Yuanın devalvasiyası: Çinlə ABŞ arasında iqtisadi müharibəyə start? - TƏHLİL

yuanin devalvasiyasi cinle abs arasinda iqtisadi muharibeye start tehlil

Bakı - APA. Çin Xalq Bankının son 20 il ərzində ən genişmiqyaslı devalvasiyaya əl ataraq yuanın dəyərini 1,9 faiz aşağı salmasından artıq iki həftə keçir, amma ekspertlər və analitiklərin bu addımın səbəbləri barədə mübahisələri səngimək bilmir. Əsasən, üç versiya ağırlıq qazanıb. Birincisi, iyulda Çinin ixracatı 8,3 faiz azalıb və bu addım ixracata dair göstəricilərin aşağı düşməsinə reaksiyadır. Daha konkret desək, əsas rəqiblərin – Cənub-Şərqi Asiyanın inkişaf etmiş ölkələrinin ixracatı artırması və bu tendensiyanın hələ bir müddət davam edəcəyi fonunda Çin məhsullarının ixracının azalması devalvasiyanın lehinə ciddi arqumentdir. Açıq-aşkar görünür ki, milli valyutanın zəifləməsi ixracatçılara sərf edir. İkinci səbəb kimi uzun müddət deflasiya ilə mübarizə aparan, amma cəhdləri nəticəsiz qalan Çin istehsalçılarının qiymətləri aşağı salması göstərilir. Yeri gəlmişkən, istehsal deflasiyası iyulda ixracatın aşağı düşməsinin əsas səbəblərindən biridir. Bu da ciddi arqumentdir. Və nəhayət, üçüncü səbəb kimi ölkədən kapital axını göstərilir, bu axın nəticəsində Mərkəzi Bank yuanın kursunu saxlamaq üçün valyuta intervensiyası etmək məcburiyyətində qalır.

 

Bununla belə unutmaq olmaz ki, yuanın kursu heç kimə məlum olmayan sxem üzrə müəyyənləşirdi. Çin Xalq Bankının faktiki kurs siyasəti milli valyutanı stabil səviyyədə saxlamaqdan ibarət idi. Nəticədə devalvasiya baş verənə kimi son bir ildə (avqust, 2014 – avqust, 2015) yuanın dollara nəzərən qiyməti cəmi 0,01% dəyişib. Bu siyasətin Azərbaycan Mərkəzi Bankının siyasəti ilə oxşarlığı göz qabağındadır. Və ağıla belə bir fikir gəlir ki, Çinin davranışı yuxarıda qeyd olunan faktor və səbəblərdən çox, dolların möhkəmlənməsinə reaksiyadır. Azərbaycan Mərkəzi Bankının devalvasiyaya əl atmasında gizli motivlərin olduğu barədə nə deyilirsə, deyilsin, makroiqtisadi nöqteyi-nəzərdən bu addımı kursunu real vəziyyətə uyğunlaşdırmaq tələbi diktə edirdi. Bu addımın düzgün olub-olmaması sual olaraq qalır. Yəni, kursu uzun müddət stabil saxlayıb, sonra qəfildən qaldırmaq nə dərəcədə düzgün idi sualı ritorik sualdır. Lakin fakt faktlığında qalır, Çin Azərbaycanın bir neçə ay əvvəl atdığı addımı təkrarladı. Və devalvasiyanın əsasında duran makroiqtisadi amil də eyni idi – hər iki dövlətin iqtisadiyyatı ixracat üzərində qurulub. Sadəcə Azərbaycan yalnız neft ixrac edir, Çin isə hər şey. Lakin yuan – manat deyil, yuanın dünya iqtisadiyyatında rolu çox böyükdür, Çin iqtisadiyyatı isə alıcılıq qabiliyyətinə paritetdə dünyanın ən böyük iqtisadiyyatıdır. Deməli, devalvasiyanın səbəindən çox nəticələri daha mühüm xarakter kəsb edir.

 

Nəticələri dəyərləndirən zaman devalvasiyadan sonra dünyanın fond birjalarında başlayan güclü çaxnaşmaya xüsusi diqqət ayırmağa dəyməz. Bu, yalnız bazarın dünya iqtisadiyyatında baş verən istənilən mühüm hadisəyə reaksiyasıdır. Həm də bazarlar devalvasiyanı Çin iqtisadiyyatında problemlərin olması göstəricisi kimi dəyərləndirdilər, amma hansı ölkənin iqtisadiyyatında problem yoxdur? Məsələn, ABŞ iqtisadiyyatında çoxlu sayda problem var, Avrozona iqtisadiyyatı başdan-ayağa problemdən ibarətdir, lakin bazarlar bu problemlərə belə sərt reaksiya vermirlər. Buna görə də devalvasiyadan sonra fond bazarlarında indekslərin aşağı düşməsinin obyektiv xarakter daşıdığı sual altındadır, bu daha çox psixoloji reaksiyaya bənzəyir. Digər tərəfdən özümüzdə cəsarət taparaq iddia edə bilərik ki, yuanın 2 faizlik devalvasiyası öz-özlüyündə dünya iqtisadiyyatına ciddi təsir edə bilməz. Daha vacib olan başqa şeydir. 

 

Unutmaq olmaz ki, əgər Çin Xalq Bankı kursu vəd etdiyi kimi öz hədəf və məqsədlərinə uyğun deyil, valyuta birjalarındakı son seansların nəticələrinə görə müəyyənləşdirsə, o zaman dünya iqtisadiyyatında vəziyyət kökündən dəyişər. Daha doğrusu yuanın stabil kursuna vərdiş etmiş ölkələr və sərmayədarlar sabahkı kursun taleyinə bel bağlaya bilməzlər. Prinsipcə, indiki siyasət daha yaxşıdır, çünki artıq yuanın kursu iqtisadi qanunauyğunluqlar və texniki analiz sayəsində müəyyən olunacaq. Valyuta nöqteyi-nəzərindən bu, belədir, bəs makroiqtisadi baxımdan?

 

Makroiqtisadi nöqteyi-nəzərdən dünyanın bir və iki nömrəli iqtisadiyyatları – ABŞ və Çin arasında iqtisadi müharibənin yeni mərhələsi başlayır. Həm də əsas faiz dərəcələri və bank sistemi üçün bəzi yüngülləşmələr iqtisadi dildə pul-kredit siyasətinin yumşaldılması adlandırılır. Əgər Çinin böyük mərkəzləşdirilmiş ehtiyatlarını diqqətə alsaq, bu o deməkdir ki, Çin kapitalının yeni maliyyə ekspansiyası başlaya bilər. Proses yuanın dəyərdən düşməsi və buna uyğun olaraq ixracatdan yuanla gələn gəlirlərin artması fonunda baş verərsə, kapital axını heç bir makroiqtisadi təhlükə kəsb etməyəcək. ABŞ da buna öz cavabını hazırlayır: deyilənlərə görə Federal Rezerv Sistemi (FED) son 9 ildə ilk dəfə olaraq əsas faiz dərəcələrinə yenidən baxmağa hazırlaşır. Buna nə ehtiyac var? Bax, bu, hərbi əməliyyat elementlərindən başqa bir şey deyil. Yəni, iqtisadi müharibə artıq başlayıb. Sual belədir: Müharibənin başlaması pisdirmi? ABŞ-la Çin arasında sərt qarşıdurmanı müşahidə edən çoxları, hətta analitiklərin əksəriyyəti  hesab edir ki, bu qarşıdurma qlobal iqtisadi artım üçün təhlükə törədir. Qulağa xoş gələn sözlərdir, lakin bu müharibə daha kiçik miqyasda nə anlama gəlir? Suala cavab vermək üçün iqtisadi artımın nə olduğunu aydınlaşdırmaq lazımdır. Primitiv şəkildə desək, bu, ümumi daxili məhsulun pulla ifadəsidir. Burada əsas söz “PULLA İFADƏ”dir. Yəni, ÜDM təkcə istehsaldan deyil, həm də qiymətlərdən asılıdır. İstehsal yüksək ola bilər, lakin qiymətlər düşərsə, iqtisadi artım olmayacaq. Yalnız onu qeyd etmək istəyirəm ki, qlobal iqtisadi artımın aşağı düşməsinin səbəbi təkcə iqtisadi problemlər olmaya bilər. Artım ümumi deflasiya səbəbindən də aşağı düşər. Deflasiya isə ABŞ-la Çin arasında bir neçə həftə əvvəl başlamış iqtisadi müharibənin nəticəsi kimi meydana çıxa bilər. İqtisadi müharibələr geniş miqyasda rəqabətli mübarizə deməkdir, bu mübarizənin nəticəsi isə ya dempinqdir, ya da kamilləşmə. Sonuncu yalnız perspektivdə effekt verə bilər, dempinq isə miqyasından asılı olaraq gəlirlərin, maaşların, Ümumi Daxili Məhsulun azalması deməkdir. Çin əl atdığı devalvasiyası ilə şərti iqtisadi artım naminə qiymətlərin artırılmasına qarşı olduğuna işarə vurdu. Çünki bu proses Çin mallarının dünyada rəqabətə davamlılığını zəiflədirdi. Pekin ixracatçıları dəstəkləmək, onların qiymətləri artırmasına yol verməmək üçün devalvasiyaya üstünlük verdi. Əmin ola bilərsiniz ki, ABŞ da öz gedişini edəcək. Bu o deməkdir ki, qlobal iqtisadi artımın aşağı düşməsi baş verərsə, bu proses hansısa dempinq və daxili istehsalı stimullaşdırmaq fonunda gerçəkləşəcək. Çətin ki bu prosesdə pis bir şey olsun. Eyni zamanda Çinin də köməyilə atılacaq addımlar sayəsində dünya iqtisadiyyatında ikiqütblülük güclənəcək. Bu amil də digər dövlətlərin xeyrinədir. Məsələn, ABŞ son illər yürütdüyü anlaşılmaz iqtisadi siyasət ona gətirib çıxardı ki, inkişaf etməkdə olan iri iqtisadiyyatlar  - həm də təkcə enerji daşıyıcıları ixrac edən ölkələr deyil – inanılmaq artım və istehsal tempi nümayiş etdirdilər. Və nəzərə alsaq ki, makroiqtisadi qanunauyğunluqlar fonunda milli valyutanın dollar və yuana nisbətdə zəifləməsinin müəyyən həddi var, o zaman xarici ölkələrdə valyutaların qiymətində ciddi dəyişiklik, və deməli, xarici malların qiymətinin oynaması müşahidə olunmayacaq. 

 

Təbii ki, bütün bunlar mübarizənin dürüst metodlarına riayət olunduğu halda mümkündür. Lakin iqtisadi müharibə siyasi qarşıdurma ilə əvəzlənsə, nəticələr acınacaqlı ola bilər. O zaman heç bir müsbət effekt barədə danışmağa dəyməz, əksinə dünyada gedən proseslərdən kiçik iqtisadiyyatlar daha çox zərər görəcəklər. Məsələn, dünya iqtisadiyyatında qeyri-stabillik səbəbilə ABŞ və Çində istehsal prosesi aşağı düşə, valyutaların qiyməti oynaya, enerji daşıyıcılarının qiyməti ucuzlaşa, neft ixrac edən ölkələr çətin vəziyyətə düşə bilər. Bu, yalnız bir misaldır.

 

Lakin üçüncü variant da mümkündür. Bəlkə Çinin addımları heç də iqtisadi müharibəyə başlamaq cəhdi deyil, əvəzində

 

  1. dolların möhkəmlənməsinə adi reaksiya və öz ixracatını dəstəkləmək üsuludur…
  2. kursun müəyyənləşməsini bazaar mexanizmlərinə uyğunlaşdırmaq prosesidir…
  3. yuanı dollar, avro, funt və ienlə birlikdə ehtiyat valyutalar siyahısına daxil etmək üçün Beynəlxalq Valyuta Fondunu inandırmaq cəhdidir?

 

Xatırladaq ki, Beynəlxalq Valyuta Fondunun ehtiyat valyuta səbətinin strukturu 5 ildə bir yenilənir və yeni səbət 2016-cı il yanvarın 1-də müəyyənləşəcək. Noyabrda yeni səbətin müəyyənləşməsi və yuanın bu səbətə daxil edilməsi məsələsinin müzakirəsi gözlənilir. Bu nöqteyi-nəzərdən Çin Xalq Bankının addımı bəlkə də kiminsə xoşuna gəlməyə bilər, amma bu,  kursun bazar vasitəsilə müəyyənləşməsi istiqamətində addımdır və Beynəlxalq Valyuta Fondunun tələbləri baxımından devalvasiyaya haqq qazandırıla bilər. Bu siyasətin davam etdirilməsi faktiki olaraq BVF-ə bəhanə yeri qoymayacaq. Əgər yuan ehtiyat valyuta səbətinə daxil edilsə, iş bitmiş sayılır və o zaman narahatlığa heç bir əsas qalmayacaq...

 

Vahab Rzayev

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tehranda azerbaycan respublika gunune hesr olunmus resmi qebul teskil edilib
    Tehranda Azərbaycan Respublika Gününə həsr olunmuş rəsmi qəb...
  • cocuq mercanlida tank eleyhine mina ve qumbara askarlanib
    Cocuq Mərcanlıda tank əleyhinə mina və qumbara aşkarlanıb...
cocuq mercanlida tank eleyhine mina ve qumbara askarlanib cocuq mercanlida tank eleyhine mina ve qumbara askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 24 May, 2017

USD
1.7023
 
EUR
1.9152
 
RR
0.0301
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ