” poeması olmuşdur. Bu əsər Nikeysk kilsə məclisinin qərarı ilə 325-ci ildə yandırılmışdır. 405-ci ildə Papa I İnnokenti məhv edilməsi nəzərdə tutulmuş bidətçi əsərlərin birinci siyahısını tutmuşdur” [6, s.396].

 

Kilsənin 1399-cu il tarixli qanunu qadağaların 12 meyarını müəyyən edir. Bura katolik olmayanlar tərəfindən nəşr edilmiş bütün müqəddəs kitablar, bidəti, təfriqəni və xristian dininin əsas təməllərini (əsas təməllər dedikdə, xristianlıqda “müqəddəs 3-lük”, yəni göydəki Allah, Müqəddəs Ruh və onun insan təcəssümü olan İsa nəzərdə tutulur - müəllif) dağıtmağa xidmət edən istənilən kitab, kilsəyə, xristian adətlərinə qarşı yönəlmiş kitablar, dini məsələlərdə bağlı qeyri-katoliklərin kitabları (katolikliyin əleyhinə heç nə yazılmadığını bəyan edən əsərlərdən başqa), müqəddəslər, peyğəmbərlər və möcüzələr barədə kilsə qanunları ilə uyğun gəlməyən kitab və kitabçalar, katolikliyin ehkamlarını ələ salan, yaxud şübhə altına qoyan, Papanın qınadığı məsələləri müdafiə edən, ilahi kultu inkar edən, kilsə nizam-intizamını dağıtmaq istəyən, kilsə xadimlərini və kilsəni məqsədyönlü şəkildə tənqid edən kitablar, Papa tərəfindən təsdiqlənmiş, lakin kilsə ilə razılaşdırılmadan mətnlərində dəyişiklik edilmiş ayin kitabları, kilsənin ruhuna zidd, İsa peyğəmbərin, müqəddəs Məryəmin, mələklərin və xristian müqəddəslərinin təsvirləri olan kitablar və s. aid idi [6, s.401].

 

Hətta 1559-cu ildən Vatikan qadağaları rəsmiləşdirən İndeksləri çap etməyə başlamışdır. İ.R.Qriquleviç “İnkviziya” adlı kitabında göstərir ki, Vatikan tərəfindən XVI əsrdə 4, XVII əsrdə 3, XVIII əsrdə 7, XIX əsrdə 6, XX əsrin I yarısında 12 İndeks nəşr olunmuşdur. İndekslərin nəşri nə qədər heyrətləndirici olsa da - 1948-ci ilə kimi davam etmişdir [6, s.398-399].

 

Qriquleviç M.Şulqinin “Papalığın “Qadağan olunmuş kitablar İndeksi”: din və ateizm tarixi məsələləri kitabı” (1956-cı il) adlı əsərə istinadla yazır ki, “İndeksin axırıncı nəşrində 4000 yaxın müxtəlif əsər, həmçinin bütün əsərləri qadağan edilmiş onlarla müəllifin adı var. Bu “yüksək şərəf”ə Onore de Balzak, Cordano Bruno, Volter, Tomas Hobbs, Holbax, D’Alamber, Rene Dekart, Deni Didro, Emil Zolya, Jan Laforten, X.A.Lorente, Jan Melye, Morelli, Ernest Renan, Jan Jak Russo, Benedikt Spinoza, Corc Sand, David Yum layiq görülmüşlər.   F.Bekonun, Pyer Beylyanın, Yeremin Bentamın, Henrix Heynin, Helvesiyanın, E.Hibbonun, Viktor Hüqonun, İmmanuel Kantın, Etena Kabenin, M.J.Kondorserin, Viktor Konsideranın, Lamenninin, Lamettrinin, Con Lokkun, Marmontelin, A.Mitskeviçin, Paskalın, Prudonun, L.Rankın, Reynalyanın, Robinenin, Stendalyanın, Floberanın və çoxsaylı tanınmış mütəfəkkirlərin, yazıçıların, alimlərin isə ayrı-ayrı əsərləri qadağan olunmuşdur” [6, s.403].

 

Göründüyü kimi, qadağa və senzuranın miqyası o qədər geniş olmuşdur ki, dünyanın nəhəng fikir adamlarının əsərlərini belə əhatə etmişdir.

 

Paradoks

 

İ.R.Qriquleviç yazır ki, 1789-cu il fransız inqilabına qədər İndekslər kilsənin və feodalların bütün mütərəqqi ideyalara qarşı təsirli aləti olmuşdur: “Yalnız XIX əsrdə və xüsusilə XX əsrdə o, əvvəlki gücünü itirməyə başladı, o dərəcəyə qədər ki, Vatikan onu reklam etməyi dayandırdı və hətta açıq satışa buraxmadı. Beləliklə, qadağan olunmuş kitabların İndeksi özü bir növ qadağan olunmuş kitaba çevrildi. O dövrün müasirləri İndeksdən əla reklam kimi istifadə etdilər və bir çox müəlliflər hətta fəxr edirdilər ki, onların əsərləri Vatikanın qadağan olunmuş kitabları siyahısına düşmüşdür” [6, s.403-404].

 

Beləliklə, aydın olur ki, Avropada milli dövlətlərin, millətlərin və milli təfəkkürün yaranması prosesi kilsənin nüfuzunun zəifləməsi zəminində baş vermişdir. Avropada milli dövlətlər kilsə ilə monarxların hakimiyyət, gəlirlər uğrunda mübarizəsi nəticəsində meydana çıxmışdır.

 

Qərbdə və Şərqdə millətlərin formalaşma mühitinin təhlili ortaya maraqlı bir mənzərə çıxarır: əgər müstəmləkə siyasəti Qərb ölkələrində milli dövlətlərin güclənməsinə, millətçiliyin və millətlərin yaranmasına təkan vermişdirsə, Şərqdə millətlər Qərbdən fərqli olaraq, feodalizmə və ya hər hansı ictimai quruluşa qarşı deyil, əsarətə qarşı mübarizədə yaranmışdır. (Azərbaycanda da millətin formalaşması bu ümumdünya tarixi prosesinə uyğun getmişdir. Bu barədə məqalədə bəhs olunacaqdır- müəllif). Əgər Qərbdə milli məfkurə və milli dövlətlər kilsə ilə mübarizədə ortaya çıxmışdırsa, Şərqdə bu, əsasən yadelli əsarətinə qarşı mübarizənin gedişində (məsələn, Azərbaycanda çarizmə qarşı, Türkiyədə Avropa imperalizminə qarşı, ərəb dünyasında İsrailə qarşı və s.) və məzhəblərarası çəkişmələr zamanı meydana çıxmışdır (məsələn, şiə-sünni qarşıdurması ilkin dövrlərdə ərəb-fars ziddiyyətlərinin qabarması ilə nəticələnmişdir. Səfəvilərdən sonra isə şiəlik ümumiyyətlə İranın ərəb dünyası və Osmanlı Türkiyəsi ilə mübarizəsinin rəmzi kimi qəbul edilməyə başladı). Bunu ingilis alimi Ernest Gellnerin “Millətlər və millətçilik” əsərində Hans Kohna istinad edərək, Qərb və Şərqdə millətçiliyin meydana gəlməsinin müqayisəli təhlilində də görmək mümkündür. Onun fikrincə, Qərb millətçiliyi milli dövlətlər daxilində formalaşdı. Şərq millətçiliyi isə alt-dövlətlər, yaxud çoxmillətli dövlətlər içərisində formalaşdı və milli azadlıq idealına qapılaraq millətə etnik qrup, yaxud dil qrupu kimi yanaşırdı.

 

Millət fenomeni: müxtəlif baxışlar 

 

 ““Millət” termini insanların münasibətlərinin əhəmiyyətli bir tərəfini izah edir. Amma tam olaraq nəyi? Sirr burada yatır” [11, s.14]. E.J.Hobsbaumun (E.J.Hobsbawm) tədqiqatlarında mühüm yer tutan bu suala alimlər tərəfindən cavablar birmənalı deyil. Onun özü isə mövqeyini izah etmək üçün 6 dəqiqləşdirmə aparır:

  • birincisi, “millətçilik” terminindən Gellnerin təbirincə, “əsasən siyasi vahidlə milli vahidin uyuşmasını müdafiə edən kateqoriya” kimi istifadə edir;
  • ikincisi, millətlərin dövlətləri və millətçiliyi deyil, dövlətlərin və millətçiliyin millətləri yaratdığına inanır və millətçiliyin milllətlərdən öncə gəldiyini bildirir;
  • üçüncüsü, milli mətbəə, kütləvi oxuma-yazma və ya kütləvi təhsil olmadan millətin doğulmasının mümkünsüzlüyünü qəbul edir;
  • dördüncü, millətin yuxarıdan aşağı təşkil olunduğunu söyləyir;
  • beşinci, millət və millətçilik tədqiqatlarını yetərsiz sayır;
  • altıncı, millətçilikdə mifin roluna diqqət ayırır, millətçiliyin, açıq şəkildə elə olmadığı bilinən bir şeyə sıx bağlanmağa gətirib çıxara bilməsinə, Renanın ifadə etdiyi kimi, “tarixi yalnış yazmaq bir millət olmanın parçasıdır” şəklində ola bilməsinə də inanır.

 

E.J.Hobsbaum (E.J.Hobsbawn) XIX yüzilliyi “millətlərin inşası əsri” adlandıran Valter Bagehot (Walter Bagehot) ilə həmrəy olduğunu bildirir. E.J.Hobsbaum (E.J.Hobsbawn) millətlərin etnik deyil, siyasi topluluq olmasını araşdırmaları ilə üzə çıxarmağa çalışmışdır. “Müasir millətlərin uzun müddət oturuşmuş etnik birliklərdən inkişaf etməsi fikrini qəbul etmək əvəzinə, Hobsbaum (Hobsbawm) tarixi davamlılıq və mədəni saflığa duyulan inancın mif olduğunu və hətta millətçiliyin özü tərəfindən yaradılmış bir mif olduğu iddiasını irəli sürməkdədir” [12, s.154].

 

Oxşar yanaşmanı ABŞ tədqiqatçısı Benedikt Andersonun (Benedict Anderson) da əsərlərində görmək mümkündür. O, müasir milləti məhsul kimi izah edir, onu “xəyal edilmiş birlik (icma)” adlandırır. “Xəyali icmalar: millətçiliyin kökləri və yayılması” adlı əsərində yazır ki, “millət xəyal edilmiş siyasi toplumdur – özünə eyni zamanda həm hakimlik, həm də məhdudiyyət xas olan xəyal edilmiş bir icmadır” [9, s.20].

 

“Millət” obyektiv anlamda mədəni dəyər - eyni dili danışan, eyni dinə sahib olan, ortaq keçmişlə bir-birinə bağlı xalq kütlələri kimi təhlil edilir. Ümumiyyətlə, millətin etnik və ya mədəni varlıq olması fikrinin kökləri XVIII əsr Almaniyasına - Herder və Fixte kimi filosofların əsərlərinə qədər uzanır. Mədəni millətçiliyin “atası” hesab edilən Herderə görə, hər bir milli qrupun yaranma xüsusiyyətləri onun yaşayış tərzi, vərdişləri, davranışları və kütlənin yaradıcı meyillərini göstərən ətraf mühit, iqlim və fiziki coğrafiya ilə müəyyən olunur.   

 

Lakin Herderin millətçilik anlayışı siyasi dövlətçilik məzmunu daşımır. Herder millətləri kökünün çox qədim zamanlara qədər uzandığı və insan cəmiyyətinin olduğu müddətcə davam edə biləcək “təbii” varlıq kimi qəbul edir. Antoni Smit (Anthony Smith) də “Millətlərin etnik genezisi” adlı əsərində millətlərin köklərinin ortaq mədəni mirasa, dilə qədər dərinə gedib çıxdığını qeyd edir. Bununla belə, məsələnin siyasi tərəfini unutmayaraq, millətçiliyin ilkin nişanəsi kimi “etnik material”ın titul etniklərin siyasi hakimliyə can atdığı vaxt ortaya çıxmasını qəbul edir.

 

İngilis tədqiqatçısı Andreu Heyvuda (Andrew Heywood) görə, milləti yalnız obyektiv amillərlə izah etmək qeyri-mümkündür, çünki bütün millətlər müəyyən dərəcədə mədəni, etnik və irqi müxtəlifliyə malikdir. Elə buna görədir ki, XXI əsr təhlillərində millət psixo-siyasi təsisat kimi nəzərdən keçirilir.

 

Osvald Şpenqler də hesab edirdi ki, “müxtəlifliyi birləşdirə biləcək bir şey varsa, o da siyasətdir. Millət eyni vaxtda siyasi termin ilə izah edilən obyekt və siyasi elmin mühüm tədqiqat obyektidir” [7, s.310].

 

Ümumiyyətlə, elmi ədəbiyyatlarda millət konsepsiyaları 2 mövqedən izah edilir, bunlardan biri milləti əsasən mədəni birlik kimi görür və etnik bağların, etnik köklərin önəminə diqqət çəkir. Digəri isə ona siyasi birlik kimi yanaşır və vətəndaşlıq bağlarının və bağlılıqlarının əhəmiyyətini vurğulayır.

 

Ernest Gellner sənaye cəmiyyətlərində sosial hərəkətliliyin, fərdi mübarizənin və rəqabətin yeni bir mədəni bütünləşmə qaynağı yaratmasına diqqət çəkmişdir. Onun iddiasına görə, bu, millətçilik sayəsində təmin olunmuşdur. Bu səbəbdən millətçilik müəyyən sosial amillər və şərtlərin ehtiyaclarını ödəmək üçün inkişaf etmişdir. Digər tərəfdən, Gellnerin nəzəriyyəsi müasirlikdən əvvəlki dövrə qayıtmağın mümkün olmaması səbəbindən millətçiliyin yox olmayacağı qənaətindədir.

 

Mədəni millətçilik adətən milli özünüdərk şəklini alır, o, bir millətin milli qürur və özünəhörmətinin yüksəlməsi ilə müşayiət olunur, identikliyin aydınlaşdırılması vasitəsinə çevrilir.

 

Siyasi millət fenomeni

 

Alman tarixçisi Fridrix Mayneke (Friedrich Meinecke) (1907) daha da irəli gedərək “mədəni millətlər” və “siyasi millətlər” təsnifatını vermişdir. ““Mədəni” millətlər yüksək etnik homogenizlə xarakterizə edilir. Nəticədə etnik və milli kimliklər çuğlaşır. Bu tip millətlər siyasi güclərdən ziyadə təbii və tarixi güclər tərəfindən şəkilləndirilmələri anlamında “orqanik” olaraq qəbul edilə bilər. Başqa bir tərəfdən, mədəni millətlər özlərini kənarlaşdırıcı qruplar olaraq görməyə meyillidir. Millətə üzvlük, könüllü qəbul edilən siyasi mənsubiyyətdən deyil, miras olaraq ötürülən etnik kimlikdən qaynaqlanır. Bu mənada, asan bir şəkildə xalqın inanclarını və dilini qəbul edən bir şəxsin alman və ya rus olması mümkün deyildir” [12, s.153].

 

Millətlərin əsasən siyasi varlıqlar olması baxışı mədəni identiklikdən daha çox vətəndaşlıq bağlarını və siyasi telləri qabardır. Bu yanaşmaya görə, millət, mədəni, etnik və digər bağlılıqlardan asılı olmayaraq, əsasən vətəndaşlıq amili ilə bağlı olan insan qrupudur. Bu cür yanaşma müasir millətçiliyin “atası” adlandırılan Jan Jak Russonun əsərlərinə qədər gedib çıxır. Russonun spesifik olaraq millət probleminə toxunmamasına rəğmən, sonda cəmiyyətin ortaq faydası anlamına gələn “ümumi iradə” fikrində əksini tapan xalq idarəçiliyi vurğusu 1789-cu il Fransa inqilabı prosesində ortaya çıxan millətçi nəzəriyyələrin toxumu olmuşdur.

 

İngilis tədqiqatçısı Andreu Heyvuda (Andrew Heywood) görə, siyasi millət - vətəndaşlığın etnik kimlikdən daha çox siyasi əhəmiyyət daşıdığı millətdir. Adətən siyasi millətlər çoxsaylı etnik qruplardan ibarət olur və beləcə onlar mədəni müxtəlifliklərlə seçilirlər. Böyük Britaniya, ABŞ və Fransa adətən siyasi millətin klassik nümunələri kimi götürülür. Böyük Britaniya 4 “mədəni” millətin birliyidir: ingilis, iskoç, qal və Şimali İrlandiya (bu sonuncu millətin protestant birliklər və katolik respublikaçılar olmaqla 2 milləti əhatə etdiyini düşünmək olar). Britaniya milli kimliyi Britaniya Taxt-Tacına ümumi bağlılıq, Vestminister Parlamentinə hörmət və Britaniya xalqının tarixi haqq və azadlıqlarına bəslənən inanc kimi siyasi amillər üzərində bərqərardır. “Köçkünlərin ölkəsi” olaraq ABŞ polietnik və çoxmədəniyyətlidir. Bu vəziyyət ABŞ-ın mədəni və tarixi bağlar təməlində eyni milli kimlik inşa etməsini mümkünsüz edir. Əvəzində, Amerikada millət hissi elmi şəkildə təhsil sistemi, xüsusilə İstiqlal Bəyannaməsində və ABŞ Konstitusiyasında göstərilən ümumi dəyərlərə hörmətin “cücərdilməsi” vasitəsilə inkişaf etdirilmişdir. Eyni qaydada, fransız milli kimliyi 1789-cu il Fransız inqilabının prinsiplərinə yaxından bağlıdır. 

 

Göründüyü kimi, millətə və millətçiliyə yanaşmalar müxtəlifdir, hamılıqla qəbul olunmuş konsepsiya mövcud deyil. Millətçilik fenomeni ətrafında mübahisələrin əksəriyyətinin əsas mövzusu “milləti nə yaradır?” sualına cavab tapmaqdır. Bununla bağlı mülahizələr olduqca genişdir. Akademik Ramiz Mehdiyevin qənaətincə, bu mövzuda fikir müxtəlifliyi o qədər geniş, müəlliflər isə siyasi və nəzəri tərəfgirlik baxımından o dərəcədə sifarişlidirlər ki, hamılıqla qəbul olunmuş konsepsiyanın meydana gəlməsini gözləməyə dəyməz.

 

Azərbaycan dövlətinin siyasi əmanəti - Azərbaycan milləti

 

Akademik Ramiz Mehdiyev 2015-ci ildə nəşr olunmuş “Tarixi idrakın elmiliyi probleminə dair” kitabında haqlı olaraq, Azərbaycan humanitar təfəkkürünü vahid Azərbaycan milləti məsələsinin qayğısına qalmağa çağırır: “Azərbaycanda ümumvətəndaş identikliyinin formalaşması cəmiyyətin və dövlətin qarşısında duran mühüm və prioritet vəzifədir” [3, s.79].

 

Azərbaycanda millət ideyasının rüşeymləri XIX əsrin 30-cu illərindən müşahidə edilmişdir. Bu dövrdə dini identiklikdən etnik identikliyə keçid baş vermişdir. Etnik identikliyin formalaşması və inkişafı prosesi XX əsrin 20-ci illərinə qədər olan zaman kəsiyini əhatə etmişdir.

 

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ortaya çıxması təsadüfi hadisə deyildi. Bu, Mirzə Fətəli Axundovdan gələn maarifçilik hərəkatının siyasi yönümünün məntiqi yekunu idi. Doğrudur, ilk mərhələdə maarifçilər “Azərbaycan milləti” anlayışı işlətmirdilər, ancaq sonrakı dövrdə bu anlayış geniş yayılmağa başladı. Mətbuatda ilk dəfə XIX əsrin 80-ci illərində çıxan “Kəşkül” qəzeti “Azərbaycan milləti” ifadəsini işlətmişdir.

 

Akademik R.Mehdiyev vurğulayır ki, “Azərbaycan xalqı məhz öz milli ideyasını müəyyən etmək yolu ilə millətə çevrilmişdir” [4, s.39]. Bu o deməkdir ki, Azərbaycan milləti milli ideyanın təcəssümü olan Azərbaycan dövlətinin məhsulu sayılmalıdır. Bu tezis E.J.Hobsbaumun (E.J.Hobsbawn) “dövlət milləti yaradır” fikrinə, həmçinin dövlət və millətlərin meydana gəlməsinə dair ümumdünya tarixi prosesinə tamamilə uyğun gəlir.

 

Azərbaycan milləti modeli mötədildir. Çünki tarix boyu tolerantlıq, dini dözümlülük məkanı kimi Azərbaycanda ümmətdən millətə keçid prosesi “yumşaq”, İslam dininə qarşı hər hansı neqativ münasibət yaratmadan, yalnız itirilmiş dövlətçiliyin bərpası uğrunda olmuşdur. Halbuki, Türkiyədə bu proses fərqli inkişaf etmişdir. Burada milli proses Türkiyənin qonşu müsəlman dövlətləri (İran, Ərəb ölkələri) ilə ciddi problemləri zəminində aparılmış və ona görə də milli hökumət qurulan kimi islam amili arxa plana keçirilmişdir. Halbuki, Azərbaycan Xalq Cümhuriyyəti dövlət bayrağında islamın rəmzindən- yaşıl rəngdən şövqlə istifadə etmişdir.    

 

Tədqiqatçı Eldar Əmirov “XIX-XX əsr Azərbaycan maarifçi fikrində Məhəmməd peyğəmbərin (s.ə.s.) siyasi irsi və İslama münasibət” adlı məqaləsində yazır: “Millət anlayışının ümumi ümmət məfhumundan ayrılaraq Azərbaycan cəmiyyətinin özünüidentifikasiya amilinə çevrilməsi məhz maarifçilik dövrünün məhsulu hesab edilir. Çox təəssüf ki, 70 il ərzində kommunist təbliğatı cəmiyyətimizə Azərbaycan maarifçilik hərəkatının İslam dininə münasibətdə birmənalı düşmənçilik nümayiş etdirdiyini sistemli şəkildə təlqin etmişdir. Guya Azərbaycan maarifçiləri İslam dinini xurafatın, cəhalətin, siyasi durğunluğun mənbəyi kimi görmüş, ona qarşı amansız mübarizə aparmışlar” [2, s.106].

 

E.Əmirov Azərbaycan maarifçisi, ərəb, fars, fransız, rus dillərinə mükəmməl bələd olan Mirzə Əbdürrəhim Talıbov-Təbrizinin (1834-1911) “Səma elçisi: Məhəmməd peyğəmbərin tarixi”, Məhəmməd Əsəd Bəyin (1905-1942) alman dilində nəşr olunan “Son peyğəmbər”, Mirzə Ələkbər Sabirin (1862-1911) 1907-ci ildə yazdığı “Təhəssür” şeirini, Hüseyn Cavidin (1882-1941) “Peyğəmbər” dramını (1922), Əhməd Ağaoğlunun (1869-1939) “İslam, Axund və Hatifülqeyb” adlı bədii-fəlsəfi əsərini (1904), Əbdürrəhim bəy Haqverdiyevin “Millət dostları” dramını və s. əsərləri buna nümunə çəkir. “Çox təqdirəlayiq haldır ki, XX əsrin əvvəllərində yazıb-yaradan və xurafata qarşı kəskin mübarizə yolu seçmiş Azərbaycan maarifçilərinin böyük əksəriyyəti həqiqi islamı, hakim dairələr tərəfindən siyasi məqsədlər naminə, həmçinin riyakar ruhanilər tərəfindən maddi mənfəət üçün din pərdəsi altında qəsdən bərqərar edilən cəhalətdən fərqləndirməyi bacarırdılar. Sözügedən dövrün əsərlərinə diqqət yetirdikdə aydın olur ki, maarifçilərimizin əsas tənqid hədəfləri əsl islamı dəyərlərdən uzaqlaşan, Məhəmməd peyğəmbərin (ə.s.), həmçinin Quranın təbliğ etdiyi yoldan öz maddi maraqları üçün bilərəkdən imtina etmiş siyasətçilər və mollalardır” [2, s.108].

 

Əgər Seyid Əzim Şirvaninin, Mirzə Şəfi Vazehin, Mirzə Fətəli Axundovun əsərlərində “Azərbaycan milləti” anlayışı yox idisə, artıq XX əsrin ilk onilliklərində Üzeyir Hacıbəyovun, Əli bəy Hüseynzadənin, Məhəmməd Əmin Rəsulzadənin əsərlərində bu anlayış üzə çıxmağa başlamışdır.

 

Azərbaycan humanitar təfəkküründə yeni anlayış - dövlət millətçiliyi

 

Qətiyyətlə söyləmək mümkündür ki, Azərbaycan milləti Azərbaycan dövlətinin məhsuludur. Akademik R.Mehdiyev 2015-ci ildə nəşr olunmuş “Tarixi idrakın elmiliyi probleminə dair” kitabında haqlı olaraq millətçiliyi milli ideyanın məhsulu, milləti isə millətçilik ideyasının məhsulu hesab edir və yazır ki, Azərbaycan idektikliyinə etnik yanaşma Azərbaycan millətinin təşəkkül tapmasına və dövlət müstəqilliyi qazanmasına qədər (XX əsrin əvvəli) mövcudluq hüququna malik idi: “Bu, Azərbaycan millətinin tarixində keçilmiş mərhələdir. Onun sonrakı davamlı inkişafı üçün milli identikliyin yeni konseptual formulu tələb olunur. Ölkə əhalisinin polietnik tərkibi və postsənaye cəmiyyətinin xarakteri zəruri hallarda milli identikliyin və milli ideyanın məzmununu yeniləşdirir. Azərbaycan milli identikliyinin əsasını təşkil edən ideya-dəyərlər konsepsiyası özündə həm etnik, həm də vətəndaş identikliyini birləşdirən model ola bilər” [3, s.76].

 

Akademik Ramiz Mehdiyev qeyd edir ki, “çoxmillətli Azərbaycan dövlətində millətin etnik məzmunu tədricən aradan qalxır və vətəndaş elementi ilə əvəzlənir. Ona görə də, ölkədə ümumazərbaycan identikliyi forması kimi vətəndaş (dövlət) millətçiliyinin formalaşmasına ictimai dəstəyi gücləndirmək lazımdır. Əgər dövlət maraqlarından çıxış etsək, bizim buna böyük ehtiyacımız vardır. Bu, cəmiyyətin strateji vəzifələrinin həlli üçün zəruridir” [3, s.66]. Görkəmli alim azərbaycançılıq ideologiyasında bu elementin (komponentin) çatışmadığına diqqəti cəlb edir və yazır ki, “bu millətçilik ideyasını cəmiyyətdə fəal yaymaq lazımdır” [3, s.70]. O, vurğulayır ki, əcdadlarımız bizim özümüzü bir tam kimi hiss etməyimiz üçün hər şeyi etmişlər və müasir dövrdə Azərbaycan milli inkişafın elə mərhələsindədir ki, “azərbaycanlı” anlayışı təkcə etnik məzmun kəsb etməyib, həm də dövlət–vətəndaş mənasına malikdir: “Bu gün Azərbaycan identikliyi özünü vətəndaş milləti (siyasi millət) kimi göstərməyə meyillidir” [3, s.81].  Belə ki, milli identikliyin vətəndaş anlamı elə bir qurucu yoldur ki, o, Azərbaycanda ölkənin firavanlığının əsasını təşkil edən millətlərarası həmrəyliyi və davamlı sülhü təmin edir.

 

Növündən, təzahür formasından asılı olmayaraq, hər bir millətçiliyin ideologiya olması faktdır. Bəzən “ideologiyasızlaşdırma ideologiyası” kimi çıxış edən qloballaşma şəraitində siyasi millətçiliyin Azərbaycan humanitar təfəkkürünə təqdim olunmasının, onun azərbaycançılıq ideologiyasında “boşluğu dolduran komponent” kimi irəli sürülməsinin ciddi əsasları vardır.

 

Sıçrayışlı tərəqqinin yeni sürət qazandığı XXI əsrdə dünyada millətlərin milli inkişaf potensialının tədricən tükənəcəyi, millətlərin daha yüksək inkişaf üçün bir-birindən daha çox bəhrələnməyə çalışacağı proqnozlaşdırılır. Artıq müşahidə edilir ki, yeni dünya nizamının əsas subyektləri öz sosial-mədəni təcrübəsini universalist formalara salmaqdan tədricən imtina edirlər: “Azərbaycanda dövlət millətçiliyi yalnız birləşdirici qüvvə, müdafiə qüvvəsi ola bilər. Bu fenomenin mühüm vəzifələrindən biri millətin birliyini dağıda biləcək ideologiyalara maneə olmaqdır. Lakin bu millətçilik hələ tam formalaşmamışdır, kütləvi şüurun təzahürünə çevrilməmişdir, hərçənd o, millətin dövlət ətrafında birləşməsində mühüm rol oynaya bilərdi. XXI yüzillikdə azərbaycanlılar bizə yad ideoloji baxışlara malik olan, sabitliyi laxlada, ümumi inkişaf kursuna xələl gətirə biləcək xarici qüvvələrin cəmiyyətimizə mümkün gəlişinin qarşısını almalıdırlar. Dövlət millətçiliyi müasir Azərbaycan xalqının tarixi ənənələrindən və kollektivçilikdən irəli gələn sağlam millətçilikdir. O, indiki dövr ilə uzlaşır və gələcəyə yönəlmişdir. Eyni zamanda, sağlam millətçilik XXI əsrdə Azərbaycan dövlətçiliyi quruculuğunun təməlidir” [3, s.66].

 

Siyasi millətçilik millət dövranının sona yaxınlaşdığı barədə iddiaların tez-tez səsləndirildiyi qloballaşan dünyada əsas məqsədi milli dövləti daxili və xarici təzyiqlərlə aşındırmaq, zəiflətmək olan təhlükəli meyillərə qarşı effektiv müqavimət və dəf etmə platforması kimi çıxış edir. “Yalnız XIX əsrin sonunda müasir millətçilik – hər millətə bir dövlət uyğundur, hər dövlətə bir millət uyğundur tezisi irəli sürüldüyü vaxt bütün kütləni əhatə etdi, kütləviləşdi. Bu formul XIX əsrdə Avropanın bütün siyasi tarixini müəyyən etdiyinə baxmayaraq, bir çox Avropa tədqiqatçıları siyasətin denasionalizasiyasını tələb edirlər. Belə qəribə niyyətin, göstərişin gizli səbəbi belə bir əqidəyə inamdır ki, 1945-ci ildən sonra dünya o qədər dəyişmişdir ki, dövlət öz əhəmiyyətini itirməyə başlayır və bununla birlikdə millətçilik öz dövlət quruculuğu funksiyaları ilə tərəqqinin qarşısında maneəyə çevrilir” [7, s.363].

 

Bu gün xüsusilə ABŞ tədqiqatçıları tərəfindən dünyada “bütün millətlərin ortaq taleyə sahib olması” barədə tezislər geniş təbliğ edilir, buna haqq qazandırmaq üçün ən ağlasığmaz fərziyyələrə həqiqət donu geyindirilir. Doğrudur, ABŞ-ın siyasətinin əsasını millətçilik yox, iqtisadi və siyasi dominantlıq ideyası təşkil edir, ABŞ dünyaya hansısa milli və irqi üstünlüyü deyil, yaratdığı iqtisadi və siyasi sistemi aşılamağa, təlqin etməyə çalışır. Lakin bu prosesdə açıq hiss edilir ki, ABŞ qloballaşma adı altında bütün millətləri vahid iqtisadi və siyasi çərçivələrə uyğunlaşdırmağa çalışır. Bu isə milli dövlətlərə və zəif təşkilatlanmış, kövrək birliyə malik millətlərə qarşı ciddi təhdiddir. Bunun acı fəsadları Əfqanıstan, İraq və hazırda Yaxın Şərqdə görülməkdədir.

 

Sanki ölkələrdə millətlərin əsrlərlə davam edən birlikləri, birgəyaşayışları dağıdılır və onların yerində “yeni millət”, “yeni dövlət” inşa edilir. Hətta F.Fukuyama “Tarixin sonu və son insan” əsərində bütün millətlərin ortaq taleyə sahib olması barədə tezisi inkişaf etdirmək üçün buna “ilahi səbəblər” də “tapır”: “... ilk olaraq xristianlar bütün insanların Tanrı önündə bərabər olması baxışını inkişaf etdirərək dünyadakı bütün xalqların ortaq bir taleyə sahib olması fikrinə gəldilər” [13, s.90].

 

Sağlam millətçilik - güclü dövlət

 

Millətçiliyin meydana gəlmə fəlsəfəsi və onun sonrakı tarixinin öyrənilməsi, Azərbaycan millətinin inkişaf xüsusiyyətlərinin tədqiqi bir daha təsdiqləmişdir ki, millətçiliyin qurucu amili əsas götürülməlidir. Müasir Azərbaycanın siyasi-iqtisadi reallıqları ölkənin inkişaf etmiş cəmiyyətə transformasiya olmaq cəhdindən doğmuş dövlət millətçiliyi ilə müəyyən edilir. Akademik Ramiz Mehdiyev dövlət millətçiliyinin qurucu xarakterini olduqca müsbət qiymətləndirmişdir: “Vətəndaş (dövlət) millətçiliyi milli özünüdərkin nailiyyətlərdən qeyri-məmnunluğunun inikasının təzahürü, sosial-iqtisadi və mənəvi inkişafın, kreativ şəxsiyyət yetişdirməsinin əsas amili, müasir Azərbaycanda bütün etnosların tolerant birgəyaşayışı siyasətinin leytmotivi olmalıdır”.

 

Azərbaycanda siyasi millətçiliyin nəzəri əsaslarının, elmi-ideoloji bazasının hələ tam formalaşmaması onun haqqında yalnış təsəvvürlərin yaranmasına, real mahiyyətindən uzaq müxtəlif mülahizələrə və interpretasiyalara səbəb ola bilər. Siyasi millətçiliyin etnik identikliyin inkarı üzərində qurulması fəsadlara yol aça bilər. Ona görə bu istiqamətdə elmi araşdırmaların genişləndirilməsinə böyük ehtiyac vardır.

 

Nəzərdən qaçırmaq olmaz ki, siyasi və etnik kimliklərin uyuşmazlığı inkişafın qarşısını kəsə də bilər. Akademik R.Mehdiyev məhz bu həssas məqamı dəqiqliklə nəzərə alaraq, qeyd edir ki, Azərbaycan milli identikliyinin əsasını təşkil edən ideya-dəyərlər konsepsiyası özündə həm etnik, həm də vətəndaş identikliyini birləşdirən model ola bilər. Bu model XXI əsrdə Azərbaycan millətinin daha da güclənməsinə böyük töhfə vermək qabiliyyətinə malikdir.\

 

İstifadə edilmiş ədəbiyyat:

  1. Cəfəri Məhəmməd Təqi, “Sekulyarizm və ya dinin dünyəvi dövlətdən ayrılması”, “Hikmət” elmi araşdırmalar toplusu, №5-6,  Bakı, 2005.
  2. Əmirov E., “XIX-XX əsr Azərbaycan maarifçi fikrində Məhəmməd peyğəmbərin (s.ə.s.) siyasi irsi və İslama münasibət” adlı məqalə, “Sivilizasiya” jurnalı, №5, Bakı, 2004.
  3. Mehdiyev R., “Tarixi idrakın elmiliyi probleminə dair”, Bakı, 2015.
  4. Mehdiyev R.,“Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi” məqaləsi, “Müasir Azərbaycan dövrün baxışında”, I cild, Bakı, 2011.
  5. Mehdiyev R., “Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi”, Bakı, 2001.
  6. Григулевич И.Р., “Инквизиция”, Москва, 1985, (издание третье).
  7. Кольев А.Н., “Нация и государство. Теория консервативной реконструкции”, Москва, 2005.
  8. Huntchinson John, Smith Anthony D., “Nationalism”, New York, 2012. 
  9. Anderson Benedict, “Hayali Cemaatler: milliyetçiliyin kökenleri ve yayılması” (tərcümə), İstanbul, 1995.
  10.  Gellner Ernest,“Uluslar və ulusçuluk”, İstanbul, 2013.
  11.  Hobsbawn E.J., “Milletler və milletçilik”, İstanbul, 2010.
  12.  Heywood Andrew, “Siyaset”, Ankara, 2010.
  13.  Fukuyama Francis, “Tarihin sonu və son insan”, İstanbul, 2006.

 

 

Tural Əliyev

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • idea nin eko skaut layihesi ugurla davam edir fotosessiya
    IDEA-nın “Eko-skaut” layihəsi uğurla davam edir - FOTOSESSİY...
  • lerikde broyler fabrikinde partlayis neticesinde iki nefer yaralanib yenilenib
    Lerikdə broyler fabrikində partlayış nəticəsində iki nəfər y...
lerikde broyler fabrikinde partlayis neticesinde iki nefer yaralanib yenilenib lerikde broyler fabrikinde partlayis neticesinde iki nefer yaralanib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 27 İyul, 2017

USD
1.701
 
EUR
1.9984
 
RR
0.0286
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ